Sarı xətt varsa maşını evakuasiya etmək olarmı - İZAH

Yazarlar 23 May 2014 18:25 Oxunub 15042
Sarı xətt varsa maşını evakuasiya etmək olarmı - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bizim yol çəkənlər sarı rəngli bütöv nişanlanma xəttindən yalnız bəzək vasitəsi kimi istifadə edirlər

Hazırda qüvvədə olan bütün yol nişanları və nişanlanma xətləri, demək olar ki, dünyanın hər yerində eynidir. Bu nişanlar və xətlər son 100 ildə dünyanın ən yaxşı mütəxəssislərinin süzgəcindən keçib. Ona görə də nişan və xətlərin mənası və məntiqi kifayət qədər aydındır. Onların ifadə olunduğu simvollar elə seçilmişdir ki, onları həm asan yadda saxlamaq olsun, həm də həmin simvollar nişan və xətlərin irəli sürdüyü tələblərə maksimum uyğun gəlsin. Avtosfer.az xəbər verir ki, ölkəmizdə yol nişanlarının və nişanlanma xətlərinin tətbiqi ilə bağlı xeyli problemlər mövcuddur. Bu problemlərdən bəziləri hətta qanunvericiliyə edilmiş yanlış düzəlişlərin nəticəsi olaraq meydana gəlir. Bunlardan birinə xüsusi toxunmaq istəyirəm. Şəkildə gördüyünüz 1.4 sarı rəngli bütöv nişanlanma xətti dünyanın əksər ölkələrində yolun hərəkət hissəsinin kənarına çəkilərək dayanma və durmanın qadağan olunduğunu bildirir. Bu xətdən xüsusən yaşayış məntəqələrində istifadə olunur və yolun, küçənin, prospektin kənarında qısa məsafələrdə olsa da dayanma və durmanın qadağan olunduğu sahələr bu xətlə işarələnir. Bunun da çox gözəl və dəqiq məntiqi var. 1.4 xətti olmasa, dayanma və durmanı qadağan etmək üçün şəkildə gördüyünüz 3.27 nişanı tətbiq edilməlidir. Həmin nişan isə yalnız bir nöqtəyə qoyulur və qaydalarla müəyyən edilən məsafəyədək qüvvəsini saxlayır. Amma yaşayış məntəqəsində çoxlu kəsişmə yerləri, yolayrıcları, həyətlərə giriş-çıxışlar, geriyə dönmə yerləri və s. var. hər hansı sürücü o nişanın yanından keçmirsə, məsələn, nişandan sonrakı həyət ərazisindən çıxırsa, yaxud nişana çatmamış geriyə dönərək nişanın qüvvədə olduğu sahəyə daxil olursa, həmin nişanı görmür və deməli, dayanma və durma qaydalarını pozmaq ehtimalı çox yüksəkdir. Amma 1.4 sarı rəngli bütöv nişanlanma xətti yolun kənarında, hara lazımdırsa, ora qədər çəkilir və avtomobilini dayandıran sürücü aydın şəkildə görür ki, bu xəttin yanındadır. Başqa sözlə, 1.4 sarı rəngli bütöv nişanlanma xəttini ona görə icad ediblər ki, sürücünün dayanma və durma qaydalarını səhvən pozma ehtimalı sıfıra yaxın olsun. 

Təəssüf ki, 22 iyun 2010-cu ildə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi və 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin yuxarıda qeyd etdiyimiz və az qala bütün dünyada qəbul edilmiş mənası dəyişdirildi. Hazırda ölkəmizdə qüvvədə olan qaydalara əsasən, 1.4 sarı rəngli bütöv nişanlanma xətti yalnız 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma və durmanı qadağan edir. Başqa sözlə, 3.27 nişanı yoxdursa, 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin heç bir mənası yoxdur. Yəni faktiki olaraq hazırda 1.4 sarı rəngli bütöv nişanlanma xətti əhəmiyyətsiz bir şeydir. 

Bunun səbəbi ilə maraqlandıqda məlum oldu ki, qeyd olunan dəyişiklik ölkəmizdə yol tikənlərin təkidli arzusu ilə həyata keçirilmişdir. Onların arzusu da çox sadə imiş: sarı rəngli xətlər çəkildikdə yollar qəşəng görünür. Başqa sözlə, bizim yol çəkənlər 1.4 sarı rəngli bütöv nişanlanma xəttindən yalnız bəzək vasitəsi kimi istifadə edirlər.

Belə absurd yanaşmanın nəticəsidir ki, hər gün dayanma və durma qaydalarının pozulub-pozulmaması mövzusunda sürücülərlə DYP, xüsusən də evakuasiya ilə məşğul olan əməkdaşlar arasında mübahisələr yaranır. Bu mübahisənin aradan qaldırılmasına çalışan qurumlar isə Bakı merinin bahalı səkilərini dağıdaraq ora dirək basdırır və həmin dirəyin üzərində 3.27 nişanı qoyurlar. Amma 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin əvvəlki mənası qalsaydı, nə səkini dağıtmağa, nə dirək basdırmağa ehtiyac olmazdı, sadəcə lazım olan yerlərdə bordürün yanına qəşəng bir sarı xətt çəkməklə bu mübahisəni həll etmək olardı. Belədə sürücülərin də səhv etməsi, daha sonra mübahisəyə girişməsi tam istisna olunardı.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh