Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Xəbərlər 2 May 2019 14:08 Oxunub 3514
Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mənim balalarım var, o kreditin əlavə faizləri mənə çatmalıdır”

Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə problemli kreditlərin vətəndaşların xeyrinə həll olunması prosesinə start verilib. Dollar kreditləri ilə bağlı problemi olanlar, aşağı kursla kredit götürüb, yuxarı kursla pul ödəyən vətəndaşlar kompensasiya alırlar. Amma kreditlə avtomobil alan bəzi şəxslər artıq bunun fəsadlarını görməkdədir. Avtosfer.az idarə etdiyi avtomobili hazırda bankda kreditdə olan, yaxud vaxtilə kreditdə olmuş və maşını etibarnamə ilə idarə edən sürücülərə bəzi məsələlərdə diqqətli olmağı tövsiyə edir. Həmin məsələlər nədən ibarətdir?

Son günlər Avtosfer.az-a daxil olan məlumatlardan aydın olur ki, vaxtilə bankdan kreditlə maşın götürən və pulu ödəyə bilmədiyi üçün maşını başqasına satan bəzi şəxslər hazırda onlara verdikləri etibarnamələri qəsdən ləğv edirlər. Belə ki, onlar etibarnaməni ləğv etməklə bankda ödənilən əlavə kredit vəsaitinin ona çatmasına çalışırlar.

Rauf adlı vətəndaş Avtosfer.az-a müraciətində bildirib ki, idarə etdiyi “Mercedes” markalı avtomobili bir xanımdan alıb. Həmin xanım avtomobili bankdan götürüb və ödəniş edə bilmədiyi üçün ona satıb. Amma yalnız sürmək üçün etibarnamə aldığına görə hazırda ciddi problemlə üzləşib. Belə ki, həmin xanım notariusa gedərək Raufa verdiyi etibarnaməni ləğv etdirib. Rauf isə bundan bir neçə gün əvvəl xəbər tutub. Belə ki, YPX əməkdaşı tərəfindən saxlanıldıqda məlum olub ki, onun adına verilmiş etibarnamə qüvvədən düşüb. Rauf həmin xanımla əlaqə saxlayaraq bunun səbəbini öyrənmək istədikdə isə xanım ona belə deyib. “Mənim balalarım var, o kreditin əlavə faizləri mənə çatmalıdır.”

Bundan dəhşətə gələn Rauf Avtosfer.az-a bildirib ki, iki ildən artıqdır ki, həmin maşını bankdan götürüb. Avtomobil qadının adına olub və ona sürmək üçün etibarnamə verilib. Bank sənədlərində də qeyd olunur ki, son iki ildə kreditlər Rauf tərəfindən ödənilib. Amma həmin qadın Rauf tərəfindən banka ödənilən əlavə vəsaiti almağa çalışır.

Vətəndaş belə problemlə daha bir neçə nəfərin də üzləşdiyini bildirir. Avtosfer.az olaraq biz də sürücülərin diqqətinə çatdırırıq ki, belə məsələlərdə diqqətli olsunlar və məhkəməyə müraciət etsinlər. Çünki ödəniş qəbzləri kimin tərəfindən ödənilibsə həmin adam da kompensasiyanı alacaq. Avtomobilin kim tərəfindən alınması və hazırda kimin adına olması o qədər də önəmli deyil. Bu o zaman önəmli olar ki, həmin şəxs özü də devalvasiyadan sonra bir neçə ay ödəniş etmiş olsun. Həmin şəxs də öz qəbzlərini təqdim edərək ona çatacaq məbləği ala bilər. Yaxud bir nəfər kompensasiya alıb digərinə də düşən payı ödəyə bilər. Amma hansısa tamahkar insanlar verdikləri etibarnaməni ləğv edərək illərlə borc-xərc edib əziyyətlə avtomobil alan şəxslərin haqqına girməyə çalışırlarsa bu artıq insanlıqdan kənar bir addımdır. Lakin təəssüflər olsun ki, belə hallarda vətəndaşlar hüquqi problemlərlə üzləşirlər. Odur ki, bir daha bankdan kreditlə maşın alan şəxsləri diqqətli olmağa çağırırıq.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh