Bakıda yol nişanları ilə bağlı biabırçı vəziyyət – FOTO-VİDEO

Avtoxəbər 27 Fevral 2015 13:32 Oxunub 4875
Bakıda yol nişanları ilə bağlı biabırçı vəziyyət – FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günəş batareyaları ilə işləyən yol nişanlarını harada və necə gəldi quraşdırırlır

Bakı şəhərində son vaxtlar Günəş batareyalı yol nişanlarının sayı sürətlə artmaqdadır. Biz də Avtosfer.az saytı olaraq yol hərəkətinin tənzimlənməsində müasir texnologiyaların geniş tətbiqinə sevinirik. Lakin əvvəllər də bu məsələyə toxunaraq qeyd etmişdik ki, ölkəmizin yollarında minlərlə nişanın çatışmadığı bir şəraitdə belə bahalı nişanların küçələrə qoyulmasının səmərəliliyi mübahisəlidir. Yəqin ki, belə nişanın birinə xərclənən pulla 8-10 adi nişan almaq olar və bu yolla nişan problemini əhəmiyyətli dərəcədə həll etmək mümkündür. Amma gəlin görək bu nişanlar necə tətbiq olunur?

Bu gün saytımızın əməkdaşları Zərdabi prospektinin Qələbə meydanına yaxın hissəsində Günəş batareyalı nişanları nəzərdən keçiriblər. Aşkar etdiyimiz məqamlar sadəcə biabırçılıqdır. Həmin yerdə təxminən 100 metr məsafədə iki piyada keçidi var. Bu keçidlərin hər birinə düz 4 ədəd 5.16.1 və 5.16.2 “Piyada keçidi” nişanı tətbiq edilib. Bundan əlavə, Qələbə meydanında bir ədəd 4.1.2 “Sağa hərəkət” nişanı da qoyulub.

Bundan başqa, həmin nişanların hamısının “Yol hərəkəti haqqında” qanunla müəyyən olunan rəng tərtibatına dair tələblər pozulub. 4.1.2 nişanının isə həm də həndəsi formasına dair tələb pozulub. Daha sonra o nişanlardan heç biri qanunvericiliklə müəyyən olunan qaydada öz yerinə qoyulmayıb. Məsələn, piyada keçidini bildirən nişanlardan biri keçiddən düz 9 metr, digəri 5 metr, yerdə qalanları isə təxminən 1-2 metr aralıda qoyulub. Amma qanunvericiliyin tələbinə görə, nişanlar piyada keçidinin (zebr kimi tanıdığımız xətlərin) bilavasitə kənarına qoyulmalıdır ki, məsələn, qar yağdıqda, yaxud keçid xətləri silindikdə də keçidin yeri dəqiq bilinsin. Ayırıcı zolaqda isə bir-biri ilə yanaşı iki ədəd nişan qoyulub ki, sanki bu nişanları qoymaq üçün başqa yer yox imiş. Əslində isə bu ölçülərə malik ayırıcı zolaq üzərində həmin nişanların qoyulması, ümumiyyətlə yolverilməzdir. Batareyalı 4.1.2 nişanı isə dönmə yerinin qarşısında yox, dönmə yerindən sonra qoyulub.

Həmin yerdə adi qaydada hazırlanmış 2.4 “Yol verin” nişanı da var. Həmin nişan piyada keçidini bildirən nişandan təxminən 4-5 metr sonra, özü də piyada keçidindən də sonra qoyulub. Amma qanunvericiliyə əsasən, yolayrıcındakı piyada keçidi yol ayırıcının tərkib hissəsidir. Ona görə də 5.16.2 nişanı və 2.4 nişanı bir dirəkdə və piyada keçidindən qabaqda qoyulmalı idi.

Yazıya əlavə etdiyimiz şəkillərdə və videoda göstərdiyimiz bütün nöqsanlar aydınca görünür. Amma nişanlarla bağlı vəziyyətin belə bərbad olması xeyli suallar doğurur. Axı nişan kol-kos deyil ki, hara gəldi əkəsən. Nişan yol hərəkətini tənzimləyən texniki vasitədir, onun konkret hüquqi təyinatı, mənası, tələbi və tətbiqi şərtləri var. Həmin suallara əlaqədar qurumlardan cavab almağa etdiyimiz cəhdlər nəticə vermədiyindən sualları da burada bir daha qeyd etmək istəyirik. Bakı şəhərində küçə və prospektləri öz balansında saxlayan Bakı şəhər İcra Hakimiyyətinə və “Azəryolservis” ASC-yə və Bakı şəhərində hərəkət təhlükəsizliyinə cavabdeh olan Dövlət Yol Polisi İdarəsinə suallarımız aşağıdakılardır:

1. Bakı şəhərinin küçə və prospektlərinə Günəş batareyalı nişanları kim və hansı qərar əsasında quraşdırır?

2. Bu nişanların bir ədədi neçəyə başa gəlir?

3. Şəhərimizin küçələrində minlərlə yol nişanının çatışmadığı bir şəraitdə, habelə son vaxtlar hiss olunan maliyyə-iqtisadi çətinliklər fonunda belə bahalı nişanların hara gəldi qoyulması hansı zərurətdən irəli gəlir və nə dərəcədə səmərəlidir?

4. Bu nişanlar nəyə görə “Yol hərəkəti haqqında” qanunla müəyyən olunmuş forma və rəng tərtibatına uyğun deyil?

5. Bu nişanlar nəyə görə qanunvericilikdə nəzərdə tutulan texniki şərt və tələblər pozulmaqla qoyulur?

Düşünürük ki, suallarımıza aydınlıq gətiriləcək. Eyni zamanda müşahidə etdiyimiz bərbad mənzərə də düzəldiləcək.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

mecid 10 Noyabr 2014 22:55
siz demək istəyirsiniz ki xaricilər bu pozuntunu görə bilər ancaq o pozuntu sayilmır əsil pozuntu azad fikirli insanları sərləyib tutdurmaqdır