Ekspert: "Pandemiya zamanı avtomobil bazarı fəaliyyət göstərməli idi"

Yazarlar 14 Avqust 2020 10:12 Oxunub 3730
Ekspert: "Pandemiya zamanı avtomobil bazarı fəaliyyət göstərməli idi"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox sahələrin aktiv fəaliyyətini axsatdı. Əhalinin gündəlik qida ehtiyatlarını qarşılamayan, ancaq paltar və s. mallar satışı keçirilən iri ticarət mərkəzləri də müvəqqəti olaraq qapılarını bağladı. Bağlanan belə mərkəzlərdən biri də maşın bazarıdır.  Avtoyol.az saytına müsahibə verən Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Pandemiya dövründə maşın bazarının fəaliyyət göstərən sahələr sırasına daxil edilməli olduğunu qeyd etdi.  

“Pandemiya dövründə avtomobil bazarında vəziyyət heç də ürəkaçan olmadı. Avtomobil bazarlarının, avtosalonların fəaliyyətinin dayandırılması, məhdudiyyətlərin tətbiq edilməsi lazımsız idi.  Yumşalma dövründə  bu məsələlərə diqqət ayrılmalıydı. Çünki avtomobil bazarı açıq havada fəaliyyət göstərir. İnsanlar arasında məsafəni qorumaq, dezinfeksiya işləri aparmaq, sanitar qaydalara əməl etməklə bazarın fəaliyyətini təşkil etmək mümkün idi. Eyni zamanda avtosalonlarda da bu məsələ tənzimlənə bilərdi.”

Elməddin Muradlı pandemiya dövründə avtomobil bazarında qiymətlərin sabit olmadığını bildirdi. 

 

“ Ümumilikdə bazarda bu  gün qiymətlər sabit deyil. İnsanlar öz avtomobilini satışa çıxararkən təssüflər olsun ki, alıcıların təsirinə düşürlər. Onlar da hər vasitədən istifadə edib avtomobili dəyərsiz bir vəziyyətə gətirib alırlar. Pandemiyanın ilk aylarında bu proses daha ağır formada gedirdi. Aylarla internet resurslarında  satışa qoyulan avtomobillərə yaxın duran olmurdu. Amma hazırda müəyyən dirçəlişlər hiss olunmaqdadır.”  

Ekspert Son yumşalma tədbirlərindən sonra avtomobil bazarının inkişafı üçün dövlətin müəyyən güzəştlər etməsini təklif etdi. 

 

“Hazırda avtosalonlara az-az  insanlar gəlir. Düşünürəm ki, avtomobil sahəsinə pandemiyanın təsiri bir neçə ay davam edəcəkdir. İnsanlar avtomobil almağa tərəddüdlə yanaşırlar. Çünki heç kim bilmir ki, pandemiya nə vaxt bitəcək, normal həyata nə vaxt qayıdacağıq. Vaxtı ilə bahalı avtomobil almaq həvəsində olan şəxslər, bu gün daha ucuz və ekonom avtomobil axtarır. Burada iqtisadi amillər özünü aydın göstərir. Dövlət tərəfindən avtomobil  bazarının inkişafına müəyyən imkanlar yaradıla bilər. Burada gömrük və vergi rüsumlarının azaldılması və ya 2017-ci il səviyyəsinə qaytarılması arzuolunandır. Bununla bağlı hökumətə dəfələrlə təkliflər də verilib.”

Elməddin Muradlı avtomobil sahəsində ciddi maliyyə imkanlarının olduğunu diqqətə çatdırdı. 

"Dövlət tərəfindən də müəyyən dəstək nümayiş etdirilsə avtomobil bazarındakı vəziyyəti ilin sonuna qədər düzəltmək olar. Əks halda bu proses gələn ilin ortalarına qədər zəif formada özünü göstərəcəkdir. Amma nəzərə almaq lazımdır ki, bu sahədə çox ciddi maliyyə imkanları var və bu imkandan da dövlət bəhrələnə bilər." 

Pandemiya ölkə ərazisində avtomobillərin satışına mənfi təsir göstərsə də, ölkəyə idxal edilən avtomobillərin sayı azalmamışdır. 

“Xarici ölkələrdən Azərbaycana gətirilən maşınların sayı azalmayıb,  idxal hələ davam edir. Xüsusən bunu avtosalonlar, böyük diller şəbəkələri həyata keçirir. Ancaq alıcılıq qabiliyyəti olduqca aşağıdır.” 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh