“Formula 1”: “Niderlandın İdman Şurası ölkə hakimiyyətinə müraciət edib”

Yarışma 7 Mart 2019 23:04 Oxunub 1313
“Formula 1”: “Niderlandın İdman Şurası ölkə hakimiyyətinə müraciət edib”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hökumət yürüşlərin təşkilində və maliyyələşdirilməsində iştirak etmək arzusunda olduqda şirkətin inamı artır”

Formula 1 yarışmasının Hollandiya Qran-Prisinin bərpası, həmçinin Assen və Zandfort şəhərlərindəki tras sahiblərinin yürüşü qəbul etmək hüququ ilə bağlı davam edən mübahisə haqqında artıq xəbər verilib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, ilin əvvəlində Hollandiya hökuməti yürüşü maliyyələşdirməyi planlaşdırmadığını, lakin onun təşkilinə kömək etməyə hazır olduğunu təsdiqləyib. Niderlandın İdman Şurası (NLSportraad) buna cavab olaraq, cari vəziyyətin əks olunduğu açıq məktubu dərc edib.

Şuranın məlumatına görə, martın axırlarında FOM (Formula One Management) şirkəti tərəfindən qoyulan müddət bitir. Bu dövrədək Zandfortdakı trasın sahibləri iri sponsorlar tapmalıdırlar. Yürüşün təşkilatçıları bəyan ediblər ki, maraqlanan şirkətlər var, lakin onların bu layihədə əminlikləri hakimiyyətin subsidiyalar ayırmamaq və dəstəyin digər növləri ilə məhdudlaşmaq qərarı ucbatından azala bilər. “Hökumət yürüşlərin təşkilində və maliyyələşdirilməsində iştirak etmək arzusunda olduqda şirkətin inamı artır. İdman hadisələri dövlətin və özəl biznesin əməkdaşlığı şəraitində inkişaf edir. Bundan başqa, Zandfort trasının sahibləri qeyd ediblər ki, Zandfort və Assen trasları arasında ehtimal olunan rəqabət barədə mətbuatda gedən xəbərlərlə bağlı potensial sponsorların narahatlığı artır”, - deyə “NLSportraad”ın məktubunda qeyd edilir.

Məktubda, həmçinin bildirilir ki, Zandfortdakı avtodromun yenilənməsinə ehtiyac var. Lakin yaxın şəhərlərin və Şimali Hollandiya əyalətlərinin hakimiyyət orqanları bu məsələyə xüsusi dəstək vermir.

Zandfortun rəqibləri – Assendəki trasın sahibləri bəyan ediblər ki, onların layihəsi yürüşün keçirilməsi hüququna yiyələnmək üçün ödəniş etməyə hazır olan əcnəbi investor sayəsində həyata keçə bilər. Bundan başqa, onlar Drente əyalətinin və Assen şəhərinin dəstəyindən istifadə edirlər. “NLSportraad”da qeyd ediblər ki, onlar Formula 1-ə, regiona və ya ümumilikdə holland ictimaiyyətinə hansı layihənin daha uyğun gəlməsi barədə mühakimə yürüdə bilməzlər. Lakin FOM-da bununla bağlı artıq bildiriblər ki, Zandfort Niderlandda Formula 1 yarışlarını qəbul etmək iqtidarında olan yeganə trasdır və Qran-Pri məhz orada keçiriləcək. Əlbəttə ki, bu, avtodrom sahiblərinin qarşıya qoyulan müddətdə hər şeyi hazırlamağa macal tapacağı təqdirdə baş tutacaq. Formula 1 sahibləri öz seçimlərini avtodromun zəngin tarixi, aeroportların və iri şəhərlərin yaxınlıqda yerləşməsi ilə izah ediblər.

Niderlandın İdman Şurası Hollandiya şirkətlərinə sponsor dəstəyi göstərmək xahişi ilə müraciət edib. Həmçinin hökumətə, əyalət və şəhər hakimiyyət orqanlarına bu idman hadisəsinin təşkilini dəstəkləmək və onun xərcinin çıxarılmasına şərait yaratmağa çağırıb. Məktub idman nazirinə, iqtisadiyyat nazirinin müavininə, parlamentə, Şimali Hollandiya əyalətinin və Drentenin, Zandfort və Assen şəhərlərinin hakimiyyət orqanlarına, hər iki trasın sahibinə, həmçinin FOM-a ünvanlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh