Bakıda günü 200 manata olan maşınlar - VİDEO

Avtoreyd 2 Aprel 2015 17:18 Oxunub 5340
Bakıda günü 200 manata olan maşınlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəb xatirinə ucuz maşınını bahalı ilə əvəz edənlər də var

"Rent a Car" yəni, avtomobil icarə xidməti xarici ölkələrdə geniş şəkildə yayılmasına baxmayaraq Azərbaycanda yeni bir sahədir. Avtosfer.az-ın ans-ə  istinadən məlumatına görə, kirayə maşınlar xidməti çərçivəsində avtomobillər ticarət, biznes, turizm, şəxsi və s.məqsədlərlə bağlı götürülə bilər. Qiymətlər isə marka və icarə müddətinə görə dəyişir. Məsələn, 2007-ci ilin buraxılışı olan "Volkswagen Touareg"in 1 günlük icarəsi 150, həftəlik qiyməti 910 manatdır. 2010-cu il buraxılışı "Toyota Prado" avtomobilini icarəyə götürməyi planlaşdıranlar isə 1 gün üçün 120, həftəlik 700, aylıq 1500 manat xərcləməli olacaqlar. Ekonom klass sinfinə daxil olan avtomobillər ayağını yorğanına görə, uzatmağı sevənlər üçün münasib sayılır. Belə ki, 60-70 manat xərcləməklə 1 günlük icarənin keyfini çıxartmaq mümkündür. 

Bu işlə məşğul olan şirkətlərin əksəriyyəti müştəri cəlb etmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Belə ki, onlar xüsusi endirim və bonuslar təklif etməklə kirayə bazarında rəqabətə tab gətirməyə çalışırlar.

Şirkət nümayəndəsi Yaşar Əsgərov bu sahədə güclü rəqabətin olduğunu, qiymətlərin orta hesabla 200- 400 arası dəyişdiyini deyir.

Şərtlərə əsasən, əksər şirkətlərdə 25 yaşından aşağı olmayan və ən azı 1 il avtomobil nəqliyyat vasitəsini idarə etmə təcrübəsi olan Azərbaycan Respublikasının və ya xarici dövlətin istənilən vətəndaşına kirayə maşın verilə bilər. Bu zaman həmin şəxsə ya vəkalətnamə, ya da yol vərəqəsi verilir. Bu sənədlər də avtonəqliyyat vasitəsinin həmin adama etibar edildiyini təsdiqləyir.

Hüquqşünas Gülnar Nəzərlinin sözlərinə görə, maşın icarəyə götürən şəxslər qanunu pozarsa, yəni, işıqforun qırmızı işığında keçərsə, avtomobili qadağan olunan yerdə saxlayarsa, onda həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən cərimələnəcəklər. Bu maddəyə əsasən inzibati xətanı törədən şəxs inzibati məsuliyyətə cəlb olunur. 

Bəzən icarədar əvvəlcədən sığorta haqqı ödəsə də qəza baş verdiyi halda müəyyən problemlər ortaya çıxır. Görəsən məsələnin sığorta baxımından tənzimlənməsi hansı prosedurlara əsaslanır?

Ekspert Ramin Məmmədov bildirdi ki, yol-nəqliyyatı hadisəsi nəticəsində mülki məsuliyyət yaranarsa bu sığorta qaydalarında nəzərdə tutula bilər. Amma hadisələrlə bağlı yaranan digər cərimələr isə sürücü tərəfindən ödənilməlidir.

Araşdırmalar göstərdi ki, müştərilərin əksəriyyəti avtomobilləri daha çox toy, nişan və digər mərasimlər üçün icarəyə götürür. Bəziləri isə ucuz maşını olsa da, sadəcə olaraq dəb xatirinə bahalı maşınlar kirayələyirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh