Bulvardakı böyük avtoparkı ləğv edib ticarət mərkəzi tikirlər

Avtoxəbər 23 May 2014 01:06 Oxunub 3283
Bulvardakı böyük avtoparkı ləğv edib ticarət mərkəzi tikirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər kəsin razı qaldığı bu dayanacağın yerində böyük ticarət və əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur

Son günlər Bakıda nəqliyyat vasitələri üçün parking yerləri ilə bağlı məsələ geniş müzakirə mövzusuna çevrilib. Artıq dövlət yol polisi qadağan olunmuş yerlərdə park edilən nəqliyyat vasitələrini gecə-gündüz cərimə meydançalarına daşımaqla məşğuldur. Bunun qarşılığında isə yeni dayanacaqların salınması hələ reallaşmayıb. Dəfələrlə yeni dayanacaqlarla bağlı rəsmi açıqlamalar olsa da, konkret addım atılmayıb. Xüsusən də Neftçilər prospekti boyunca yol kənarında maşın saxlanılmasına icazə verilməməsi sürücüləri narahat etməyə başlayıb. Bu narazılığı qismən aradan qaldırmaq üçün bulvar ərazisində, daha dəqiq desək, Əl Oyunları İdman Sarayının arxasında geniş avtopark yaradılıb. Saatından asılı olmayaraq girişdə sadəcə 50 qəpik ödəməklə bu dayanacaqda maşın saxlamaq mümkündür. Sürücülərin də əksəriyyəti bunu normal qarşılayır və qiymətin 50 qəpiyiə olmasını hər kəsin cibinə uyğun sayırlar. Lakin Avtosfer.az saytının əldə etdiyi məlumata görə, artıq bəzi iş adamları həmin dayanacağa da göz dikiblər. Belə ki, yaxın vaxtlarda həmin avtomobil dayanacağının ləğv ediləcəyi bildirilir. Məlumata görə, dayanacağın yerində böyük ticarət və əyləncə mərkəzinin tikilməsi palanlaşdırılır. Bunun üçün dəyəri milyonlarla manat olan geniş layihə də hazırlanıb. Ticarət mərkəzinin çoxmərtəbəli olacağı, 3 mərtəbinin isə yerin altında tikiləcəyi nəzərdə tutulub. Elə həmin 3 mərtəbənin də avtomobil dayanacağı kimi istifadə ediləcəyi nəzərdə tutulub.

 

Nəzərə almaq lazımdır ki, bu cür ticarət mərkəzlərinin altında yaradılan avtoparkların qiyməti olduqca bahadır. Məsələn, «Park Bulvar» Ticarət və Əyləncə Mərkəzinin dayanacağında maşın saxlamağın bir saatı 2 manatdan baha başa gəlir. Əgər bulvar ərazisindəki avtodaynacağı ləğv edib yerində ticarət mərkəzi tiksələr, şübhəsiz ki, orada yaradılacaq avtopark 50 qəpiyə olmayacaq. Bununla da, bulvara gəlmək istəyənlərin avtomobildən imtina etməsi zərurətə çevriləcək.

Yeri gəlmişkən, bir müddət Əl Oyunları İdman Sarayının qarşısından da avtopark kimi istifadə olunurdu. Lakin həm sarayda, həm də sarayın yan tərəfində, dəniz qırağında aparılan genişmiqyaslı təmir-tikinti işləri ilə əlaqədar orada nəqliyyat vasitələrinin park edilməsi, ümumiyyətlə, avtomobillərin həmin əraziyə daxil olması qadağan edilib.

 


Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh