Avtobuslar qayda pozur, yol polisi minik maşınlarını saxlayır – VİDEO

Avtoreyd 3 Mart 2015 21:09 Oxunub 2402
Avtobuslar qayda pozur, yol polisi minik maşınlarını saxlayır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücülərinə qarşı formal mübarizə heç vaxt nəticə verməyəcək

Bakının ən qələbəlik yerlərindən biri də «20 Yanvar» dairəsi və onun ətrafıdır. Avtosfer.az-ın təqdim etdiyi bu video Şərifzadə küçəsindən «20 Yanvar»a düşən Müzəffər Həsənov küçəsində çəkilib. Göründüyü kimi, avtobuslar yolun hərəkət hissəsini tam tutublar. Hətta 2-3 cərgədə dayanan avtobusların əlindən bəzi sürücülər tələskənlik edib qarşı tərəfə çıxaraq qayda pozmalı olurlar. Çünki onsuz da dayanıb avtobusa nə qədər işarə versən də, yol istəsən də, onlar öz bildiklərini edəcəklər; sərnişinlər düşüb-minməyənə qədər yerlərindən tərpənmirlər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, qabaqda yol polisi əməkdaşı dayanıb və avtobus sürücülərinin bu özbaşınalığını görsə də, heç bir tədbir görmür.

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əslində hər gün bu ərazidə olurlar və avtobusların bu özbaşınalıqlarını da hər gün görürlər. Lakin onların heç bir müdaxiləsi olmadığı üçün avtobus sürücüləri daha da harınlayırlar və hətta yolun həmin istiqamətdə hərəkət zolaqlarını tam bağlayaraq, kefləri istəyəndə qarşı hərəkət zolaqlarına çıxmaqla dayanmağa da cürət edirlər. Nəticədə arxadan gələn bəzi sürücülər qayda pozmağa məcbur olur ki, qarşıdakı yol polisləri də onları saxlayıb cərimə yazırlar. Maraqlıdır, nədən qayda pozuntusunu dərhal görən DYP əməkdaşları bu qayda pozuntusunun səbəbini görmür? Nə üçün o boyda avtobusların törətdiyi xətaya göz yumanlar, minik avtomobillərinin hərəkətini daha dəqiq izləyə bilirlər? Bəlkə, bu avtobuslar gözəgörünməzdir?

Avtosfer.az-ın təqdim etdiyi bu videonu diqqətlə izləmək kifayət edər ki, avtobus sürücüləri ilə bağlı mənzərəni bir daha görək. Bu videodan sonra belə qənaətə gəlmək olar ki, avtobus sürücülərinə qarşı formal mübarizə heç vaxt nəticə verməyəcək.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh