Yanacağa kimyəvi maddələr, su, qaz qatırlar - Sürücülərə qəsdən ziyan vururlar

Yazarlar 15 May 2019 20:27 Oxunub 1934
Yanacağa kimyəvi maddələr, su, qaz qatırlar - Sürücülərə qəsdən ziyan vururlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanacaqdoldurma məntəqələrinə sərt təpki

Ölkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün baş bəlasına çevrilib. Sürücülər benzinin keyfiyyət və kəmiyyətində aldadılır. Sürücülərin sözlərinə görə, yanacağın tərkibindəki əlavə qatqılar onun tez bitməsinə səbəb olur. Sürücülər üçün yaşanan problem ancaq benzinin tez bitməsi ilə yekunlaşmır. Keyfiyyətsiz yanacaq mühərriki də sıradan çıxarır. Belə olduğu halda da sürücü əlini cibinə bir dəfə deyil, dəfələrlə atmalı olur. Ötənlərdə "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı da analoji problemlə üzləşdiyini bildirib. Ekspert "Sherg.az”a açıqlamasında söyləyib ki, hüquq -mühafizə orqanları, İqtisadiyyat Nazirliyi və Energetika Nazirliyi bu olanlara nəzarət etmir: "Niyə Socar yaxasını çəkib kənarda durur? İnsanların düşdüyü ziyanın həddi-hüdudu yoxdur. Bu gün gedib hansısa mühərrik ustasından soruşsaq ki, "yanınıza gələn müştərilərin ən çox şikayəti nə ilə bağlıdır, mühərrik nə üçün sıradan çıxır?” hər biri səbəb kimi yanacağı göstərəcək. Bütün bunlar biabırçılıqdır. Həm cibimizə girirlər, həm də benzinin 10 litrinin 1-ni kəsirlər. Hətta elələri var ki, lap insafsızdır, 1 litrdən də artıq kəsir. Bu azmış kimi bəzən yanacağa kimyəvi maddələr, su, qaz qatırlar. Bu hadisə ilə bağlı çəkiliş aparılsa, maraqlı nəticələr ortaya çıxacaq”.

E.Muradlı qeyd edib ki, dünyanın bir çox ölkələrinə yanacaq satırıq, amma özümüzü zəhərləyib öldürürük: "İnsanlar millətimizə niyə qənim kəsilirlər? Yanacaqdoldurma məntəqələrində hər oyundan çıxırlar. Yanacaq çəninin qapağını tam bağlamırlar. Məqsəd isə odur ki, yanacaq tez bitsin və sürücülər gəlib bir də yanacaq alsınlar. İnsan bu qədər şərəfsiz, öz millətinə qənim kəsilən olarmı? Düşünmürlər ki, biri gəlib siqaret yandırar, kül düşər və və maşın alışıb yanar. İnsan puldan ötrü bu qədər əclaflığa gedərmi? Bunlar insan həyatına qəsddir, cinayətdir.

Vətəndaş "Lukoil” yanacaqdoldurma məntəqəsindən şikayətçidir. Sürücü 55 litr tutumu olan maşınla daxil olur. Ondan 60 manat alıb 65 litr benzin vururlar. Çənin tutumu 55 litrdir, üstəlik içində bir az da yanacaq var. İnsanların üzünə baxa-baxa bu qədər soyğunçuluq törədən ikinci sturuktur ağlıma gətirə bilmirəm. Kim ki məsələnin üstünə düşür, hay-küy salır, ona zəng vurub deyirlər ki, yanlışlıq olub, gəlin pulunuzu götürün və ya sizə əlavə yanacaq verək. "Azpetrol” bu işin ustasıdır, mütləq 1 litr yanacağı oğurlayır, "Socar”ın yanacağını kim vurursa, hamı deyir ki, "maşınım tullana-tullana gedir”. Gedib "Lukoil”dan yanacaq vuranda isə maşını sürməsək, məntəqənin kənarında saxlasaq, sabahı gün görəcəyik ki, yanacaq şkalası aşağı düşüb.

Təəssüf ki, bu olanlara aydınlıq gətirən yoxdur. Bəzən mətbuat bu haqda yazır, amma həmin şirkətlər o qədər harınlayıblar ki, mətbuata təzyiq göstərirlər. Görün, necə arxayındılar ki, hətta mətbuatın üstünə getməyi də gözə alıblar. Acınacaqlı durumdur. Həm cibimizə girirlər, həm də hədə-qorxu gəlirlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh