Yol polisi PA-nın qarşısında hərəkəti düzgün təşkil etmir - VİDEOfakt - FOTOLAR

Xəbərlər 28 May 2014 02:53 Oxunub 2677
Yol polisi PA-nın qarşısında hərəkəti düzgün təşkil etmir - VİDEOfakt - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görəsən, Prezident Adminstrasiyası kimi strateji dövlət obyektinin qarşısında yol hərəkətini düzgün təşkil edə bilməyən DYP digər küçə və yollara necə yanaşır?

Seymur Civişov adlı oxucu Avtosfer.az saytına maraqlı bir məsələ ilə bağlı müraciət edib. O, bildirir ki, Azneft dairəsindən üzü Prezident Adminstrasiyasına (PA) gedərkən Filarmoniyanın yanındakı yol nişanı yalnız sağa dönməyi götərir. Yəni, bu nişanın tələbi məcburi istiqamətin sağa olduğunu bildirir. Amma Seymur Civişov bildirir ki, həmin ərazidə hamı sola, yəni Prezident Adminstrasiyasına tərəf dönür və üstünlüyə malik olur. Bundan başqa, «İçəri şəhər» metrosundan PA-ya tərəf gedəndə nişan sola göstərir, yəni, Azneft dairəsinə düşməlisən. Lakin burada  da yenə düzünə, yəni, Prezident Adminstrasiyasına tərəf gedirlər: «Mən bilmək isdərdim ki, buna DYP icazə verir? Orada həmişə DYP əməkdaşı olur və heç bir söz demir...». 

Oxucumuzun dəyərli fikirləri bizim də diqqətimizi çəkdiyi üçün ötən il həmin ərazidə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovla birlikdə apardığımız müşahidənin videosunu sizlərə təqdim edirik. Videoya baxdıqda bir daha aydın olacaq ki, həqiqətən də orada yol nişanlarının əksinə hərəkət edilməsi halları çoxdur və çox təəssüf ki, Azneft meydanından PA-ya tərəf qalxıb elə PA istiqamətinə, yəni sola dönərkən qayda pozan sürücülər üstünlüyə malik sayılır və sağdan hərəkət edən avtomobillər dəqiqələrlə dayanıb onları gözləməli olurlar. Hansı ki, aşağıdan gələnlər nişanın istiqaməti ilə yalnız sağa, «İçəri şəhər» metrostansiyası tərəfə dönə bilərlər. Onların bəzilərinin sola dönməsi nəticəsində sağdan gələn maşınlar dayanıb yol verdiyi üçün bu ərazidə günün müxtəlif saatlarında tıxac yaranır. Bu o deməkdir ki, qaydalara əməl edib öz yolu ilə gedən sürücü qayda pozaraq PA-ya tərəf dönən sürücülərin ucbatından tıxacda vaxt keçirməli olurlar. Bütün bunlar isə DYP əməkdaşlarının gözü qarşısında baş verir. Məsələ burasındadır ki, bəzi sürücülər Azneftdən qalxaraq sola dönüb qəza şəraiti yaratmaqla həm də tıxaca səbəb olduğu halda yol polisi əməkdaşları sağ tərəfdə dayanıb «İçəri şəhər» metrostansiyasına dönən sürücüləri saxlayaraq təhlükəsizlik kəmərindən istifadə etməməyə və ya mobil telefondan istifadəyə görə cərimə yazırlar. Həmin ərazi sərt döngə olduğu üçün bəzi sürücülər bizim DYP əməkdaşlarının adətən belə yerlərdə dayandığını unudub kəmərdən istifadə etmirlər və ya telefonla danışırlar. Döngədən sağa dönən kimi isə DYP əməkdaşı onu dərhal yaxalayır. Bu zaman telefonla danışan sürücü telefonu gizlədə bilmir, kəməri taxmayanlar isə kəmərə əl atmağa macal tapmır.

Biz bu cür qayda pozuntularının tərəfdarı deyilik və bütün hallarda təhlükəsizlik kəmərindən istifadə olunmalı, sükan arxasındı mobil telefondan istifadə edilməməlidir. Lakin məsələ burasındadır ki, DYP əməkdaşlarının 5 metr o yanda yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulduğunu görə-görə buna əhəmiyyət verməməsi və «telefon-kəmər» cəriməsi yazmağı üstün tutması düşündürücüdür. Üstəlik, həmin ərazidə xidmət aparan yol polisləri bir məqamı da unudurlar ki, Prezident Adminstrasiyasının qarşısında iki piyada keçidi var. Yəni, zebra çəkilib. Lakin bu zebraların heç birinin yanında və heç bir tərəfdən burada piyada keçidinin olduğunu bildirən yol nişanı qoyulmayıb. «Yol patrul xidməti haqqında» təlimatda açıq-aşkar göstərilib ki, hər bir yol patrul xidməti inspektoru xidmət apardığı ərazinin yol infrastrukturundakı problemləri aşkar edərək işdən sonra raport şəklində və ya radioqəbuledici vasitəsilə dərhal yuxarı rəis heyətinə məruzə etməlidir. Belə anlaşılır ki, PA-nın ətrafında xidmət aparan DYP əməkdaşlarının bu təlimatdan xəbəri yoxdur və ya onları yol nişanları, yol infrastrukturu yox, gün ərzində daha çox protokol yazmaq düşündürür. Onlar bir yana, görəsən, DYP-nin rəhbər şəxsləri bu küçədən, bu yoldan keçmirlər? Keçirlərsə, ətrafa göz gəzdirib vəziyyəti müşahidə etmirlər? Bəlkə, orada vəziyyətin bu cür davam etməsi onlara xoşdur? Əgər belə deyilsə, o zaman gəlin bu suala birlikdə cavab tapaq; Prezident Adminstrasiyası kimi strateji dövlət obyektinin qarşısında yol hərəkətini düzgün təşkil edə bilməyən Dövlət Yol Polisindən digər küçə və yollarda hərəkətin düzgün təşkilini gözləməyə dəyərmi? 

 

P.S. Unutmaq olmaz ki, PA-ya yüksək vəzifəli xarici qonaqlar gəlir və onlarda yollarlmiz haqqında təəssürat elə PA-nın qarşısından başlayir.

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh