Müştərilər “Atəşgah Sığorta”dan niyə narazıdır?

Avtoxəbər 31 Yanvar 2019 10:37 Oxunub 1149
Müştərilər “Atəşgah Sığorta”dan niyə narazıdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Şirkət müştəri məmnuniyyətini deyil, öz mənfəətini düşünür”

Azərbaycanda vətəndaşların ən çox narazı olduqları sığorta şirkətlərindən biri "Atəşgah Sığorta”dır. Sfera.az-ın məlumatına görə, bunu adı çəkilən şirkətdən narazı olanlardan biri,  tanınmış jurnalist Seymur Teymurov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda sığorta sahəsində acınacaqlı vəziyyət hökm sürür. Heç kim sığortanın onun xeyrinə qərar verəcəyini gözləmir. Sığorta şirkətləri isə icbari sığortadan pul qazanırlar.
 
Seymur Teymurov bugünlərdə başına gələn hadisə barədə Facebook-da paylaşım edib.

"Bir müddət əvvəl məhəllədə saxladığım avtomobilimə qonşu öz maşını ilə zərər vurub. Dövlət Yol Polisi əməkdaşlarını dəvət etdik. Onlar da gəlib akt tərtib etdilər. Sonra "Atəşgah Sığorta” şirkətinin əməkdaşı gəlib hadisəni qeydə aldı.
Daha sonra biz sənədləri Dövlət Yol Polisindən götürüb adı çəkilən sığorta şirkətinə apardıq. Sənədləri qəbul edib dedilər ki, gedin, sizinlə əlaqə saxlayacağıq, daha sonra siz servisə qiymətləndirməyə göndəriləcəksiniz. Bunun üçün gözləmək istəmədiyimizi, ünvanı alıb tez getmək istədiyimizi dedik. Uzun sürən israrımızdan sonra bizi bir servisə yönləndirdilər, ora getdik. Sürdüyüm avtomobilin Amerika istehsalı olmasını nəzərə almadılar. Avtomobilin düzəldilməsi və düzgün diaqnozun qoyulması üçün müvafiq təlim keçmiş ixtisaslı ustaların və orjinal ehtiyat hissələrinin olduğu rəsmi servisə yönləndirilməsini təkid etsək də, bizi Babək prospektinidə "No name” servisə göndərdilər. Bu avtomobil təmiri üçün keyfiyyətli və müvafiq imkanlara malik olmayan "servis”də işə münasibət də adına uyğun oldu. Həmin servisdə maşına sadəcə kənardan durub baxdılar, özləri üçün nəsə qeyd apardılar, bunu da "avtomobilə baxış” adlandırıb heç bir ciddi diaqnostika aparmadan, maşının ön hissəsini söküb orada nəyin baş verdiynini müəyyən etmədən dedilər ki, sığorta şirkətinə maşınınızın xərci barədə məlumat verəcəyik. Biz avtomobil dəqiq yoxlanılsın deyə irad bildirdik, bu zaman isə bizə bu barədə sığorta şirkətindən göstəriş verilməli olduğunu bildirdilər. Maşına normal baxış keçirilmədi, bufer əzilmişdi, sökülüb altında başqa detalların əzilib-əzilməməsinə baxılmadı”.

 

Avtomobilə dəyən ziyan dəqiq yoxlanış keçirilmədən hesablanıb

 

Hadisənin sonrakı gedişatı barədə "Sfera.az”a danışan Seymur Teymurov deyib ki, 3 gün sonra ona avtomobilə ilkin baxışın keçirildiyi  və 1820 manat məbləğində ziyan dəydiyi barədə zəng gəlib.

"Dedilər ya bu məbləği götürün, ya da avtomabilinizi elə həmin servisdə təmir etdirin. Təsəvvür edin, avtomobil dəqiq yoxlanışdan keçməmiş ona dəyən ziyan hesablanıb. Bu artıq qeyri-peşəkarlığın növbəti göstəricisi idi. Narazı qalmağımın digər səbəbi də yönləndirdikləri servisin mənim maşınımın təmiri üzrə ixtisaslaşmaması idi. Həmin servisdə avtomobilin markasına uyğun müvafiq təlimlər keçmiş mütəxəssis və ustalar yox idi. Məlum məsələdir, hər avtomobilin mütəxəssisi onun markasına uyğun rəsmi dillerlərdə olur və həmin avtomobil də o servisdə təmir olunmalıdır. Şirkət isə bizə hansısa qeyri-ciddi bir servisi təklif edirdi”.
 
Səlahiyyətli şəxslər nədənsə müştəriylə danışmaq istəmirlər
 
Seymur Teymurov bu məsələnin bir həftədir ki, uzandığını, bu müddət ərzində avtomobilsiz qaldığını söyləyib. Bu məsələnin onun bezdirdiyini və tezliklə istənilən yolla maşının təmir olunmasının istədiyini bildirib. Ona görə də şirkətin ona təklif etdiyi məbləğlə razılaşmalı olub:
 
"Mən avtomobilin qeyri-peşəkar diletant ustaların əlinə düşməsini istəmirdim. Ona görə şirkətin verdiyi pulu götürüb üzərinə də öz vəsaitimi qoyub, maşını rəsmi dilerin servisində təmir etdirməyi qərara aldım. "Atəşgah Sığorta”ya zəng etdim, operator xanım bildirdi ki, sizinlə əlaqə saxlanılacaq. Aradan 3 saat keçdi, zəng gəlmədi. İkinci zəngimdə yenə eyni sözü eşitdim. Üçüncü zəngimdə isə operator xanım aidiyyatlı şəxslərin - departamentin işçisi Nicat Ələsgərovun və onun müdiri İlkin Quliyevin mənimlə danışmaq istəmədiyini bildirdi.
Əvvəla müştəri ilə danışmaq şirkətdə çalışan səlahiyyətli şəxslərin borcudur. İkincisi isə mənimlə danışmaq, təklif etdikləri məbləği necə, nə zaman ödəyəcəkləri ilə bağlı məlumat verməli idilər”.
 
"Atəşgah Sığorta” tərəfindən ödəniş hələ də olunmayıb
 
"Təklif olunan məbləği götürmək üçün "Atəşgah sığorta”dan heç kimlə əlaqə qura bilmirəm”, - Seymur Teymurov deyib. 

"Bu artıq adı çəkilən şirkətin xidmət səviyyəsini göstərir. Müştəri operatorun əlində qalır, operatorun da bildiyi ancaq gözlətdiyinə görə üzr istəməkdir. O, şirkətdə qəzalar, şikayətlər, təkliflərlə bağlı müraciətləri hansı departamentə yönləndirməli olduğunu belə bilmir. Bilirsə də, müvafiq səlahiyyətli şəxslər şikayətçini dinləmək istəmirlər deyə, zəngləri cavab verən yoxdur.
 
Bir sözlə, bu şirkət hələ də normal fəaliyyət göstərə bilmir. Departamentlər arasında əlaqə yoxdur, müştəri mənmuniyyəti deyilən şeydən ümumiyyətlə xəbərsizdirlər. İcbari sığortadan anladıqları ancaq sürücülərdən pulların icbari şəkildə yığılmasıdır. Halbuki, iş sadəcə pul yığmaqla bitməməlidir. Şirkət öz xidmətlərini məsuliyyətlə yerinə yetirməli, müştəri məmnuniyyətinə diqqət etməlidir. Bunlar bəsit peşəkarlıq qaydalarıdır.
  
Bu şirkət bizi hələ işin əvvəlində avtomobilə baxış üçün bizi müvafiq servisə deyil, özlərinin müvafiq bildikləri təmirxanaya göndərməklə ciddi xətaya yol vermişdi. Bu da monopoliyanın bir növüdür: bütün müştəriləri özlərinin əməkdaşlıq etdikləri servisə yollayırlar. Axı müştəri avtomobilinə uyğun xidmətin göstərilmədiyini, ixtisaslaşmış mütəxəssislərin olmadığını bilə-bilə niyə o servisdən yararlanmalıdır?”, - deyən Seymur Teymurov fikrini yekunlaşdırıb. 

Sonda isə o bildirib ki, bir vətəndaş kimi haqlarını tələb edəcək və bu hadisəni ciddi ictimai məsələ kimi gündəmə gətirəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Kamran 31 Yanvar 2019 19:56
şəxsən heç kəsə bu şirkətdə avtomobil sığortalamağı məsləhət görmərəm. Çünki qəza törətsəniz və kiminsə avtomobilini əzsəniz həmin adamı bu şirkət o qədər süründürəcək ki, nəhayətdə ən çox bu şirkəti seçdiyiniz üçün siz söyüləcəksiniz.