Ziddiyətli yol nişanları; yerdəki olar, göydəki olmaz deyir – FOTOLAR

Avtoxəbər 4 İyun 2014 11:11 Oxunub 4619
Ziddiyətli yol nişanları; yerdəki olar, göydəki olmaz deyir – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyətlərə görə sürücü məsuliyyət daşımır

Bakıda bir-birini təkzib edən yol nişanları var. Onlardan birini Avtosfer.az saytı Mətbuat prospektində aşkarlayıb. Prospektdən Azərbaycan Texniki Universetetinə (ATU) düşən yolda, Azərbaycan Nəşriyyatının qarşısında bir-birinə zidd olan yol nişanları mövcuddur. Belə ki, Mətbuat prospekti ilə üzü Bakı Dövlət Universitetinə istiqamətində hərəkətdə olarkən Nəşriyyatın qarşısındakı svetaforda yol nişanları bir-birini təkzib edir. Asfalt üzərində 1.18-1.19 nişanlanma xətti sağa – ATU-ya tərəf dönməyə icazə versə də, səkidə quraşdırılmış 3.18.1 yol nişanı sağa hərəkəti qadağan edir.

Fotolardan da göründüyü kimi, bu nişanlar bir-birinin əksinədir və bu biabırçı mənzərə açıq-aydın görünür. Maraqlıdır ki, bu ərazi üzrə xidmətə cəlb olunan yol polisi əməkdaşları bunu görmürlər və ya görmək istəmirlər. Əslində isə yol-patrul xidməti haqqında təlimatda dislokasiya üzrə təyin olunmuş yol polisi əməkdaşının ərazidəki nöqsanları aşkar edib rəhbərliyə məruzə etməsi və problemin tez bir zamanda aradan qaldırması məsələsi çox açıq şəkildə və sadə dildə yazılıb. Qeyd olunan ziddiyətli nişanlar isə bir neçə aydır ki, həmin ərazidə sürücüləri çaşdırır.

Yeri gəlmişkən, bu gün Avtosfer.az saytının əməkdaşı həmin ərazidə fotoçəkiliş apararkən yol patrul xidməti maşını yaxınlıqa dayanıb və prosesi müşahidə etdikdən sonra oradan uzaqlaşıb.

Qanunvericiliyə görə, yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyətlərə görə sürücü məsuliyyət daşımır. Yəni, hazırda Mətbuat prospektində hərəkət edən sürücü qeyd olunan ərazidəki svetafordan sağa hərəkət edərsə, yol polisinin onu saxlayıb cərimə tətbiq etməyə ixtiyarı yoxdur. Çünki yol polisi ilk növbədə bu problemi aradan qaldırmalıdır. Sonra qayda pozanlarla mübarizə apara bilər. Məsələ burasındadır ki, həmin ərazidə müşahidə kameraları da var və maraqlıdır ki, Bakı şəhər DYP İdarəsi bu kameralar vasitəsilə də həmin problemi görüb aradan qaldırmır. Amma kameraların bu problemi çəkməməsini təbii qarqşılamaq da olar. Çünki yol nişanı elə yerdə qoyulub ki, ağacların yarmaqları arasında görünməz olub. Üstəlik, yol nişanı düzgün yerdə də quraşdırılmayıb. Qanuna görə, bu nişan svetaforun altında quraşdırılmalı idi. Amma biz fotolardan da görürük ki, nişanla svetafor arasında ən azın 5 metr məsafə var.

Svetafordan söz düşmüşkən, ağacın yarmaqları nəinki yol nişanlarının, heç svetaforun da normal görünməsinə imkan vermir. Avtosfer.az saytı yaxın vaxtlarda ağac arxasında yoxa çıxan yol nişanları ilə bağlı reportaj təqdim edəcək.

Mətbuat prospektindəki nişanlar isə aylardır ki, oradadır və biri sağa dönməyə icazə verir, digəri qadağan edir. Biri deyir, olar, o biri deyir, olmaz. Bəs görəsən, aidiyyatı qurumlar bu məsələyə nə deyir?

 

Elməddin MURADLI

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Cavid 10 Noyabr 2014 22:55
Bu biabırçılıqtək orda deyil ki Dilarə Əliyeva 230 yaxınlığında Penitensiar xidmətə çatmamış yerdə nişan dönməni göstərir, göydə isə düzünə göstərir. Kim yerdəki işarə ilə dönürsə polis qabaqda gizlənib onu saxlayır və dərhal protokol tərtib edir. Bu sadəcə vicdansızlıq və qanuna hörmət etməməkdir.