Bu nişanları tanıyın ki, uçurumdan düşməyəsiniz - FOTO
Yol nişanları 12 Mart 2015 12:37 1857 dəfə oxunub
Bu nişanları tanıyın ki, uçurumdan düşməyəsiniz - FOTO
Xəbərdarlıq nişanları-3

Əvvəlki yazılarımda ölkəmizdə tətbiq olunan yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanlarından ilk 18 ədədini izah etmişdim. Bu yazıda xəbərdarlıq nişanlarından növbəti 9 nişanı diqqətinizə çatdırıram. 

1.8 «Svetoforla nizamlama» nişanı hərəkət növbəliliyinin svetoforla tənzimləndiyi yolayrıcına, piyada keçidinə və ya başqa yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Yaşayış məntəqələrindən kənar yollarda bu nişan svetoforla tənzimlənən bütün yolayrıclarını, piyada keçidlərini bildirmək üçün müvafiq svetofora 150-300 metr qalmış tətbiq olunur. Yaşayış məntəqələrində isə bu nişan yalnız iki halda tətbiq olunur: 1)  yaşayış məntəqələrinə daxil olarkən ilk svetoforu bildirmək üçün; 2) yaşayış məntəqəsində istənilən svetoforun görünmə məsafəsi 100 metrdən az olduqda belə svetoforu bildirmək üçün. Hər iki halda 1.8 nişanı svetofordan 50-100 metr qabaqda qoyulur.

1.9 «Ayrılan körpü» nişanı harada yerləşməsindən asılı olmayaraq bütün açılan körpülərə və bərə keçidlərinə yaxınlaşma barədə xəbərdarlıq üçün tətbiq olunur (yaşayış məntəqəsindən kənarda həmin yerə 150-300 metr, yaşayış məntəqəsində 50-100 metr qalmış tətbiq olunmaqla).

1.10 «Sahilboyuna çıxış» nişanı dənizin, gölün, çayın və ya başqa su hövzəsinin sahilinə çıxan yol sahəsi qarşısında, sahilboyunda səddin (hasarın, çəpərin) olub-olmamasından asılı olmayaraq quraşdırılır (yaşayış məntəqəsindən kənarda həmin yerə 150-300 metr, yaşayış məntəqəsində 50-100 metr qalmış qoyulmaqla).

1.11.1, 1.11.2 «Təhlükəli döngə» nişanları əvvəlki yol sahəsindəki sürətlə hərəkətin təhlükəli olduğu nisbətən kiçik radiuslu, habelə görünmənin məhdud olduğu döngələrə yaxınlaşma barədə xəbərdarlıq edir. 1.11.1 nişanı döngənin istiqamətinin sağa, 1.11.2 nişanı isə sola olduğunu göstərir. Bu nişanlar yaşayış məntəqəsindən kənarda döngənin başlanğıcına 150-300 metr, yaşayış məntəqəsində 50-100 metr qalmış tətbiq olunur. 

1.12.1, 1.12.2 «Təhlükəli döngələr» nişanları bir-birinin ardınca gələn iki və daha çox təhlükəli döngənin olduğu təhlükəli yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Ardıcıl gələn təhlükəli döngələrin sayı 3 və daha çox olduqda 1.12.1, 1.12.2 nişanları 7.2.1 «Qüvvədə olma sahəsi» nişanı ilə birgə tətbiq olunmalıdır. 1.12.1 nişanı birinci döngənin istiqamətinin sağa, 1.12.2 isə sola olduğunu göstərir. Bu nişanlar da yaşayış məntəqəsindən kənarda ilk döngənin başlanğıcına 150-300 metr, yaşayış məntəqəsində 50-100 metr qalmış tətbiq olunur.

1.13 «Sərt eniş» və 1.14 «Sərt yoxuş» nişanları hərəkət üçün təhlükəli ola bilən enişin və yoxuşun olması barədə xəbərdarlıq etmək məqsədi ilə tətbiq olunur. Nişan üzərində müvafiq olaraq enişin və ya yoxuşun sərtlik dərəcəsi faizlə göstərilir. Həmin rəqəm üfüqi götürülməklə 100 metrlik məsafədə səviyyə fərqini ifadə edir. Məsələn, 1.14 nişanı üzərində “15%” yazılması o deməkdir ki, həmin yoxuşda şərti olaraq üfüqi planda 100 metr qabağa gedərkən 15 metr hündürə qalxmış olursan.

Eniş və yoxuşlar bir-birinin ardınca gəldikdə 1.13 və 1.14 nişanları müvafiq olaraq bilavasitə enişin və yoxuşun başlanğıcında, özü də 7.1.1 lövhəciyi olmadan qoyulur, çünki belə halda eniş və yoxuş bir-birinin ardınca gəldiyindən qabaqcadan (uyğun olaraq 150-300 və ya 50-100 metr qalmış) həmin nişanların bir-birinin ardınca quraşdırılması sürücüləri çaşdıracaqdır. Lakin tək eniş və ya yoxuş olan yerdə həmin nişanlar başqa xəbərdarlıq nişanları kimi qabaqcadan (yaşayış məntəqəsindən kənarda enişin və ya yoxuşun başlanğıcına 150-300 metr, yaşayış məntəqəsində 50-100 metr qalmış) qurulur.

Qarşısında 1.13 və ya 1.14 nişanını görən sürücü yolun həmin sahəsində xüsusi ehtiyatlılıq göstərməklə yanaşı, sərt eniş və ya yoxuş olan yol sahəsində hərəkətlə bağlı bəzi qaydalara da riayət etməlidir. 

İzahını verdiyim nişanların şəkilləri əlavə olunur.

 

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh