Avtomobil təmiri 50 faiz bahalaşdı

Avtoxəbər 2 Mart 2015 17:34 Oxunub 2126
Avtomobil təmiri 50 faiz bahalaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkcə 650 manatlıq faralar indi 780 manata satılır

Manatın ucuzlaşması avtomobillərin qiymətləri ilə yanaşı, onların ehtiyat hissələrinin və təmir xərclərinin artmasına da təsir göstərib. Sığorta şirkətlərindən fins.az-a vrilən məlumata görə, bəzi rəsmi avtomobil dillerləri artıq avtomobilləri yeni qiymətlərlə təmir edirlər. Bəziləri isə hələlik gözləmə mövqeyindədirlər.

Sığorta şirkətlərindən bildirilib ki, avtomobillərin ehtiyat hissələri 25 -50% arasında,  təmirlə bağlı usta xərcləri isə 20-50 % arasında bahalaşıb. «KİA» avtomobillərinin ehtiyat hissələri 25% bahalaşsa da, təmir xərcləri dəyişməyib. “Volsvagen”, “Audi” və “Seat” avtomobillərinin ehtiyat hissələri 30 %, “Hyundai”ların ehtiyat hissələri  40 %, təmir xərcləri isə 20 %  qalxıb. Ən böyük bahalaşma isə Toyota avtomobillərində müşahidə olunur.  Belə ki, bu “Toyota”, “Lexus” və “BYD” avtomobillərinin həm ehtiyat hissələri, həm də təmir xərcləri 50 % bahalaşıb. “Nissan”, “İnfiniti”, “Changan”, “Mazda”, “Mitsubishi” avtomobillərinin  təmir xərcləri isə hələlik dəyişməyib.

 

“Mart ayında avtomobil sığortasının zərərliliyi artacaq”

 

Sığorta şirkətləri bu prosesi narahatlıqla izləyirlər. Sığorta şirkətindən fins.az-a bildirilib ki,  «KİA Cerato» avtomobilinin faraları əvvəl  650 manata olduğu halda,  indi bu qiymət 780 manatdır: «380 manatlıq ön şüşə indi 412 manata satılır. Ön bufer 288 manatdan  350 manata kimi,  qapı isə 330 manatdan 412 manata kimi balaşıb». Şirkətdən verilən məlumata görə, yeni qiymətlər  indiki təmir xərclərinə təsir göstərməsə də, mart ayında  avtomobil sığortasında zərərliliyi artıracaq.

 

“Əvvəlki 1000 manatlıq təmir xərci, indi 1380 manat olacaq”

 

Başqa bir sığorta şirkəti yalnız “Hyundai” avtomobillərinin ehtiyat hissələrinin 20-25 % arasında bahalaşdığını bildirib: “Təmirə yeni model avtomobil göndərilmədiyinə görə, hələlik yeni qiymətlərlə bağlı  məlumatımız yoxdur. Ancaq ola bilsin ki, rəsmi dillerlərin ehtiyat hissələri hələlik bol olduğundan qiymət artımı çox müşahidə olunmur.  Yeni gətiriləcək ehtiyat hissələrində isə təbii olaraq bahalaşma olacaq”.

Gözlənilən qiymət artımı 35-40 % arasındadır. Məsələn, əgər bir avtomobilin 700 manatlıq ehtiyat hissəsi və 300 manatlıq usta xərci  nəzərə alınmaqla təmiri  əvvəl 1000 manata başa gəlirdisə, indi  bu rəqəm 1380 manata yüksələcək.  Şirkətdən o  da bildirilib ki, avtomobillərin ehtiyat hissələrinin yeni qiymətləri  10 günə yaxın müddətdən sonra daha da dəqiqləşəcək.

 

“Bahalaşma tədricən olacaq”

 

Sığorta şirkətindən bildilirib ki, avtomobillərin ehtiyat hissələrində qiymət artımı tədricən olacaq: “Hələlik  ehtiyat hissələrinin artımı ilə bağlı  rəsmi dillerlərdən  məlumat daxil olmayıb”.

Başqa bir sığorta şirkətindən verilən məlumata görə isə hələlik qiymət artımı olmasa da, avtomobillərin təmir xərclərinin orta hesabla  30 %-ə yaxın bahalaşacağı gözlənilir.

 

Çıxış yolu - yeni sığorta məhsulları və sərt nəzarətdir

 

Avtomobillərin, onların ehtiyat hissələrinin və təmir xərclərinin artması fonunda sığorta haqları da artacaq. Bu isə avtomobil sığortasına müştəri marağını azaltmaqla yanaşı, bu sığorta növündə zərərliliyi də artıracaq.

Sığorta şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov məsələ ilə bağlı 3 çıxış yolunun olduğunu bildirib. O. Məmmədov hesab edir ki, ilk öncə sığorta yığımlarının artması üçün əhalinin sığortaya marağı artırılmalıdır: «Məsələn, xarici ölkələrdə sığorta zərərliliyi 70-80 faiz olsa da, sığorta şirkətləri bundan xeyli gəlir əldə edirlər. 1 milyard sığorta yığımı olan şirkətinin 10 %-lik qazancı ilə, 100 milyon sığorta yığımı olan şirkətin qazancı arasında xeyli fərq var. Sığorta yığımları çox olanda zərərliliyinin yüksək olması baxmayaraq gəlirlər də artır».

Orxan Məmmədov hesab edir ki, paralel olaraq sığorta qanunvericiliyinin işləmə mexanizmi də təkmilləşməlidir. Məsələn, ölkə üzrə bütün yaşayış evləri icbari sığortalanmalı olduğu halda, hazırda bu rəqəm cəmi 10 %-dir. Bundan əlavə sığorta agentlərinin işinə nəzarət gücləndirilməlidir: «Saxtakarlıq edərək müştəriləri aldadan sığorta agentləri əhalinin sığortaya marağına da mənfi təsir göstərirlər. Bununla bağlı güclü nəzarət tədbirləri olmalıdır».

Agentlərinin fəaliyyətinə diqqətlə yanaşmayan sığorta şirkətlərinə sanksiya tətbiq ediməlidir. Eyni zamanda fırıldaqçı agentlərə qarşı da lazımı tədbirlər görülməlidir. Məsələnin sığorta şirkətlərinə aid olan bir tərəfi də yeni məhsul istehsalıdır. Zərərliyinin azaldılması üçün sığorta bazarına rəqabətə davamlı yeni məhsullar buraxılmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh