Psixoloqlar: qlobal istiləşmə görünməmiş zorakılığa səbəb olacaq

Gündəm 14 Fevral 2019 22:45 Oxunub 980
Psixoloqlar: qlobal istiləşmə görünməmiş zorakılığa səbəb olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlər ekoloji miqrasiyanın həqiqətən də dağıdıcı təsiri olacağından ehtiyat edirlər

Amerikalı psixoloqlar qlobal istiləşmə prosesinin zorakılıq hallarının artmasına dolayı təsirini araşdırıblar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, onların tədqiqatlarının nəticələri heç də ürəkaçan deyil. Ayova ştatının universitetinin professoru Kreyq Andersonun qənaətinə görə, temperaturun artması insanlarda əsəbilik və düşmənçilik hisslərinin güclənməsinə gətirib çıxaracaq ki, bu da zorakılığın artmasına səbəb olacaq. Bu amillərin arasında elə də bariz əlaqə görünməsə də, iqlim dəyişiklikləri səbəbindən baş verən təbii fəlakətlər, məhsuldarlığın azalması və iqtisadi sabitliyin pozulması bu cür hallara şərait yaradacaq.

Tufan, meşə yanğınları kimi təbii fəlakətlər öz-özlüyündə zorakılığın səviyyəsini artırmır, lakin iqtisadi problemlər, məcburi miqrasiya və çatışmayan ehtiyatlar uğrunda mübarizə cəmiyyətləri daha amansız edir. Əsas problem isə qlobal istiləşmənin uzun müddət davam edəcəyidir. Belə olan halda bütöv nəsillər yoxsulluq, ailələrin dağılması, sağlam qidanın çatışmazlığı və yaşlıların zor tətbiq etmək istəməsi şəraitində yaşayacaqlar. Təbii fəlakətlər, quraqlıq və aclıq artdıqca, onların sosial həyata təsiri daha ciddi olacaq.

Bir çox təbii fəlakətlər uzun illər davam edəcək, yaxud uzunmüddətli təsir göstərəcək ki, bu da böyük insan qruplarının öz vətənlərini tərk etməsinə səbəb olacaq. Həmin ekologiya miqrantları isə resurslara sahib olmaqdan ötrü yerli əhali ilə münaqişə apara bilər. Siyasi iğtişaşlar, talan və müharibələr riski də məhz buradan qaynaqlanır.

Alimlər ekoloji miqrasiyanın həqiqətən də dağıdıcı təsiri olacağından ehtiyat edirlər. Artıq bunu Suriya qaçqınlarının timsalında görmək olar. Onlar yerli xalqları qaçqınları öz rifahı üçün təhdid kimi görməməyə, onlara insani münasibət göstərməyə və ehtiyacı olanlara yardım etməyə çağırırlar.

K.Anderson əlavə edir ki, hələlik bu təhlükənin hər birinin dərəcəsini müəyyən etmək üçün dəqiq məlumat və qiymətləndirmə meyarı yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh