Xarici nömrəli "TIR" sürücüləri qayda pozanda cərimələnirmi? - Bəzən cəzasız qalırlar

Yazarlar 13 Fevral 2019 10:10 Oxunub 3170
Xarici nömrəli "TIR" sürücüləri qayda pozanda cərimələnirmi? - Bəzən cəzasız qalırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Əksər hallarda onlar məsuliyyətdən yayına bilirlər"

Avtomobil yollarında ən çox təhlükə mənbəyi "TIR"lar hesab olunur. Səbəb isə sadədir. İri qabaritli olması və manevr imkanları. Adətən bu maşınları idarə edənlər beynəlxalq yollara bələd şəxslər olur. Amma qəzalar da qaçılmaz deyil. Çünki günlərlə yol, yuxusuzluq, yorğunluq və stress. Bir çox hallarda bunlar birləşəndə dəhşətli qəzalar baş verir. Azərbaycan yollarında İran, Türkiyə, Rusiya, Gürcüstan nömrəli "TIR"lara rast gəlmək mümkündür. Bəzən isə bu sürücülər qaydaları pozurlar. Səbəb isə sadədir. Onları cərimələmək üçün konkret mexanizm yoxdur.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyir ki, bu sahədə problem mövcuddur. Ekspertin sözlərinə görə, bəzi ölkələrə məxsus yük maşınları Azərbaycanda cərimələnə bilirlər. Çünki bizim kameralar, radarlar onların nömrələrini oxuya bilir. Amma bəzi ölkələr var onların nömrəsini oxuya bilmir. “Məsələn, Gürcüstan və Rusiyaya məxsus olan maşınların nömrələrini radarlar oxuya bilir. Sadəcə olaraq Mərkəzi Məlumat Sisteminə yerləşdirilməsi, bir gün ərzində onun fiksasiya edilməsi, sürücüyə məlumat çatdırılması, cərimənin ödənilmə müddəti və s. məsələlər açıq qalır.

E.Muradlı deyir ki, bəzi ölkələrdə də var bu problem. “Bu hal təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də yaşanır. Məsələn, əcnəbi sürücüsü İran ərazisindən Azərbaycana daxil olur və Rusiya sərhəddindən çıxır. Müxtəlif qaydalar pozsa da bunu ona sübut etmək və bir gün ərzində məsuliyyətə cəlb etmək bir az çətindir. Ola bilsin gələcəkdə Mərkəzi Məlumat Sistemi Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətin və digər aidiyyəti qurumların Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunsun. Bu zaman həmin sürücü ölkədən çıxarkən Gömrük yoxlaması zamanı ondan qayda pozuntusuna görə cərimə tələb oluna bilər. Bu müəyyən qədər effekt verə bilər. Ancaq indiki şəraitdə bir az çətindir. Gün ərzində və yaxud bir gün sonra ölkədən çıxanda heç bir məhdudiyyət tətbiq etmək olmur. Ola bilər müəyyən dövr ərzində ölkədə qalsın bir həftə və ya 10 gün sonra ölkədən çıxanda onun barəsində müəyyən bir addım atmaq olar. Amma bir günlük bu mümkün deyil. Ona görə, TIR sürücüləri bunu yaxşı bilirlər və sui-istifadə edirlər.

Ekspert bildirir ki, onların qayda pozuntuları aşkar olunduqda, elektron qaydada qeydə alındıqda stasionar postlarda onları saxlayırlar, cərimə bildirişləri təqdim olunur və o halda bəzən ödənişlər edirlər və s. Amma əksər hallarda onlar məsuliyyətdən yayına bilirlər.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh