AYNA taksilərin sayını azalda biləcəkmi? - Bir şərtlə ki...

Yazarlar 9 May 2024 12:34 Oxunub 308
AYNA taksilərin sayını azalda biləcəkmi? - Bir şərtlə ki...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qanunvericiliyin tələbinə uyğun olaraq, ölkədə taksi sayına məhdudiyyət qoyula biləcəyini açıqlayıb.

Bildirilib ki, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bu proseslərin qanunvericilikdə nəzərdə tutulduğunu xatırladıb: "AYNA burada icraedici orqan kimi qanunun tələblərini yerinə yetirir. İş orasındadır ki, bu günə qədər heç bir təhlil aparılmadığı üçün paytaxtın və digər şəhərlərin nə qədər taksiyə ehtiyacının olduğu müəyyənləşməyib. Bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyi paytaxtda 8-10 min taksi saxlayacaqlarını bildirmişdi. Amma bunu edə bilmədilər və BNA ləğv olundu. AYNA isə hazırda bu rəqəmin 30 min ətrafında olmasına çalışır. Bu da real olmadığı üçün düzgün təhlil aparılmalıdır".

Onun sözlərinə görə, taksilərin sayının azaldılması təcrübəsi dünyanın qabaqcıl dövlətlərində də tətbiq olunur: "Məsələn, qardaş Türkiyədə taksilərin fəaliyyəti ilə bağlı ciddi məhdudiyyət var və heç kim bunu keçə bilməz. Bununla belə, çox insan qeyri-qanuni fəaliyyət göstərir. Bu da göstərir ki, heç bir dövlət bu problemin qarşısını ala bilmir. Hansısa qurum onları bir-bir saysın və ya hansısa tədbir görsün. Bu, yaxşı hal olmasa da, müəyyən səbəbləri var. Ölkəmizdə də insanlar müxtəlif səbəblərdən taksi sürücüsü olmağa məcbur qalır. Kimisi işsizlikdən bu sahəyə üz tutur. Kimisi də bu sahəni asan qazanc yeri kimi görür və avtomobil alaraq, taksi sürücülüyünə başlayır. Eləsi də var ki, bütün ömrünü bu sahəyə həsr edir. Bəzilərinin isə maaşı az olduğu üçün əlavə qazanc əldə etmək məqsədilə işdən sonra bir neçə saat taksi fəaliyyəti göstərir. Bu istiqamətdə çox misal göstərmək olar. Bunların heç birini əsl taksi xidməti ilə eyniləşdirmək olmaz".

Ekspertin fikrincə, say məsələsini müəyyənləşdirmək hələ tezdir: "Çünki çox ağır prosesdir. Bakı şəhərində ictimai nəqliyyat bərbad vəziyyətdə olduğu üçün insanların çoxu taksilərdən istifadə edir. Bu problemi aradan qaldırmadan taksilərin sayına məhdudiyyət qoymaq və ya ləğv etmək hələlik reallıqdan uzaqdır. Düşünürəm ki, prosesə indidən başlaya bilməyəcəklər. İctimai nəqliyyat nə vaxt inkişaf edərsə, avtobuslar bir-birinin ardınca, real vaxt rejimində və dəqiq intervalla hərəkət edərsə, o zaman da taksilərin sayı 20 minə qədər azalacaq".


(tns.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh