Gürcüstanın ümidinə qalan maşın bazarı - Gömrük rüsumları azalsın

Yazarlar 25 Mart 2019 18:11 Oxunub 4888
Gürcüstanın ümidinə qalan maşın bazarı - Gömrük rüsumları azalsın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunun üçün hansı şərait yaradılmalıdır?

Dünya ölkələri təmiz ekologiyanın, qənaətin axtarışındadır. Havanı korlayan amillər zavod, fabriklər olsa da, benzin və dizellə çalışan avtomobillər də bu baxımdan geri qalmır. Ona görə də Avropa və Amerika ölkələri getdikcə əsasən də dizel mühərrikli avtomobilləri yığışdıraraq, hibrid və elektriklə çalışan maşınlara üstünlük verir. Bəs, görəsən, Azərbaycan da ötən əsrin 90-cı illərindən qalan avtomobillərdən əl çəkib, təmiz ekologiyaya qoşulmaq istəyirmi? Bunun üçün hansı şərait yaradılmalıdır?

Avtosfer.az xəbər verir ki, avtomobil ekspertləri mövzunu İqtisadiyyat.az-a şərh ediblər. Ekspert Elməddin Muradlı bildirib ki, əksər dövlətlər beynəlxalq çağırışlara səs verərək, prosesə qoşulublar. “Ötən il dekabrın 27-də Cənab Prezidentin sərəncamı  ilə 5 illik dövlət proqramı təsdiqlənib. Orada qeyd olunur ki, qanunlarımız BMT-nin yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tövsiyələrinə əsasən hazırlanmalıdır. Digər tərəfdən o da qeyd olunub ki, Azərbaycana elektromobillərin, ekoloji cəhətdən təmiz maşınların gətirilməsi stimullaşdırılmalıdır. Ekoloji təmiz avtomobillərdən biri də elə hibrid mühərrikli maşınlardır. Bu o deməkdir ki, həmin avtomobillərin idxalı zamanı təyin olunan gömrük rüsumları aşağı salınmalıdır. Hibrid avtomobillərin ölkədə yayılması üçün lazım olan faktorlardan biri də elektrik mühərrikli maşınların servisləridir. Elektrik doldurma məntəqələri təşkil olunmalıdır. Avtomobillərin gömrük rüsumu onların mühərrikinə görə hesablanır, elektromobillərdə bu necə hesablanır mənə qaranlıq qalır. Yayılan məlumata görə, həmin avtomobillərin rüsumu öz qiymətinin 15 %-ini təşkil edir”.

.

Ekspert şərhində, ölkənin avtoparkının dəyişilmə vaxtının çatdığını bildirib. O həmçinin qeyd edib ki, istehsalçı ölkələrdən birbaşa Azərbaycana idxal prosesi üçün şərait yaradılmalıdır.

“Bu baxımdan Azərbaycan Avtomobil Federasiyası, İqtisadiyyat nazirliyi, Gömrük Komitəsi, Vergilər nazirliyi bir araya gəlib addımlar atmalıdır. Nəyə görə Gürcüstanda Toyotanın eyni modeli 30 minə, Azərbaycanda 44 min dollara satılır? Yeri gələndə Gürcüstan qazı bizdən alır, maliyyə sıxıntısı çəkəndə pulu bizdən alır, amma maşını biz onlardan alırıq. O maşınlar da digər ölkələrdən gələn maşınlardır. Nəyə görə şərait yaradılmır ki, həmin maşınları elə özümüz birbaşa alaq? Gömrük Komitəsi və digər qurumlar oturub fikirləşməlidir ki, niyə əhali Gürcüstandan tör-töküntü, üç maşının birləşməsindən yaranan “tabut” ları alıb gətirməlidir? Gürcüstandan gələn maşınların 80%-i “təkərli tabut”dur. Həmin maşınların gah təhlükəsizlik yastığı açılmır, gah yanmağa başlayır. Bu alman texnologiyası deyil, Gürcüstanın ümidinə qalan “Azərbaycan texnologiyasıdır.” Köklü dəyişiklilər olmalıdır.”

Avtomobil eksperti Elçin Abbasov isə açıqlamasında hibrid avtomobillərin daha sərfəli olduğunu bildirib.

“Azərbaycan üçün hibridlər elektromobillərdən daha sərfəlidir. Ona görə ki, hibridlər benzindən asılı olduqları üçün qeyri-məhdud məsafədə gedə bilirlər, amma elektromobillər yox. Onları müəyyən məsafədə doldurmaq lazım gələcək. Elektrik doldurma məntəqələri isə əsas Bakıda mövcuddur. Düşünürəm ki, işlənmiş hibridlər sərf edər. Onların da digər problemləri olur. O da ona görə ki, hibridlərin akkumulyatorları elektromobillərdə olduğu kimi çox bahadır və müəyyən müddət sonra sıradan çıxırlar. Yəni, biz işlənmiş hibrid alsaq, akkumulyatorların sıradan çıxması ilə üzləşə bilərik. İşlənmiş hibrid maşını alarkən akkumulyatora diqqət yetirmək lazımdır ki, sağlam olsun. Şəhər daxilində hibrid avtomobillər daha çox qənaətcildirlər. Çünki əgər biz əyləcdən istifadə ediriksə, enerji geri yığılır, yəni avtomobilin kinetik enerjisi akkumulyatora yüklənir. Sonra biz o enerjidən istifadə edə bilirik. Tıxaclarda da həmçinin daxili yanma mühərriki çalışmır və yanacağa qənaət edirik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh