Bina yanır, ancaq maşınlar küçəyə girə bilmir…

Yazarlar 10 Aprel 2019 21:07 Oxunub 1470
Bina yanır, ancaq maşınlar küçəyə girə bilmir…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Başqa küçədə dayanıb şlanqı güc-bəla ilə bir-birinə calaq edib yanğını söndürüblər”

3 aprel tarixində Bəşir Səfəroğlu küçəsində yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsində çətinliyin yaranmasına səbəb təmirdən sonra küçələr arası dönmə bucaqlarının düzgün hesablanmaması və yolun daraldılması olub.

Avtosfer.az xəbər verir ki, bu fikirləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı 3 aprel tarixində Bəşir Səfəroğlu küçəsində yaşayış binasında baş verən yanğın zamanı əraziyə yanğınsöndürən avtomobillərin daxil ola bilməməsi, bu səbəbdən yanğının daha da böyüməsi barədə danışarkən deyib.

Ekspert hesab edir ki, Bəşir Səfəroğlu və ona paralel küçələrdə aparılan təmir zamanı yol daraldılıb, piyada səkiləri genişləndirildiyi üçün yanğına müdaxilə etmək çətin olub: “Yol hələ təmir edilən zaman mütəxəssislər, yol-nəqliyyat ekspertləri, eləcə də mən buna etirazımızı bildirdik. Ancaq dövlət qurumu heç kəsi saymadı və öz bildiyini etdi. Həmin küçələr təmir edilən zaman biz buna etirazımızı bildirmişdik ki, fövqəladə hal baş verərsə, qarşısını almaq mümkün olmayacaq. Ancaq bizim sözümüzü dinləyən olmadı. 3 aprel tarixində həmin küçədə yanğın baş verən zaman yanğınsöndürən maşınlar əraziyə girə bilmirdi. Çünki küçələr boyu dönmə bucaqları elə qoyulub ki, iri qabaritli maşınlar dönə bilmir. Təsəvvür edin ki, başqa küçədə dayanıb şlanqı güc-bəla ilə bir-birinə calaq edib yanğını söndürüblər”.

E.Muradlı bildirib ki, hazırda həmin küçələrə təcili yardım maşınları da getmir. Çünki maşın saxlamağa yer yoxdur. Hadisə yerindən yayılan videogörüntülərdən də məlum olur ki, yanğın baş verən binanın qarşısına yanğınsöndürən maşınlar daxil ola bilməyib. Maşınlar digər küçədə saxlanılıb və şlanqlar uzadılaraq yanğına müdaxilə edilib.

Yolun daraldılması ilə bağlı təmir gedən ərəfələrdə Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirmişdi ki, həmin küçələrdə yolun və səkinin eninə heç bir müdaxilə edilməyib: “Bəşir Səfəroğlu küçəsində hərəkət birzolaqlıdır. Küçə Sovet illərində salınarkən da birzolaqlı olub. Zamanla piyada keçidlərinin üzərində qanunsuz olaraq avtomobillər saxlanıldığı üçün səkilər tamamilə məhv olmuşdu. Səkilərin enində heç bir dəyişiklik edilməyib. Cüzi, bir neçə santimetrlik dəyişiliklər ola bilər, ancaq səkinin genişləndirilməsi işi həyata keçirilməyib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh