Bu da nümunəvi avtobus sürücüsü – 14 ildə nələr dəyişib? – FOTO

Yazarlar 23 Dekabr 2018 02:02 Oxunub 5696
Bu da nümunəvi avtobus sürücüsü – 14 ildə nələr dəyişib? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Famil Həmzəyev sürücü kimi bir çox avtobus modellərini idarə edib

“Xaliq Faiqoğlu” MMC 15 illik fəaliyyəti dövründə peşəkar sürücü bazası formalaşdırıb. “Bizim nümunəvi sürücü” rubrikasında nümunəvi fəaliyyəti ilə sərnişilərin hörmətini qazanmış sürücülərimizdən bəhs edirik və onları sizlərlə yaxından tanış edirik. Budəfəki qonağımız sürücü kimi yalnız hazırki 85 saylı marşrut xəttində fəaliyyət göstərmiş və işini davam etdirən Famil Həmzəyevdir. Avtosfer.az xəbər verir ki, 1976-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olan Famil Həmzəyev 12 yaşından Bakıda yaşayır: “Tale elə gətirdi ki, 1988-ci ildə məlum hadisələr baş verdi, öz doğma el-obalarımızdan qaçqın düşdük və artıq 30 ildir ki, Bakıda yaşayıram. 1993-cü ildə burda orta məktəbi bitirdim, Dəniz-Balıq Texnikomunun gömrük ekspertizası ixtisası üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə çalışdım. 2004-cü ilin iyun ayından isə şəxsi olaraq “Mercedes” markalı mikroavtobus alaraq hazırda 85, o vaxt 63 saylı avtobus xəttində çalışmağa başladım.
Famil Həmzəyev bildirir ki, marşrut avtobusu sahəsinə qonşusunun məsləhəti ilə gəlib: “O, 63 saylı xətdə sürücü işləyirdi, məsləhət gördü ki, şəxsi avtobusu xəttə salıb işlətmək olar. Beləcə bu sahədə özümü sınamaq qərarına gəldim. Bir neçə il öz şəxsi avtobusumu sürəndən sonra fərdi adamlara məxsus olan avtobuslar xətlərdən kənarlaşdırıldı. Həmin vaxt xəttin nömrəsi də dəyişdirilərək 85 oldu. Mən burada yeni gətirilmiş avtobuslardan birində sürücü kimi işimi davam etdirdim. Ondan sonra isə xəttin istismarı “Xaliq Faiqoğlu” şirkətinə həvalə edildi və beləcə 85 saylı xətdə sürücülük işimi davam etdirdim. Yəni sürücü kimi işlədiyim 14 il yarımın hamısı məhz bu xətlə bağlıdır”.
42 illik ömrünün 14 ilini avtobus sürücülüyünə həsr etmiş sürücünün sözlərinə görə, son 5-10 ildə şəhər nəqliyyatında bir çox yeniliklər baş verib: “Lakin mənə elə gəlir ki, bir çox insanların sürücüyə qarşı rəftarı o qədər də dəyişməyib. O vaxt necə aqressiv idilərsə, necə hövsələsiz idilərsə, indi də elə davam edir. Doğrudur kart sisteminin tətbiqi, müasir avtobusların gətirilməsi müəyyən qədər sürücü-sərnişin ünsiyyətini azaldıb, amma avtobusu idarə edən şəxsə qarşı aqressiya yenə də qalmaqdadır. Yolların vəziyyətinə gəlincə xeyli irəliləyiş var, indi yollar daha rahatdır, müasirdir. Əvvvəlki dövrlərə baxanda tıxaclar da azalıb. Üstəlik avtobuslar da əvvəlki kimi deyil, daha müasir və rahatdır. Sürücünün idarəetməsi üçün də yaxşı şərait var”.
Nümunəvi sürücümüz deyir ki, avtobus idarə etdiyi müddətdə dəfələrlə maraqlı, qeyri-adi hadisələrlə üzləşib. Xüsusi ilə də bəzi sərnişinlərin gözlənilməz hərəkətləri, avtobusda baş verən insidentlər yaddaqalan olur: “Dəfələrlə olub ki, avtobusdan cibgirləri düşürtmüşəm. Bir dəfə də cibgir qadının çantasından pulqabını çəkəndə avtobusun salon güzgüsündən təsadüfən gördüm. Həmin anda cibgirlə mənim baxışlarım güzgüdə toqquşdu. Bildi ki, mən onu gördüm, pulqabını qaytarıb çantaya qoydu. Növbəti dayanacaqda həmin cibgir əsəbi şəkildə gəlib yolpulunu avtobusun şitinin üstünə çırpıb, mənə hirsli formada baxa-baxa getdi”.
Famil Həmzəyev sürücü kimi bir çox avtobus modellərini idarə edib. O, hazırda Bakıya yeni gətirilən, rahatlığı və texniki göstəriciləri ilə seçilən müasir “İsuzu Citiport” markalı avtobus sürür: “Şükür, indiyədək hər hansı qəza törətməmişəm. “Mercedes”dən sonra kiçikttumlu “İsuzu” və “Otoyol” markalı avtobuslar sürdüm. Daha sonra mənə yeni “Daewoo”lardan birini idarə etmək tapşırıldı. Hazırda isə “İsuzu Citiport” markalı avtobus sürürəm. Bu avtobuslar görünüşü ilə Bakı şəhərinə əlavə gözəllik gətirir. Avtobusun rahatlığına isə söz ola bilməz, sürücü kimi mən də, sərnişinlər də çox məmnunuq”.
 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh