Yollara nişanları Abid Şərifov qoydurur

Yazarlar 26 May 2015 16:43 Oxunub 2000
Yollara nişanları Abid Şərifov qoydurur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarımızdakı bütün svetoforlar, yol nişanları və nişanlanma xətləri onun rəhbərlik etdiyi komissiyanın qərarı əsasında tətbiq edilməlidir

Baş nazirin birinci müavini Abid Şərifovun jurnalistlərlə şit söhbəti son günlərin ən yaddaqalan hadisələrindən biri oldu. Bu barədə eşidəndə yadıma düşdü ki, Abid Şərifov həm də Respublika Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədridir. Bu Komissiya ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı çox geniş və mühüm səlahiyyətlərə malikdir. Onun qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərindən yalnız üçünü xatırlatmaq istəyirəm:

- avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir;

- dövlət əhəmiyyətli yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edir;

- yol hərəkəti təhlükəsizliyi sahəsində normativ sənədlərin Azərbaycan Respublikası ərazisində eyni qaydada tətbiq olunmasına izahat verir və s...

Birinci səlahiyyət o deməkdir ki, yollarımızdakı bütün svetoforlar, yol nişanları və nişanlanma xətləri bu komissiyanın qərarı əsasında tətbiq edilməlidir. Komissiyanın qərarı olmadan və ondan xəbərsiz yollarda hər hansı nişanın quraşdırılmasından, yollara hər hansı xətlərin çəkilməsindən söhbət gedə bilməz. 

Cənab Şərifovun rəhbərlik elədiyi komissiyanın bu istiqamətdəki fəaliyyətinin nəticəsini hər kəs çox gözəl bilir: yollarımızda minlərlə çatışmayan nişan; biri digərini tamamlamayan, bəzən hətta ziddiyətli nişanlar; tapmaca xarakterli nişanlamalar (məsələn, eyni yolayırıcında nişan sola dönməyə icazə verir, asfaltdakı ox isə bunu qadağan edir və s.). Ölkəmizdə yol hərəkəti təhlükəsiliyi ilə bağlı başqa istiqamətlərdə də saysız-hesabsız problemlər var. Maraqlısı da odur ki, bəzən həmin problemləri həll etmək əvəzinə hər kəsi təəccübləndirən vəziyyətlər yaradılır. Elə götürək son vaxtlar populyarlaşan Avropa Oyunları zolağını. Ölkəmizdə tarixi əhəmiyyət daşıyan bu mühüm tədbirlə bağlı hərtərəfli hazırlıq işləri bir ildən artıqdır ki, davam edir. Şübhəsiz ki, hər kəs öz səlahiyyətinə uyğun olaraq bu işlə bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. Həmin hazırlıq işlərinin mühüm tərkib hissələrindən biri də yol infrastrukturunun bu tədbirə uyğunlaşdırılmasıdır. Özü də hədəf həm Avropa Oyunlarının nəqliyyat ehtiyacının yüksək səviyyədə ödənilməsi, həm də ölkəmizdə yol hərəkətinin təşkilinin normal olduğunu dünyaya göstərməkdir. Bunun üçün xeyli yük məhz Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının üzərinə düşür. Bu Komissiyanın həmin istiqamətdə işinin nəticələrini isə Avropa Oyunları zolaqları əsasında qiymətləndirmək olar.

Paytaxtın bir neçə küçə və prospektində yaradılan həmin zolaqlar sarı xətlərlə yolun digər zolaqlarından ayrılıb. Amma mövcud qanunvericilik belə xüsusi zolağın ağ bütöv xətlə ayrılmasını nəzərdə tutur. Dünəndən isə həmin zolaqlar üzərində 3.2 “Hərəkət qadağandır” nişanı asılmağa başlanıb. Yol hərəkətinə dair beynəlxalq və milli qanunvericiliyin mövqeyindən yanaşdıqda bu əməlli-başlı çaşqınlıq yaradan paradoks deməkdir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyadan və öz ölkəsinin milli qanunvericilindən anlayışı olan avropalı özünün idarə etdiyi avtomobillə 3.2 nişanı asılan zolağa girməyəcək. Mindiyi avtobusun həmin zolağa girdiyini görəndə isə həyəcanlanacaq.  Çünki  3.2 nişanı müvafiq yol sahəsində istənilən nəqliyyat vasitəsinin hərəkətini qadağan edir. Bu nişan həmin yol sahəsində hərəkət təhlükəli və qeyri-mümkün olduqda (yolun dağılması, yolda təmir işləri getməsi və başqa bu kimi hallarda) tətbiq edilməlidir. Bu nişanı görən hər kəs düşünür ki, bu nişandan sonra hərəkət etmək təhlükəlidir. Özü də bu nişan qoyulduğu yolda və ya hərəkət zolağında həm minik avtomobillərinin və yük avtomobillərinin, həm də taksilərin və avtobusların hərəkətini qadağan edir. Hətta bu nişanın ayrıca bir zolağa qoyula bilməsi də nəzərdə tutulmur. 

3.2 nişanının maraqlı xüsusiyyətlərindən biri də odur ki, bu nişanın qüvvəsi onun olduğu sahədə yaşayan və ya orada işləyən şəxslərin idarə etdiyi, yaxud onlara xidmət edən nəqliyyat vasitələrinə aid deyil. Deməli, həmin şəxslər bu zolaqlar istifadə edə bilərlər və bu həmin nişanın tələbini pozmayacaq. 

Mənim üçün bircə sual maraqlıdır: bu zolaqları ölkəmizdə yol hərəkətinin təşkilinə dair qanunvericiliyə uyğun qaydada təşkil etməyə nə mane olur? Axı hər şey  qanunvericiliyə uyğun olsa, heç bir əlavə sual yaranmaz. 

Məncə, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bu kimi məsələlərə daha ciddi yanaşaraq, sanballı  və qanunauyğun qərarlar qəbul etməli idi. Görünür bu quqrum elə sədri kimi yarızarafat fəaliyyətlə məşğuldur.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh