Taksidə siqaret qadağası: ekspert nə təklif edir?

Yazarlar 16 Aprel 2019 11:43 Oxunub 1397
Taksidə siqaret qadağası: ekspert nə təklif edir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tərəflər arasında münaqişələrin baş verməməsi üçün normal mexanizm olmalıdır”

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir. Sənədə əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək. Cərimənin məbləği 40 manatdan 50 manata qədərdir.

Bəs bu dəyişikliyə münasibət necədir?

Avtosfer.az xəbər verir ki. mövzu ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Azadinform-a bildirib ki, bu, “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir: “Yol hərəkəti haqqında Qanun”a edilən dəyişiklikdən sonra taksidə siqaretdən istifadə edənlərin cərimələnməsi, məsuliyyətə cəlb olunması məsələsi öz əksini tapırdı. Artıq bu gün Prezident İlham Əliyevin Fərmanı ilə qanuna edilmiş dəyişiklik qüvvəyə minir və tətbiq olunmağa başlayır. Bu sahəyə nəzarət Dövlət Yol Polisi əməkdaşları tərəfindən həyata keçiriləcək. Yəni, taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsi artıq öz təsdiqini tapdı. Belə ki, taksi minik avtomobilində tütün çəkənləri DİN Yol Patrul Xidmətinin əməkdaşları aşkar edərək cərimələyəcəklər. Düzdür, bu, bir az mücərrəd anlayışdır, çünki haqqında danışdığımız qayda pozuntusunu hər dəqiqə aşkar etmək mümkün deyil. Bu baxımdan düşünürəm ki, polis əməkdaşları gərək bir qədər ayıq davransınlar. Cərimə tətbiq edilən zaman görüntülü sübutlar təqdim olunmalıdır. Çünki hazırda təhlükəsizlik kəməri, mobil telefondan istifadə və bu kimi qayda pozuntularını sürücülərə sübut etmək çox çətindir, dərhal şikayət edirlər. Çox güman ki, yeni qaydanı da vətəndaşlar asanlıqla qəbul etməyəcəklər. Elə etmək lazımdır ki, yol patrul əməkdaşları qanunsuz halları aşkarlayanda ziddiyyətli məsələlər ortaya çıxmasın, vətəndaş “siqaret çəkməmişəm” desə, də ona sübut etmək imkanı olsun. Digər tərəfdən, yol polisi də ola bilər ki, yanlış görsün. Belə hallarda da sərnişinin, sürücünün haqlı olduğunu sübut etmək olsun. Ona görə də hesab edirəm ki, tərəflər arasında münaqişələrin baş verməməsi üçün normal bir mexanizm olmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh