"Elə sürücüyə belə də polis lazımdır” - DYP-dən kim narazıdır?

Yol polisi 9 Aprel 2019 15:36 Oxunub 2240
"Elə sürücüyə belə də polis lazımdır” - DYP-dən kim narazıdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşları niyə sürücülərlə kobud danışır?

AzNews.az saytı yol polisinin fəaliyyətinə dair material hazırlayıb. Həmin materialda qeyd olunur ki, son illər müxtəlif dövlət strukturlarında islahatlar həyata keçirilir. Bu islahatların əsas hədəflərindən biri də strukturların mobilləşdirilməsidir. Bu mobilləşmə zəminində SSRİ-dən qalan idarəçilik qurumları yeni dövrün tələblərinə uyğun qurulur. Ancaq Azərbaycanda fəaliyyətində vətəndaşlar tərəfindən daimi narazılıqlar olan bir qurum var ki, bu da Dövlət Yol Polisidir. Belə müşahidə olunur ki, DYP əməkdaşları sanki orta təbəqənin təmsilçiləri olan maşın sahiblərinə qarşıdırlar. Sadə vətəndaşların sözlərinə görə, DYP-nin əsas vəzifəsi yol hərəkətinin təşkilinə nəzarət etmək əvəzinə, protokol yazmağa meyl göstərməkdir. Xüsusilə, kiçik çavuş heyəti vətəndaşlarla çox sərt danışır, kobud davranır və araşdırmadan birbaşa qərar qəbul edir. Belə ki, sürücülər etiraz etdikdə DYP tərəfindən həmin məsələyə baxılmır və ya adətən, DYP-nin xeyrinə qərar çıxarılır. Belə olan halda bir sual yaranır. DYP-ni yenidən formalaşdırmaq olarmı?

Məsələ ilə bağlı ekspert Elməddin Muradlı AzNews.az-a fikirlərini bildirib:

“Söhbət DYP-nin yenidən formalaşdırılmasından gedirsə, bu, çox çətin və real görünməyən bir məsələdir. Çünki DYP illərdir oturuşmuş bir strukturdur və bunu bir günün işində ləğv edib yenidən formalaşdırmaq qeyri-mümkündür. Yeni yaranan srtukturların formalaşması illərlə vaxt aparır. Məsələn, nəqliyyat nazirliyi yarandı, özünü doğrultmadı və ləğv etdilər. DYP isə bir hüquqi mühafizə sistemidir. Bu qurum Azərbaycan polisi yaranandan ayrıca bir bölmə kimi fəaliyyət göstərir və dünyanın hər yerində də belə xidmət var. Qurumda müəyyən nöqsanların olması fikri ilə razıyam. Bu, özünü bəzi şəxslərlə münasibətdə göstərir.

O problemlər nədən ibarətdir? Kobud münasibət və davranış, etik qaydaların pozulması. Heç kim deyə bilməz ki, bu, hallar baş vermir. Yol polisinin etik davranış qaydalarını pozması ilə bağlı görün nə qədər şikayətlər var idi ki, keçən il daxili işlər naziri yol polisi üçün "etik davranış ili" elan etdi. Bu il çərçivəsində mən bildiyim qədərilə bir çox addımlar atıldı, tədbirlər görüldü, sərt şəkildə cəzalanan əməkdaşlar oldu. Ötən illərə nisbətən göstəricilər yaxşı idi. Bu ilin əvvəlində bu haqda bir müzakirəmiz də olub. Amma buna baxmayaraq nöqsanlar yenə də qalır. Bəli, yenə də səbrsiz, özünü normal təqdim etməyən, bəlkə də edə bilməyən polis əməkdaşları var. Maşın saxlayan kimi qayda pozuntusunu izah etmədən birbaşa sənəd tələb edir, maşını cərimə meydançasına aparmaq istəyir, "filankəsin əmri var, maşın duracağa getməlidir" deyib addımlar atır.

Belə hallar Bakı ilə yanaşı, respublikanın digər bölgələrində də baş verir və bunu bizə yazıb göndərirlər. Biz bunu özümüzdən demirik, bunu bizə, Daxili İşlər Nazirliyinə, DYP-nin elektron ünvanına da vətəndaşlar yazıb göndərirlər. Bütün bunlar gündəlik baş verən hallardır. Bunlarla mübarizə aparmaq üçün müəyyən bir mexanizm yaradılmalıdır.

Etik davranış məsələsi o qədər həssas bir məsələyə çevrilib ki, keçən il dekabrın 27-də Prezident İlham Əliyevin imzaladığı “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı” 5 illik dövlət proqramında da bu məsələ əksini tapdı. Proqramda qeyd olunur ki, istər yol polisi əməkdaşı, istər nəqliyyat sahəsinə aid olan digər əməkdaşlar işə qəbul olunarkən və iş prosesində etik davranış qaydalarına riayət etməlidir və buna ciddi nəzarət olmalıdır. Bu, artıq ölkə başçısını da narahat edir və o dövlət proqramında qeyd edilir ki, etik davranış məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Əməkdaşları işə götürərkən və iş prosesində onlara nəzarət etmək lazımdır.

Hesab edirəm ki, yol polisi ilə bağlı bir proqram qəbul etmək lazımdır. Ay ərzində və ya rübdə bir dəfə onlara etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməlidir. Ən əsası yol polisinin normal iş rejimi bərpa olunanda biz bu problemlərin də həll olunacağını görəcəyik. Çünki onlar çox gərgin bir iş rejimində işləyir. 3 növbəli iş rejimi yoxdur. Hər bir əməkdaş 8 saat işləsə, mənə elə gəlir ki, bu əsəb, bu gərginlik də olmaz. Belə məsələlər var. Bu məsələlərə bir kompleks yanaşma olmalıdır və bu dövlət proqramının icrası ilə bağlı müəyyən dəyişiklikləri də görəcəyik.

Bəzən görürük ki, reqistratoru olan sürücüləri günahı oldu-olmadı polis saxlamır, saxlasa da, o saat buraxır ki, çıx get. Belə çıxır ki, bütün sürücülər maşına reqistrator qoymalıdır. Əslində bu, yaxşı haldır. Bəzən bir neqativ hal, yol nəqliyyat hadisəsi baş verərsə, həmin sürücünün videoreqistratoru onun köməyinə gələ bilər.

Ümumi baxanda DYP-ni ləğv etmək və ya yenidən formalaşdırmaq real bir şey deyil, həmçinin mən də bunun tərəfdarı deyiləm. Çünki bu gün bizim yollarımızda “at oynadan” sürücülər çoxdur və onların qarşısında yol polisi dayanıb. Kənardan görünsə ki, onların çoxu “harınlamış məmur” uşaqlarıdır, xeyr. Tam səmimi deyirəm, Sədərəkdə paltar satan adam da gecə şəhərdə sərxoş halda maşın sürərək qaydaları pozur. Dəfələrlə mən bunun şahidi olmuşam. “Rusiyadan gəlmişəm, istirahət edirəm”. Avtoxuliqanlıq edir. O, bunu Rusiyada edə bilməz, Onu rus polisi tutsa, ciddi cəzalandıracaq, qoluna qandal vurub aparacaq. Amma bizim polis bunu etmir deyə harınlayan sürücülər meydan sulayır.

Yəni sözüm odur ki, belə adamların qabağında yol polisi dayanmasa, çox sayda hadisələr baş verər. Bunlara qarşı kobud olan polisin bir az da tərəfdarıyam. Elə sürücüyə elə də polis lazımdır”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh