Bakı metrosunda qatarlar radiodalğalarla idarə olunacaq - Baş mühəndis

Yeniliklər 22 Fevral 2019 09:24 Oxunub 1711
Bakı metrosunda qatarlar radiodalğalarla idarə olunacaq - Baş mühəndis
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İdarəetmə daha etibarlı, səmərəli və keyfiyyətli olacaq

“Hazırda metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə “Nərimanov” elektrik deposundan başlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov Trend-ə müsahibəsində bildirib.

O deyib ki, bu, “ox sayğacları” bazasında qurulan bir sistemdir və yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlara ehtiyac qalmayacaq:

“Ən son nəticədə isə qatarlar radiodalğalarla idarə olunacaq. Bu, dünyanın ən mötəbər texnologiyasıdır və MDB ölkələrinin heç birində yoxdur. Başqa sözlə, bu texnologiya regionda ilk dəfə Bakıda tətbiq olunacaq. Bu işi Fransa şirkəti ilə birgə həyata keçiririk. Layihəyə ötən ilin əvvəlində başlamışıq, bu ilin iyul ayında başa çatdıracağıq”.

Baş mühəndisin sözlərinə görə, depo ərazisində sistemin yerləşəcəyi bina xüsusi və ən əsası, unikal nümunəvi layihə əsasında tikilib:

“Sistem depodan metro xətlərinə verilən qatarların hərəkətini idarə edəcək. Ümumən, onun özəlliyi ondan ibarətdir ki, qatarların hansı vaxtda xəttə çıxmalı olduğu, harada olduğu, hansı dayanacaqda dayanmalı olduğu və digər məsələlər bu sistemlə təyin ediləcək. Artıq sistemin kommunikasiya və avadanlıqları quraşdırılıb, hazırda avtoəyləclər, işıqforlar və digər avadanlıqlar quraşdırılır. Bu ilin iyun-iyul aylarında işlər yekunlaşacaq və “Nərimanov” elektrik deposunun işarəvermə, bloklama və qatarların hərəkəti sistemi Avropa və MDB ölkələri sırasında ən qabaqcıl sistemlərdən biri olacaq”.

Ə.Osmanov sözlərinə əlavə edib ki, bu, böyük bir sistemin tərkib hissəsidir, qatarların radiodalğalarla idarə olunması sisteminin (CBTC) tətbiqində ilk addımlardır:

“Bu sistemin Bənövşəyi xətdə bütövlükdə tətbiq edilməsi üzərində iş aparırıq. İndi depodan başlamaqla gələcəkdə həm də Qırmızı və Yaşıl xətlərdə tətbiq etmək üçün ilk addımları atırıq. Bu sistemin sayəsində qatarların dəqiq hərəkətinə nəzarət etməklə yanaşı, tunellərdə olan çoxsaylı mürəkkəb, saxlanması və təmiri böyük xərclər, həmçinin qulluq tələb edən avadanlıqlar azalacaq, idarəetmə daha etibarlı, səmərəli və keyfiyyətli olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh