Bu sürücülərə svetofor dərsi keçmək lazımdır – Bakıda qəzalardan VİDEO

Avtoreyd 6 Aprel 2015 02:15 Oxunub 2253
Bu sürücülərə svetofor dərsi keçmək lazımdır – Bakıda qəzalardan VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetoforla «zarafatlaşmaq» özünüzün və başqalarının həyatına son qoya biləcək qədər təhlükəlidir

Çox nadir hallarda ola bilər ki, insan durduğu yerdə qəza baş versin. Buna ya alın yazısı, ya da qismət-filan deyirlər. Amma Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» xidmətindən əldə etdiyi bu videolardakı qəzaların başvermə səbəbinə nəzər yetirdikdə görürük ki, insan nə edirsə, özü özünə edir. O da ağılsızlığın və ya yekaxanalığın acı nəticəsidir ki, bizim cəmiyyətdə bu bəla geniş yayılıb. Kreditə maşın götürüb avtoxuliqanlıq edənləri, sərxoş halda maşın sürənləri və ya bu videolardakı kimi, svetoforun qırmızı işığından keçib qəza törədənləri anlamaq çətindir. Kimsə iddia edə bilər ki, insandır, fikirli olur, huşu başqa yerdə olur və sair. Lakin unutmaq olmaz ki, sükan arxasında fikirli olmaq, huşsuz olmaq ölümə getmək deməkdir.

Gəlin, bu görüntülərə diqqətlə baxaq və görəcəyik ki, məsələnin kökü heç də hüşsuzluqda və ya fikirli olmaqda deyil. Məsələnin kökü özünü başqalarına göstərmək, yekəxanalıq, 30-40 saniyə səbr edib qırmızı işıqda dayanmağı özünə sığışdırmamaqdır. Əgər bu sürücülər fikirlidirsə, o zaman qarşı yola çıxardılar, zolağı dəyişərdilər və s. Amma bunların heç biri olmur. Deməli, onlar sadəcə qaza basıb sürəti artırmaqla düzünə hərəkət edirlər. Hər üç qəzanın baş yerdiyi yeri tanıyanlar yaxşı bilirlər ki, Vaqif küçəsinin kəsişməsində, Bakıxanov küçəsində, Heydər Əliyev Sarayının qarşısında eyni istiqamətli yolda bir neçə yerdə svetofor qoyulub ki, bu da sürücülərin yaxşı svetoforu görə bilməsi üçün nəzərdə tutulan addımdır. Və kadrlardan onu da görürük ki, hər üç qəzada başqaları svetoforun qırmızı işığının yandığını görüb dayandıqları halda özünü ağıllı hesab edən bu sürücülər sürət həddini azaltmadan hərəkəti davam etdirirlər. Axırı isə göz qabağındadır; ağır qəza, xəsarət, maddi ziyan, inzibati məsuliyyət və sair və ilaxır. Odur ki, əziz sürücülər, xırda-para qayda pozuntuları hər kəsdə ola bilər, amma svetoforla «zarafatlaşmaq» çox təhlükəlidir. Özünüzün və başqalarının həyatına son qoya biləcək qədər təhlükəli…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh