Xaricdə sürücülük vəsiqəsi alanların diqqətinə - MÜDDƏTİ ÖTÜRMƏYİN

Yazarlar 29 Aprel 2015 08:48 Oxunub 12772
Xaricdə sürücülük vəsiqəsi alanların diqqətinə - MÜDDƏTİ ÖTÜRMƏYİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə vəsiqədən müddətsiz istifadə etmək olarmı?

Bir neçə gün əvvəl baş vermiş xırda yol-nəqliyyat hadisəsi diqqətimi çəkdi. Hadisəni maraqlı edən onun iştirakçısı olan sürücülərdən birinin öz avtomobilini 18 il bundan əvvəl xarici ölkədə əldə etdiyi sürücülük vəsiqəsi ilə idarə etməsi idi. Bu kimi məsələləri, habelə xaricdə alınmış sürücülük vəsiqəsi ilə avtomobil sürənlərin sayının artdığını nəzərə alaraq Avtosfer.az vasitəsilə bəzi məqamları diqqətə çatdırmaq istəyirəm. 

Öncə qeyd etmək istəyirəm ki, xarici ölkələrdə əldə olunmuş sürücülük vəsiqələrinin Azərbaycanda hüquqi qüvvəsinin müddəti ilə bağlı qanunvericiliyimizdə boşluq var. Belə ki, «Yol hərəkəti haqqında» 1968-ci il Vyana Konvensiyasının 41-ci maddəsinin 2-ci bəndinin «b» yarımbəndindən (28 sentyabr 2004-cü il redaksiyasında) aydın olur ki, hər hansı şəxs başqa bir ölkədə daimi yaşamağa başladığı anadək onun digər dövlətdə əldə etdiyi sürücülük vəsiqəsi etibarlıdır. Yəni həmin andan sonra xaricdə əldə olunmuş sürücülük vəsiqəsi yeni daimi yaşayış yerinin olduğu ölkənin sürücülük vəsiqəsinə dəyişdirilməlidir. Konvensiyanın bu müddəasını nəzərə alan ölkələr xaricdə əldə olunmuş vəsiqələrin öz ərazilərində qüvvədə olma müddətini də aydın şəkildə tənzimləyir. Əksər ölkələrdə xaricdə alınmış sürücülük vəsiqəsi onun sahibi bu ölkədə daimi yaşamağa başladığı andan, müvəqqəti yaşadıqda isə müvəqqəti yaşamanın 6 ayı və ya 1 ili keçənədək milli sürücülük vəsiqəsinə dəyişdirməlidir. Bizim milli qanunvericilikdə bununla bağlı heç bir müddəa yoxdur və formal olaraq belə çıxır ki, xarici dövlətdə əldə olunmuş müddətsiz sürücülük vəsiqəsi, həmin şəxs Azərbaycanda yaşayarsa, onun ömrünün sonunadək qüvvədədir. Məntiqsizlik və milli qanunvericiliyə (həm də Konvensiyaya) uyğunsuzluq göz qabağındadır.

Konstitusiya Məhkəməsi 24 sentyabr 2014-cü il tarixli Qərarında bu tipli problemlərin aradan qaldırılması üçün müddətsiz sürücülük vəsiqələrinin yeniləri ilə əvəz olunması işinin təşkil edilməsini tövsiyə edib. Düzdür, bu qərarda keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələrindən bəhs olunur, lakin bu müddəadan çıxış edərək xarici ölkələrdə alınan vəsiqələrin taleyini də həll etmək olar.

Beləliklə, hesab edirəm ki, yaxın zamanlarda bizim qanunvericiliyə düzəlişlər edilərək xarici ölkələrdə əldə olunmuş müddətli və ya müddətsiz sürücülük vəsiqələrinin ölkəmizdə qüvvədə olma müddəti ilə bağlı məsələyə birmənalı aydınlıq gətirilməlidir. Doğrudan da, ölkənin özündə verilən vəsiqənin maksimal müddəti 10 il olduğu halda, xaricdən müddətsiz vəsiqə gətirmək anlaşılan deyil.

Xarici ölkədə sürücülük vəsiqəsi almış şəxslərin isə diqqətinə çatdırmaq istəyirəm ki, həmin vəsiqələri ölkəmizin milli sürücülük vəsiqəsinə dəyişdirmək çox asan və sadədir. Bunun üçün həmin vəsiqənizin Azərbaycan dilinə tərcümə edilmiş surətini notarial qaydada təsdiq etdirməlisiniz. Daha sonra tibbi müayinədən keçərək sağlamlıq arayışı almalısınız. 18 manat rüsum da ödəyərək vəsiqənin surətini və bu arayışı DYP-nin yaşadığınız ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təqdim etməklə hər hansı imtahan vermədən eyni kateqoriyalı milli sürücülük vəsiqəsi əldə edə bilərsiniz. Bu zaman sizə ilk dəfə xarici vəsiqənizin etibarlılıq müddəti çərçivəsində (amma hər bir halda 10 ili aşmamaq şərti ilə) milli sürücülük vəsiqəsi veriləcək. Həmin müddət bitdikdən sonra vəsiqənizi adi qaydada, yəni ölkəmizdə alınan digər vəsiqələr kimi dəyişəcəksiniz. Şübhəsiz ki, xarici vəsiqənizin etibarlılıq müddəti bitmişdirsə, onu milli vəsiqəyə dəyişdirmək mümkün deyil. 

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsi müəyyən şübhə doğurduqda qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən DİN-in «İnterpol» Milli Mərkəzi Bürosu, Xarici İşlər Nazirliyinin səfirlik və konsulluq xidmətləri və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanlar vasitəsilə müvafiq sorğu göndərir. Vəsiqə sahibinə sorğuya cavab alınanadək 1 ildən çox olmayan müddətə müvəqqəti sürücülük vəsiqəsi verilir. Xarici vəsiqənin qanuniliyinə hər hansı şübhə olmadıqda, habelə şübhə olduğuna görə verilmiş sorğuya cavab alındıqdan və xarici vəsiqənin qanuni olduğu aydın olduqdan sonra sizə qanunda nəzərdə tutulan müddətə (yəni adi) sürücülük vəsiqəsi veriləcək.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh