Nazirlikdən xəbərdarlıq: Ani ehtiyatsızlıq böyük təhlükəyə səbəb ola bilər - VİDEO
Gündəm 8 Mart 2019 20:45 4958 dəfə oxunub
Nazirlikdən xəbərdarlıq: Ani ehtiyatsızlıq böyük təhlükəyə səbəb ola bilər - VİDEO
Yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır

Ani bir ehtiyatsızlıq ölümə və ya böyük yanğına səbəb ola bilər. Elə bu məqsədlə də Fövqəladə Hallar Nazirliyi bayram günlərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Avtosfer.az-ın məlumatına görə, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib ki, ötən illərin yanğın statistikasının təhlili göstərib ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi, eləcə də çərşənbə axşamlarında pərakəndə halda tonqalların qalanması zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir, nəticədə vətəndaşlara maddi və mənəvi ziyan dəyir. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.

Zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər. Bəzi hallarda isə Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticisində də ciddi yanğınlar baş verə bilər. Çünki məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrdə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər. Bunun üçün də vətəndaşlar ehtiyatlı olmalıdırlar.

Yaşayış olan ərazilərdə, eləcə də yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə avtomobil şinlərinin yandırılması isə qadağandır. Həm evlərdə, həm də bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək tövsiyə olunur.

Bayram şənlikləri zamanı müəssisə və təşkilatlar, təhsil ocaqları, xüsusən də uşaq evləri və internat məktəblərində yanğın təhlükəsizliyi qaydalarına nəzarət daha da gücləndirilməlidir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh