Mal-qaranı sahibsiz qoyub qəzaya səbəb olanlar cərimələndi – Azərbaycanda

Yazarlar 4 Yanvar 2019 12:52 Oxunub 3087
Mal-qaranı sahibsiz qoyub qəzaya səbəb olanlar cərimələndi – Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvanların qəzaya səbəb olmasına görə məhkəmə 5 min manat təzminat qərarı çıxarıb

Azərbaycanda yol qəzalarının başvermə səbəbləri müxtəlifdir. Onların arasında nəqliyyat vasitəsinin mal-qara ilə toqquşması halları da az deyil. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, son illər mal-qaranın nəzarətsiz buraxılması nəticəsində baş vermiş yol qəzalarının sayı azalsa da, bu kimi hallar yenə də baş verir. Lakin əvvəllər mal-qara sahibləri məsuliyyətdən kənarda qalsalar da, indi buna imkan verilmir. Belə ki, əvvəllər mal-qara sahibi hətta sürücüdən dəymiş ziyanın ödənilməsini tələb edir, bəzən buna nail olurdular. Lakin son illər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alaynın regionlarda kəndlilərlə keçirdiyi görüşlər müsbət nəticələr verir və mal-qaranı nəzarətsiz qoyanların sayı xeyli azalıb. Ancaq bəzən xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kor-təbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur. 
İdarədən bildirilib ki, artıq DYP belə hadisələrin araşdırlmasını geniş şəkildə həyata keçirir və bu cür qəzaların baş verməsinə görə məsuliyyətə cəlb olunan onlarla mal-qara sahibi var: “Son vaxtlar mal-qara sahibləri qəza baş verəndən sonra gizlənməyə üstünlük verirlər. Çünki məsuliyyətə cəlb ediləcəyini bilir və bu səbəbdən heyvanın ona məxsus olduğunu gizlədirlər. Lakin YPX Alayının əməkdaşları, eləcə də nümunəvi kənd sakinləri hadisələrin üstünün açılmasında yaxından iştirak edirlər. Onsuz da, hansısa kəndin ərazisində qəza baş verəndə hər kəs bilir ki, vurlan və ya qəzaya səbəb olan heyvan kimindir. Bu baxımdan, mal-qara sahibi tapmaq elə də çətin olmur. Hətta mal-qarası maşınla vurulan vətəndaş bəzən ortaya çıxıb maddi təzminat tələb edir, ancaq sonradan biləndə ki, qanunla onun özü məsuliyyətə cəlb olunacaq, o zaman qaçıb gizlənirlər. Ancaq son illər yol polisi bu sahəyə nəzarəti gücləndirib və onlarla mal-qara sahibi ilə bağlı material məhkəmələrə göndərilib. Eyni zamanda, mal-qaranın nəzarətsiz buraxılmasına görə qəzaya düşən sürücülər də heyvan sahiblərinə qarşı məhkəmələrdə iddia qaldırıb zərərin ödənilməsini tələb edirlər. Bu, sürücülərin hüququdur”.
DYP-dən onu da bildiriblər ki, hətta elə hallar olub ki, məhkəmələr tərəfindən avtomobillərə dəymiş 5 min manatadək maddi zərərin sürücüyə ödənilməsi ilə bağlı mal-qara sahibləri haqqında qərarlar çıxarılıb. Bu cür qərarlardan sonra artıq mal-qaranı nəzarətsiz buraxanların sayı xeyli azalıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində mal-qaranın yolda nəzarətsiz qoyulmasına, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə və mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh