Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxslərə hökm oxunub

Gündəm 19 Fevral 2019 19:33 Oxunub 599
Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxslərə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Verdiyev 8 il, Y.Hüseynli 7 il, C.Əliyev 8 il, N.Fərəcov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ilin avqustun 19-da naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan N.Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Verdiyev, C.Əliyev, Y.Hüseynli, N. Fərəcov tərəfindən törədildiyi məlum olub.

Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

N.Dostəliyeva dindirilən zaman deyib ki, evindən, ümumilikdə, 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min funt sterlinq oğurlanıb. Xalq artisti istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxslərdən heç bir şikayəti, iddia və tələbinin olmadığını söyləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh