Bəs o "əjdaha" bizdə nə vaxt olacaq? – FOTO

Gündəm 13 Mart 2015 13:51 Oxunub 1732
Bəs o "əjdaha" bizdə nə vaxt olacaq? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Hazırda gündəlikdə olan məsələ dəmir yolunun bərpasıdır»

Yaşadığımız dövrdə dünyanın çox sürətli dəmir yolu şəbəkələri inkişaf edir. Sərnişinlərin bir nöqtədən başqa nöqtəyə daha sürətlə çatdırılmasını təmin edir. Adətən saatda 140 kilometrlə hərəkət edən qatarları sürət qatarları hesab edirlər. Saatda 200-dən çox sürətlə hərəkət edənlər isə yüksək sürətli qatarlar hesab olunur. Azərbaycanda isə nə sürətli, nə də yüksək sürətli qatarlar var. Çünki bunun üçün ilk növbədə müvafq dəmir yolu infrastrukturu yaradılmalıdır. 

Bəs bizdə sürətli qatarlarının olması üçün hansı işlər görülür? Bizə məlum olan yalnız odur ki, dəmir yollarının 2010-2014-cü illərdə inkişafı üzrə dövlət proqramı çərçivəsində Bakı-Böyük Kəsik yolunun 370 kilometrlik hissəsi təmir olunub. Köhnələrinin əvəzində yeni 800 metrlik relslər quraşdırılıb. Həmin marşrutun ümumi uzunluğu (gediş-gəliş) 1000 kilometrdir. Bu istiqamətdə hələ böyük həcmli işlər görülməlidir. Bəs Bakı-Böyük Kəsik yolunun təmiri bizə nəyi vəd edir? Bu yolda sürətli qatarlar gedə bilərmi? 

Təmirdən sonra qatarlar saatda 100 kilometr yol qət edə biləcəklər. Gələcəkdə sürətin 120-140 kilometrə çatdırılması nəzərdə tutulub. Bunun nə zaman baş verəcəyi məlum deyil. 

Bu günlərdə məlumat yayıldı ki, dəmir yolunun 63 kilometrlik hissəsində əsaslı təmir işləri başlayıb. Sumqayıt istiqamətində 1.65 km məsafədə birləşdirici yol inşa edilir. 

Bakı sərnişin vağzalı ilə Sumqayıt arasındakı yol təmir olunduqdan sonra vətəndaşlar mənzil başına 40 dəqiqəyə çata biləcəklər. Hazırda isə Sumqayıtdan Bakıya və əks istiqamətə getmək üçün 1.5-2 saat tələb olunur. Marşrutun sxemi isə belədir: Bakı sərnişin vağzalı - Keşlə stansiyası - Biləcəri stansiyası - Xırdalan stansiyası - Güzdək stansiyası - Sumqayıt əsas stansiyası və Sumqayıt yeni stansiyası. 

Mətbuatda bu məlumat yayıldıqdan sonra çoxlarında ümid yarandı ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətində sürətli qatarlar işə düşəcək. Təəssüflər olsun ki, bu gözlənilmir. Əgər indi Bakı və Sumqayıt arasında hərəkət edən elektrik qatarlarının sürəti 60 km/saatdırsa, yenidənqurmadan sonra sürət həddi 100 km/saata qalxacaq. Bu da ki, sürətli qatarları üçün nümunə deyil.

Bundan başqa, elektrik qatarlarının yenilənməsi məsələsi də sual altındadır. Avtosfer.az day.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə ünvanlanan suallar cavabsız qalıb. Qurumda hələ ki, dəqiq qərar yoxdur. Qurumdan bildiriblər ki, hazırda gündəlikdə olan məsələ dəmir yolunun bərpasıdır. Belə çıxır ki, dəmiryolçuların vaqonları təzələmək kimi fikirləri yoxdur. Sərnişinlər yeni yolda köhnə vaqonlarla gedəcəklər. 

Xatırlamaq yerinə düşər ki, dəmir yolu nəqliyyatı sadə vaqonlardan indiki saatda 300 kilometr yol qət edən super sürətli qatarlara qədər uzun yol keçib. Dünyanın ən sürətli qatarları Yaponiyanın "Sinkansen" (yapon dilində - yeni magistral) dəmir yolu şəbəkəsindədir. Sadə yollarda bu qatarların sürəti saatda 443 kilometrə çatır. Maqnit relslər üzərində isə sürət həddi 581 kilometrə çatır. 

 

Əlimiz ətəyimizdən uzundur... 

 

Biz isə əlimiz ətəyimizdən uzun dayanmışıq. Yüksək dəmir yolu şəbəkəsi olan ölkələrin sayı isə dünyada günü-gündən artır. İtaliya, Böyük Britaniya, Fransa, Belçika, Almaniya, Rusiya, Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələrdə sürətli dəmir yolu şəbəkəsinin sahəsi hər il genişlənir. Rusiyada 2009-cu ildən bəri Moskva-Sankt-Peterburq şəhərləri arasında sürətli "Sapsan" qatarları hərəkət edir. 2010-cu ildə isə Moskva-Nijni Novqorod-Moskva marşrutu üzrə saatda 240 kilometr sürətlə hərəkət edən qatarlar istifadəyə verilib. 

Bir qədər də davam edək. 2013-cü ildə Qazaxıstanda Almatı və Atırau şəhərləri arasında sürətli "Tulpar-Talqo Sarayşıq" qatarı istifadəyə verilib. 27 ədəd vaqonu olan bu qatarda fiziki məhdudiyyətləri olan insanlar üçün də kupelər var. Həmin kupedə duş, sanqovşaq, məxsusi qapılar, bələdçinin çağırılması üçün düymələr, sərnişinlərin rahat minib-düşmələri üçün geniş dəhliz var. Bu il ərzində Astana-Kızıl Orda, Almatı-Aktobe, Astana-Zaşita, Almatı-Zaşita istiqamətlərində də sürətli qatarlar istifadəyə veriləcək. 

MDB ölkələri arasında Rusiya və Qazaxstanla yanaşı, Özbəkistan və Ukraynada da sürətli qatarlar var. Özbəkistanda sürətli qatarlarla yanaşı, saatda 250 kilometr məsafə qət edən "Afrosiab" yüksək sürətli qatarı da var. Həmin qatar Daşkənd-Səmərqənd-Daşkənd marşrutu üzrə hərəkət edir. Bu qatar iki lokomotiv və 9 vaqondan ibarətdir. Vaqonlar "Biznes", "Ekonom" və "Bistro" siniflərinə bölünüb. Bu qatarda da əlillər və fiziki məhdudiyyətli insanlar üçün şərait yaradılıb. Salonlar klimat-kontrol sistemi, yumşaq və rahat oturacaqlar, qatlanan söykənəcəklər və mizlərlə təchiz olunub. 

Ukraynada isə sürətli qatarlar ötən ilin iyul ayında istifadəyə verilib. Bu qatarlar Kiyev-Odessa istiqamətində hərəkət edir. Həmin qatarların vaqonları Wi-Fi sisteminə qədər bütün rahatlıqlarla təchiz edilib. 

 

Bu hələ harasıdır? 

 

Tezliklə Belarusda da sürətli qatarlar istifadəyə veriləcək. Minsk-Varşava marşrutu üzrə hərəkət edəcək bu qatarlar. Həmin qatarlar Avropa yollarında da hərəkət edə bilmək üçün dəyişən genişliklə təchiz edilib. "Talgo" adlı sürət qatarlarının bu ilin ilk yarısında istifadəyə verilməsi nəzərdə tutulur. 

Gördüyümüz odur ki, bizə qonşu olan ölkələrdə dəmir yolu nəqliyyatına yüksək diqqət ayrılır. Avropa ölkələri ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan və Belarus kimi keçmiş İttifaq ölkələri bizi qabaqlayıblar. Biz bu məsələdə nə vaxta qədər geridə qalacağıq? Müvafiq qurumlar məsələyə ciddi yanaşmalıdırlar. Sənişinlər isə dəmir yollarımıza sürətli qatarların gəlməsini səbirsizliklə gözləyirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh