Boş yer görən kimi “dürtülmək” xəstəliyi

Yazarlar 11 Fevral 2019 14:00 Oxunub 1569
Boş yer görən kimi “dürtülmək” xəstəliyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu xəstəlik çox sürücülərə bulaşıb və müalicə etmək də mümkün deyil

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan bir videoda işıqforda dayanan sürücülər əks olunmuşdu. Sürücülər avtomobilləri 3 cərgədə və hər maşının arasında ideal formada məsafə ilə saxlamışdılar ki, adamın lap paxıllığı tuturdu. Elə bil ki, ideal ölçülü meyvəni əl ilə yeşiyə düzmüsən. Yox, bu görüntülər təəssüf ki, Bakıda çəkilməmişdi. Ukraynada idi. Bizdə isə tam əksinədir. İşıqforda dayananda iki avtomobil arasındakı ara məsafəsi az qala mikroskopla görünür. Bununla belə arxadakı sürücü hələ bir “marqat” də edərək “tez ol” işarəsi verir. Maraqlıdır ki, sürücülərin əksəriyyəti tələsir. Amma hara və niyə, bunu bilən yoxdur.

Bir müddət əvvəl dostlarla görüşəcəkdik. Deyim ki, nəsə işimiz də yox idi. Sadəcə oturub çay içib söhbət edəcəkdik. Deyilən vaxtdan cəmi beş dəqiqə keçmişdi. Dostlardan biri zəng elədi ki, “bəs filankəs qəza törədib gəlin ora.” Yaxınlaşanda gördük ki, dostumuz tələsdiyindən qarşı yola çıxıb və qəza baş verib. Soruşanda ki, qardaş, niyə tələsirdin, xəstəxanaya çatacaqdın? Cavab verir ki, vərdiş etmişəm. Bəli, bizdə sürücülərin əksəriyyəti nə evində xəstəsi olduğu üçün, nə hansısa vacib işinə görə deyil, sadəcə vərdiş etdiyi üçün tələsir.

Gələk ara məsafəsinə. Bu isə tələsməyə vərdiş edənlərin əsas və ikinci vərdişidir. Yəni peşman olarsan ki, qarşındakı avtomobillə yarım maşlıq ara məsafəsi saxlayasan. O dəqiqə “evdə xəstəsi olan” biri özünü ora dürtəcək. Bəli, eləcə dürtüləcək. Çünki bunun başqa adı yoxdur. Sağdan və yaxud soldan olmasından asılı olmayaraq iki maşının arasındakı balaca yerə girmək dürtülməkdir. Təəssüf ki, bu xəstəlik çox sürücülərə bulaşıb və müalicə etmək də mümkün deyil. Çünki bunu şəxsin özü öz təfəkküründə müalicə etməlidir. Amma nə fayda ki, ya “əcəb eləmişəm”, ya da “qaqaş, bağşla tələsirəm” prinsipi ilə özlərini ovudurlar. Qəza baş verəndə isə bu dürtülənlərin halını görmə. “Brat, arxadan vurmusan, günah səndədir, ara məsafəsi saxla da” sözləri ilə yol polisinin yanında yaxasını cırır. Amma videoreqistratoru görəndə isə yenə “xəstəsi” yadına düşür.

P.S. Bu adamların özləri xəstədir. Həmişə də elə özlərinin yanına tələsirlər. Bir dəfə isə Əzrayıl onları tələsməyə qoymayacaq.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh