“Yol polisini videoya çəkmək olmaz” söhbətinə SON – Polis nədən çəkinir?
Yazarlar 4 Fevral 2019 15:25 5284 dəfə oxunub
“Yol polisini videoya çəkmək olmaz” söhbətinə SON – Polis nədən çəkinir?
Yol polisi sürücünü haqlı olaraq saxlayıbsa kamera görəndə qaçmamalıdır

Son günlər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyevin yol polisini videoya çəkən sürücülərə müraciəti ilə bağlı qızğın müzakirələr gedir. Yeri gəldi-gəlmədi təniq edən, həmin açıqlamanı oxumadan asıb-kəsənlər çox oldu. Avtosfer.az olaraq bu müzakirələrə son qoymaq məqsədi ilə məsələyə bir daha  aydınlıq gətirməyə çalışacağıq. Yeri gəlmişkən bir neçə ay əvvəl də belə bir məsələ ortaya atılmışdı və yenə də bəzi KİV-lərdə qoyulan yalnış başlıqlar və təqdimat sürücülər arasında çaşqınlıq yaratmışdı.
Qayıdaq o məsələyə ki, Baş Dövlət Yol Polis İdarəsinin məlum açıqlamasında sürücülərə yol polisini videoya çəkmək qadağan edilmir. Sadəcə olaraq həmin müraciətdə qeyd olunur ki, bəzi sürücülər videoqeydiyyatçıdan və yaxud da, mobil telefondan istifadə edərək qayda pozduqları halda çəkiliş apararaq bundan yol polisinə təzyiq vasitəsi kimi istifadə edir. Yol polisi də bəzən xidməti vəzifəsini düzgün yerinə yetirmədiyi üçün çəkilişdən qorxaraq cərimə yazmır. Sonradan isə sürücü həmin görüntüləri sosial şəbəkələrdə yayaraq yol polisini ələ salır, onları qanunları, qaydaları bilməməkdə ittiham edir və polisin nüfuzuna xələl gətirirlər. Baş Dövlət Yol Polisi İdarəsi də məhz bunu nəzərə alaraq sürücülərə tövsiyə edib ki, çəkiliş apararkən  polisin fəaliyyətinə mane olmasınlar və bundan təzyiq vasitəsi kimi istifadə etməsinlər. Eyni zamanda, belə görüntüləri sosial şəbəkələrdə yayıb polisin nüfuzuna xələl gətirməsinlər.
Ümumiyyətlə isə çəkiliş aparmaqla polisə tabe olmamaq, sənədləri təqdim etməmək “Yol hərəkəti haqqında” qanunun tələbinin pozulması deməkdi. Sənəd təqdim etməməyin özü çəkiliş olmayanda da tabesizlik sayılır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin  535-ci maddəsinin təsiri yaranır. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü polisin qanuni tələblərini yerinə yetirmədikdə, yəni “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulan  müvafiq sənədləri yol patrul xidməti əməkdaşı özünü təqdim etdikdən sonra ona təqdim etmədikdə bu hərəkət tabesizlik kimi anlaşılır və məsuliyyət yaradır. Söhbət ondan gedir ki, sürücü bu halda yol polisinə tabe olmamaq əməlinə görə məhkəmə qarşısına çıxarılır və onun barəsində yaxşı halda 200 manat cərimə tətbiq olunur, pis halda isə şəxsiyyəti nəzərə alınmaqla inzibati həbs tətbiq olunur. 
Yol polisi də həmin açıqlamada bunu izah etməyə çalışıb. Ancaq görünür, bəziləri bunu düzgün başa düşməyib və belə qəbul ediblər ki, guya yol polisi videoçəkiliş aparılmasını qadağan edir. Lakin çox təəssüflər olsun ki, bəzi adamlar ümumiyyətlə həmin yazını açıb oxumadan polisi tənqid edir, təhqir yağdırır və öz ətraflarında da yalnış fikir formalaşdırırlar ki, guya polis çəkiliş aparılmasını qadağan edib. Tam əminliklə deyirəm ki, belə bir qağa yoxdur, qanunda da nəzərdə tutulmayıb, ümumiyyətlə, yol polisinin “çəkiliş olmaz” deməsi və yaxud, çəkiliş aparılarkən sürücünün telefonunu əlindən alması, videoqeydiyyatçıya əl atması, qoparması, çəkilişi dayandırması  tam qanunsuzdur. Bu sürücünün sərbəst hüquqlarından biridir, heç bir qanun, konstitusiya, məcəllə bunu qadağan etmir. Yalnız polisin fəaliyyətinə mane olduqda belə bir məsuliyyət yarana bilər
 Bu baxımdan düşünürəm ki, bu çaşqınlıq artıq bununla da bitmiş sayılacaq. Sürücülər nizam-intizama, qaydalara əməl edəcək və çəkiliş də qaydalar çərçivəsində aparılacaq. Bəzən xırda məsələləri belə videoçəkiliş aparmaqla ictimailəşdirmək doğru məsələ deyil. Çünki bəzi sürücülər və yaxud  sosial şəbəkə istifadəçiləri müəyyən qanunları, qaydaları bilirlər. Özləri düşdükləri vəziyyətdən çıxırlar. Lakin belə videoları yayarkən bəzi sürücülər bildi-bilmədi həmin videolara baxırlar, oradakı dialoqu əzbərləyir və özləri də müəyyən situasiyalarda bundan istifadə etməyə çalışdıqda çətin vəziyyətə düşürlər. Yəni bu, onların ziyanına işləyir. Ona görə də, düşünürəm ki, bütün sürücülər öz hüquqların öyrəndikləri kimi, öz vəzifələrini də öyrənsələr və buna əməl etsələr, konflikt baş verməyəcək. Ən yaxşı davranış isə nizam-intizamdır. Bunu həm sürücülər, həm də yol polisi nümayiş etdirməlidir. Qaydalar onu deyir ki, yol polisi aşkar formada, yəni vizual şəkildə hər hansı bir qayda pozuntusunu aşkar etdikdən sonra nəqliyyat vasitəsini saxlaya bilər. Hal-əhval tutmaq üçün,  təsadüfən, xoşum gəlmədi deyib sürücüləri saxlamaq düzgün deyil, qanunsuzdur. Bu, sürücülərin vaxtını almaqdır, onları incitməkdir, bunlara yol vermək olmaz. 
“Sənədləri yoxlayırdım”, “maşının konstruksiyasına baxmaq istəyirdim” və digər bu kimi hallarda nəqliyyat vasitəsini yalnız stasionar postlarda saxlamaq olar. Ona görə yol polisləri də öz hüquq və vəzifələrini dəqiq öyrənsələr daha yaxşı olar ki, belə neqativ videolar da ortaya çıxmaz. Mən çox təəssüf edirəm ki, bəzi yol polisi əməkdaşları  bu cür video çəkilişlərdən qorxub çəkinirlər. Çəkiliş aparıldığını görüb hətta qayda pozan sürücüyə belə güzəşt edirlər. Lakin bu, düzgün yanaşma deyil, bu, polisin nüfuzuna zərər gətirir. Düşünürəm ki, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi bununla bağlı ciddi göstəriş verməli və yaxud da həmin əməkdaşlara müxtəlif təlimlər keçirilməlidir. Onlar sürücülərlə hər bir ünsiyyətə hazır olmalıdır. Hətta sürücü peşəkar videokamera çıxarıb çəkiliş aparsa belə yol polisi özünü itirməməli, qanun çərçivəsində öz vəzifələrini icra etməlidir. Hüquqlarından istifadə etməlidir və xəta törətmiş, qayda pozmuş sürücü barəsində inzibati protokol tərtib etməlidir.
Mən demirəm ki, bütün yol polisləri belədir. İçərilərində savadlı, peşəkar yol polisi əməkdaşları var, dəfələrlə biz onların videolarını yaymışıq. Normal şəkildə gəlirlər, özlərini təqdim edirlər, qayda pozuntusunun sübut edib cərimə yazırlar. Heç bir çəkiliş, kamera və videoçəkilişdən də çəkinmirlər. Amma son vaxtlar müşahidə edirəm, görürəm ki, bəzi əməkdaşlar kameranı görən kimi üzünü çevirib  gedir. Bu, biabırçılıqdır, belə şeylərə son qoymaq lazımdır. Yol polisləri istənilən situasiyaya hazır olmalıdır. Üzünü çevirib gedəcəksənsə saxlama. Saxlamısansa sözünü de, pozuntuunu sübut et. Edə bilmirsənsə cəzasız qalmayacaqsan. Ümumiyyətlə, yol polisi xidmətə çıxarkən nəzərə almalıdır ki, bütün avtomobillərdə kamera var. Yəni, işini buna uyğun qurmalıdır. Əks halda biabırçı videolar yayılmaqda davam edəcək.

 

Elməddin Muradlı,
Avtosfer.az saytının baş redaktoru

ŞƏRH YAZ
Ad
E-mail
Şərh