Sürücülərin sükan arxasında siqaret çəkmələrinin səbəbi - Ekspert izah edib

Gündəm 15 Fevral 2019 20:40 Oxunub 742
Sürücülərin sükan arxasında siqaret çəkmələrinin səbəbi - Ekspert izah edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Şirkət ona maaş verib, normal iş rejimi qursa, o zaman bu problemlər həllini tapacaq”

Bakı Nəqliyyat Agentliyi sükan arxasında siqaret çəkən sürücülərlə bağlı daşıyıcılara xəbərdarlıq edib. Belə ki, ictimai nəqliyyatda tütün məmulatlarından istifadə edərkən sərnişinlər tərəfindən fotosunu çəkərək BNA-ya təqdim etdikdən sonra sürücülərə 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Daşıyıcı şirkətlərin rəhbərlərinə bildirilib ki, qaydaları pozan sürücülər aşkar edilərək məsuliyyətə cəlb ediləcək. Və bu kimi xətaların aşkar edilməsində həmçinin, sərnişinlərin təqdim etdikləri məlumatlar da diqqətlə araşdırılacaq.

Bəs belə bir qərarın qəbul edilməsi nə dərəcədə əhəmiyyətlidir?

Avtosfer.Az xəbər verir ki, mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu qərarı müsbət dəyərləndirir: “Təxminən 3 il bundan öncə “İctimai iştirakçılıq haqqında” qanun layihəsi qəbul olunub. Həmin layihədə məhz bu cür neqativ əməllərə qarşı ictimaiyyətin də mübarizə aparması, bu proseslərdə iştirakçılığının təmin olunması haqqında müəyyən müddəalar öz əksini tapıb. Düşünürəm ki, bu aspektdən yanaşanda qeyri-adi nə isə axtarmağa dəyməz. Dünyanın bir çox ölkələrində məhz bu cür davranışlara qarşı ictimaiyyətin dəstəyi həmişə köməyə gəlir. Yəni ictimaiyyətin dəstəyi əhəmiyyət daşıyır”.

 

E. Muradlı qeyd edib ki, Azərbaycanda isə buna başqa cür yanaşanlar var: “Məsələ ilə bağlı - “bu, insanları bir-birinə qarşı satqınlıq etməyə yönləndirir” - kimi fikirlər səsləndirilir. Amma buna ümumi, məntiqli yanaşanda isə bunun nədən irəli gəldiyini düşünmək lazımdır. Hazırda ictimai nəqliyyat vasitələrinin hamısı kameralarla təchiz edilməyib. Kameralar olmadığına görə də bəzi sürücülərin özbaşınalığı davam edir. Kameraları təchiz etmək nə BNA-nın, nə də dövlətin digər strukturlarının işi deyil. Kameraları daşıyıcı şirkətlərin özləri təmin etməlidir. Onların əksəriyyətinin isə buna maddi imkanı çatmır. Hətta, çatsa belə yaxın durmurlar. Çünki o avtobusların özlərinin təmirə ehtiyacı var. Çünki əksəriyyəti istismar müddətini başa vurub, sınıq, tör-töküntü maşınlardır. Yəni o kameraları quraşdırmaqdansa, avtobusu təmir etmək daha faydalı olar. Amma bunların ona imkanı yoxdur, etmək də istəmirlər. Ona görə də nə qədər ki ictimai nəqliyyat ayrı-ayrı şəxslərin əlindədir və hələ də sükan arxasında özbaşına, insan həyatı ilə oynayan sürücülər var onlara qarşı da bu cür mübarizə metodları tətbiq etməlidir. Hər bir vətəndaşın özünün içərisində ictimai qınaq, nəzarət olmalıdır. Əgər olmasa, o zaman başqalarının buna nəzarətinə ehtiyac yaranır. Şəxsən bir valideyn kimi fikirləşirəm ki, mənim övladım avtobusla gedib-gələrkən sürücü maşında siqaret çəkir, amma o uşaq olduğu üçün sürücüyə irad bildirə bilməyəcək. Həmin sürücü ona qarşı nalayiq hərəkətlər, təhqir də edə bilər. Bunu  avtobus sürücülərindən gözləyirəm. Amma uşağım mənə onun vaxtını, saatını desə mən onu cəzalandırmağın yollarını axtarıb tapa bilərəm”.

 

Ekspert əlavə edib ki, məsələnin subyektiv səbəblərinə nəzər saldıqda isə o sürücülərin normal iş rejimi yoxdur: “Hətta, sürücülərin çoxu axırıncı dayanacağa çatdıqda 5 dəqiqə dayanıb istirahət etməyə, çay, su içməyə vaxt tapmırlar. O səbəbdən də çayı da, yeməyi də, elə siqareti də sükan arxasında qəbul edirlər. Problemin kökü bundan qaynaqlanır. Sürücülər normal 8 saatlıq iş rejimində işləsələr, normal interval kimi məsələlər öz əksini tapsa, nə heç kim bir-birini satmayacaq, şəkil çəkməyəcək, nə də məsuliyyətli sürücü sükan arxasında siqaret çəkməyəcək. Burada söhbət məsuliyyətli sürücüdən gedir. Amma bu gün avtobusları idarə edən sürücülərin 60-70 faizi məsuliyyətsizdirlər. Çox az sayda normal avtobus sürücüləri var. Onun təməli əvvəldən belə qoyulduğu üçün bu gün də onu kəsib atmaq mümkün deyil. Bu prosesləri həll etmək üçün ən azı 5-10 il vaxt lazımdır ki, işə yeni sürücülər cəlb olunsun, yaxşı maaş və iş rejimi ilə onlar da özlərini normal insan kimi hiss etsinlər. Səhər 6-dan, axşam 12-yə qədər işləyən sürücü nə vaxt yatmalı, durmalı, nə vaxt yemək yeməlidir? Psixoloji cəhətdən gərgin, sağlam olmayan, sosial baxımdan oxumayıb, təhsili yoxdur, bacardığı sürücülükdürsə onu istismar etmək olmaz. Amma şirkət ona maaş verib, normal iş rejimi qursa, o zaman bu problemlər həllini tapacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh