Artan yoluxma sayında avtobusların payı: Təklif və iradlar nədir? - ARAŞDIRMA

Yazarlar 19 Aprel 2021 17:10 Oxunub 3096
Artan yoluxma sayında avtobusların payı: Təklif və iradlar nədir? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təəssüflə qeyd etməliyik ki, pandemiya ilə mübarizəni çətinləşdirən, yoluxmanın artmasına səbəb olan ən mühüm faktorlardan biri də  avtobuslarda olan sərnişin sıxlığıdır. Gündəlik nəqliyyatdan istifadə edən hər birimiz bu problemlə qarşılaşırıq. Əsasən də günün pik saatlarında. Hər gün evdən işə, işdən də evə tələsən insanların əksəriyyətinin həm “ümid yeri”, həm də “yaralı nöqtəsi” avtobuslardır.

Bu baxımdan  “İki sahil”  paytaxt sakinlərinin məsələ ilə bağlı  fikir və təkliflərini öyrənib:

Daha çox  avtobus hərəkətə çıxarılsın və mümkündürsə metro açılsın

Paytaxt sakini Gülnarə Quliyeva qeyd edib ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətindən razı deyiləm: “Yaranmış durumdan asılı olaraq ictimai nəqliyyatda  gediş-gəliş çətindir. Avtobuslarda sosial məsafə qəti gözlənilmir, o qədər sıxlıq olur ki, heç məsafə gözləmək də mümkün olmur. Pandemiya qaydalarına riayət olunmur. Avtobuslarda o qədər sıxlıq olur ki, elə bil plan doldururlar. Salon dolur olur, tərpənmək olmur, amma yenə də sərnişin yığırlar. Cəmiyyətin əksər hissəsi bu qənaətdədir ki, ən çox yoluxma elə avtobuslarda olur.  Təklifim odur ki, daha çox  avtobus hərəkətə çıxarılsın və mümkündürsə metro açılsın. Bu gün avtobuslarda sixlığı yaradanlar metro istifadəçiləridir.”

Yoluxmanın artmasının 60-70 faiz səbəbi avtobuslardır

Tofiq Məmmədov isə sualımıza sualla cavab verdi: “Ümumiyyətlə,  ictimai nəqliyyatdan razı qalan var?” . Daha sonra həmsöhbətimiz bildirdi ki, ictimai nəqliyyat virusun yayılma mənbəyidir: "Vətəndaş olaraq bundan narazıyam. Yoluxmanın artmasının 60-70 faiz səbəbi avtobuslardır. Metronun açılmaması insanları çox narahat edir. Sual yaranır ki, niyə açılmır, səbəb nədir? Bunun dəqiq açıqlaması yoxdur. İctimai nəqliyyatın işini dəyişmək lazımdır. Dövlət bunun üçün müvafiq qurum ayırıb. Həmin müəssisə bu  problemin səbəblərini araşdırıb, həll etməlidir. Dayanacaqlarda mərkəzləşdirilmiş sistemlə işləyən ekranlar quraşdırılıb. Orada avtobusun hərəkət sxemi göstərilməlidir. Bunun üçün milyonlarla xərc çəkildi. İndi həmin  aparatlar gözdağı kimi qalıb. Bəs, onda niyə alınmışdı? Niyə işləmir?".

Metro açılsa, avtobuslarda belə sıxlıq olmaz

Paytaxt sakini Rəhman Atakişiyev vurğulayıb ki, pandemiya dövründə avtobusların sərnişinlərlə dolu olması, sosial məsafəyə əməl etməyin mümkün olmaması yoluxmanın artmasına səbəb olur: “Metro bağlıdır, ona görə da əksəriyyət avtobuslardan istigadə edir. Sərnişin  tibbi maska taxsa belə, sosial məsafə gözlənilmirsə, əlbəttə ki, COVID-19-a yoluxacaq. Ona görə də metronun bağlı qalmasında bir məntiq görmürəm. Metro açılsa, avtobuslarda belə sıxlıq olmaz. Həm insanlar rahat gedib-gələr, həm də virusun yayım arealı məhdudlaşar".

 

İki nəfərlik oturacaqda bir sərnişinin əyləşməsi qaydası bərpa edilməlidir

Didari Zülfiyyənin fikrincə, avtobuslar belə davam edərsə yoluxma sayı artacaq: “Dəfələrlə şahidi olmuşam ki, sürücülər avtobusu ağzına qədər doldurur və deyirlər ki, bir az da mehriban olun, sıxlaşın.  Bəs, harda qaldı sosial məsafə, pandemiya qaydaları? Deyirlər ki, avtobusların içərisi gündə bir dəfə təmizlənir. Müşahidələrimə əsasən deyirəm ki, belə deyil, onlar heç həftədə bir dəfə də təmizlənmir. Baxıram ki,  tutacaqlar, pəncərələrin qırağı qalın tozdur. Belə gedişlə pandemiya çətin azalsın. Pandemiya ilə mübarizədə qalib gəlmək istəyiriksə, qaydalara əməl etməliyik. Avtobuslarda tətbiq edilən əvvəlki qaydalar - iki nəfərlik oturacaqda bir sərnişinin əyləşməsi, ayaqüstə sərnişin daşınmasına icazə verilməməsi kimi qaydalar yenidən bərpa edilməlidir".

Bəs, mütəxəssislər bu haqda nə düşünür?

Əsas səbəb avtobusların pik saatlarda tıxacda qalması, intervalların sıxlıqlara görə yubanmasıdır

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “İki sahil”ə açıqlamasında bildirib ki, sərnişinlərimizin narahatlığı anlaşılandır. Amma məsələ burasındadır ki, BNA-nın tapşırığına əsasən bu gün daşıyıcılar tərəfindən xətlərə xüsusən də metro stansiyalarını əlaqələndirən ekspress xətlərə maksimal sayda avtobus çıxarılır. Pik saatlarda dayanacaqlarda və avtobuslarda sərnişin sıxlıqlarının olması avtobusların sayının azlığı ilə əlaqələndirmək doğru olmazdı. Bu gün gündəlik olaraq xətlərə 15-20% artıq avtobus çıxarılır. Burda əsas səbəb avtobusların pik saatlarda sıxlıqlarda qalması, intervalların sıxlıqlara görə yubanmasıdır. 

M.Ağayev əlavə edib ki, bu vəziyyətin qarşısının alınması üçün Bakı NəqliyyatAgentliyi tərəfindən müvafiq tədbirlər görülür. Avtobus zolaqları da məhz bu səbəbdən təşkil olunmaqdadır. Bu günə qədər 10 küçə və prospektdə belə zolaqlar təşkil edilib. Amma bu, yetərli deyil, çünki zolaqların küçələr boyunca davamlılığı yoxdur. Buna nail olunması üçün ciddi tədbirlər aparılır.

Metronun yükünü qaldırmaq üçün xəttə 3000 avtobus buraxılmalıdır

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, ictimai nəqliyyat bu gün ən çox tənqid olunan sahədir. Bunun səbəblərindən biri odur ki, ictimai nəqliyyatın alternativi yoxdur: “Metro işləmir,  tramvay-trolleybus ümumiyyətlə yoxdur. Ümid bir avtobuslara, bir də 1 manatlıq taksilərə, bəzən də qanuni və ya qanunsuz yolla olsa da fəaliyyət göstərən bəzi mikroavtobuslara qalır.  Onlar əsasən qəsəbələrə sərnişin daşıyır. Bu gün üçün bu, ən azından bir köməkdir. Ümumilikdə  mövcud vəziyyətdən çıxmaq üçün   geniş ictimai nəqliyyat sferası olmalıdır. Bura alternativ ictimai nəqliyyat növləri daxildir. Bunun üçün də dövlət başçısının tapşırığına əsasən,  “Yol hərəkətinin təhlükəsizliyinə dair” 5 illik dövlət proqramı qəbul olunub. Bu proqrama əsasən,  ictimai nəqliyyatın alternativləri yaradılmalıdır. Pandemiya bu sahədə  görüləcək tədbirlərin icrasını ləngidir. Fikrimcə, gələcəkdə ictimai nəqliyyatın digər növləri yaradılsa, avtobuslarda sıxlığın şahidi olmayacağıq.”

Ekspert əlavə edib ki, metronun yükünü qaldırmaq üçün xəttə 3000 avtobus buraxılmalıdır. “Bu gün təxminən 2200-2500 avtobus  sərnişindaşıma həyata keçirir. Düzdür, yeni avtobuslar gətirilir, amma eyni zamanda da köhnələri xətdən çıxarmağı tələb edirlər. Çünki o avtobuslar istismar dövrünü başa vurub, təhlükəlidir. Deməli, rəqəmlər dəyişmir. 10 ədəd avtobus gətirilirsə, 10 ədədi də istismardan çıxarılır. Beləliklə, biz hələ o rəqəmi əldə edə bilməmişik. Metro işlədiyi vaxtlarda 2500 lazım idisə, indiki halda təxminən 3000 avtobus olmalıdır ki, metronun yükünü qaldıra bilsin. Avtobuslar  hətta metro işləyəndə belə, sərnişinləri tam daşıma gücünə malik deyildi, fəaliyyətləri qane etmirdi. Bu gün metro işləmirsə deməli  əvvəlki dövrlə müqayisədə  3 qat daha artıq problem var.”

Həmsöhbətimiz  metronun açılması ilə bağlı məsləyə də toxundu: “Bu gün metronun müəyyən şərtlər daxilində işləməsi heç bir təhlükə yaratmaz. 1 saat avtobusda sıx şəkildə yol getmək, metronun 15-20 dəqiqəsindən daha təhlükəlidir.  Zənnimcə, metro daha təhlükəsiz variantdır.  Metroda platformada giriş-çıxışda polis əməkdaşları durmalıdır. Nəzarətçilər olmalı və bir-birilə əlaqə saxlamalıdırlar. Platformada qatarda sıxlıq varsa, içəri sərnişin daxil olmasını məhdudlaşdırmaq lazımdır. İnsanlar azaldıqdan sonra isə metroya  girişə icazə verilməlidir. Belə olarsa, hazırki mənzərə 40 faiz müsbətə doğru dəyişə bilər.

Bu problemin həllinə tibbi baxımdan yanaşdıqda hansı nüanslar ortaya çıxır?

Metronun açılması yoluxmanın artmasına səbəb olacaq

Tibb üzrə fəlsəfə doktoru , həkim-infeksionist Vüqar Cavadzadə “İki sahil” ə açıqlamasında söyləyib ki, hazırda yoluxmanın artmasında əsas pay avtobuslara düşür. Avtobuslarda  sıxlıq müşahidə olunur. Zənnimcə, xəttə çıxan avtobusların sayı artırılsa belə, bu, yoluxmanın azalmasına təsir etməyəcək. Çünki şəhərdə böyük tıxac olur və marşrutlar da ilişib qalır tıxacda.  Bu da  qapalı yerdə  insanlarına daha çox qalmasına, bir-birilə təmas müddətinin uzanmasına səbəb olur.

Mütəxəssis qeyd edib ki, ümumiyyətlə hər kəsin istifadə etdiyi cərrahi maskalar birmənalı şəkildə 100 faiz qorumur. Yəni, avtobuslarda da cərrahi maskalardan yoluxma baş verə bilir: “Vətəndaşlarımız maska seçiminə ciddi yanaşmalıdırlar. Yaxşı olardı ki, N95 və ya KN95 maskalarından istifadə etsinlər və yaxud da qapalı məkanlara,  avtobusa, ticarət mərkəzinə, insanların kütləvi olduğu məkana daxil olduqda cərrahi maskanın ikisini birdən taxsınlar. Bu, tək taxılan maskalara nisbətən daha güvənlidir.

Həmsöhbətimiz metronun açılmasını arzulayanlar üçün də müəyyən nüanslara aydınlıq gətirib: “Bir avtobus  təxminən 50-60 nəfər sərnişin üçün nəzərdə tutulub. Amma  metro vaqonlarında bunan qat-qat artıq sərnişin olur. Metro tamamilə qapalı yerdir və gün ərzində minlərlə sərnişin istifadə edir. İndi təsəvvür edin ki, həmin qapalı məkanlarda mikrobioloji cəhətdən necə çirkli  vəziyyət yaranır. Nə qədər güclü ventilyasiya aparılsa  da, orada yoluxmaların sayı artacaq. Avtobusların  sərnişin tutumu isə azdır və onlar açıq havada hərəkət edir. Pəncərələri açıq olur, dayanacaqdan-dayanacağa qapılar açılır və hava dəyişir. Metroda isə bunu etmək mümkün deyil. Ona görə də metronun açılması yoluxmanın artmasına səbəb olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh