Polis Günü – Bütün şəxsi heyətə təbrik və təklif…

Yol polisi 2 İyul 2015 03:41 Oxunub 28693
Polis Günü – Bütün şəxsi heyətə təbrik və təklif…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beş polis 1 nəfəri, yoxsa 1 polis 5 nəfəri zərərsizləşdirməyi bacarmalıdır?

Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. AXC süqut etdikdən sonra bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azad fikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi.

Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynayıb. Müstəqil Azərbaycan polisi isə əhalinin sabit, təhlükəsiz və rahat şəraitdə yaşamasını, dövlətin qüdrətlənməsini, cinayətkarlığın səviyyəsinin azalmasını təmin edib. Çünki Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi.

Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallarla təltifə layiq görülənlər var.

Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara uyğunlaşdırılır. Ulu öndər, mərhum Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Avtosfer.az polisin bütün şəxsi heyətini Polis Günü münasibətilə təbrik edir, onlara fədəkar, şərəfli və əzmli işlərində uğurlar arzu edir. İnanırıq ki, çox qısa müddətdə polisin vətəndaşa, vətəndaşın da polisə inamı və dəstəyi ən yüksək səviyyədə olacaq. Bu isə cəmiyyətin daha sürətlə inkişafına və pisliklərin, cinayətlərin aradan qalxmasına təkan vermiş olacaq. Buna nail olmaq üçün polis ictimaiyyətə açıq olmalı, cəmiyyətlə sıx münasibət qurmalı və cəmiyyətin «dilini tapmalıdır». Bu yolda vətəndaş cəmiyyətinin fəaliyyətindən faydalanmaq vacibdir.

Son illər polisin fəaliyyəti ilə bağlı bir çox müsbət nəticələri qeyd etmək olar. Nəzər saldıqda artıq polis sıralarında gənclərin daha çox olduğunu görə bilərik. Gənc və çevik polis əməkdaşlarının sayı artır. Eyni zamanda, daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarına yeni qəbul edilən əməkdaşların fiziki hazırlığı ilə yanaşı, boy məsələsinə də xüsusi önəm verir. Çünki heç bir rəhbər şəxs istəməz ki, onun rəhbərlik etdiyi orduda arıq, balacaboy və ya kök, yekəqarın əməkdaş olsun. Əvvəllər bütün bunlar var idi. Amma son illər bu tendensiya azalmağa başlayıb. Bir neçə ildən sonra bu sahənin tam qaydaya salınacağı şübhəsizdir. Çünki artıq fiziki hazırlığı, boyu, intellektual səviyyəsi, xarici dil bilmə qabiliyyəti olmayanlar daxili işlər orqanlarına qəbul edilmir. İnanırıq ki, bu cür qaydaların tətbiqi gələcəkdə polis adına ləkə gətirənlərin bu sistemə düşə bilməsinin qarşısını alacaq.

O ki qaldı xarici dili bilən polislərin vacibliyinə, bəli, bu, vacibdir. Amma polis xarici ilə dil tapmazdan əvvəl ilk növbədə öz vətəndaşları ilə dil tapmağı bacarmalıdır. Vətəndaşlarla kobud davranış, yuxarıdan aşağı baxmaq kimi xüsusiyyətlər və hərəkətlər polis adına ləkədir. Hər bir vətəndaş, hətta cinayət törətmiş şəxs belə polisin mədəni, qanuni və insani keyfiyyətlər çərçivəsində davranışına dərhal tabe olur. İstisnalar ola bilər. Lakin bizim mental xüsusiyyətimiz belədir ki, xoş sözə, xoş davranışa tabe oluruq. Qarşısındakının polis olduğunu, mədəni davrandığını görən vətəndaş tabesizlik göstərməyəcək. Lakin polis vətəndaşa əl-qol atacaqsa, küçə jarqonları ilə danışacaqsa özünə hörmət edən vətəndaş ona mütləq cavab qaytaracaq, kobud münasibətə kobud cavab verəcək.

Başa düşürük, bu gün polisimiz daha çox işləyir, səhər saat 7-8 radələrində işə gəlib, axşam saat 8-9-da evə gedənlər var. İlk Avropa Oyunları müddətində polisin etdiyi müstəsna xidmətləri danmaq ən azından nadanlıq olardı. Bu cür iş rejimində çalışan əməkdaşlardan xoş münasibət gözləməyin özü də bir problemdir. Amma bütün hallarda, mümkün qədər səbrli, təmkinli və hərbə-zorbanı son variant kimi istifadə etməyi bacaran polis bizim başucalığımızdır. 

Hərbə-zorba demişkən, polisin güc tətbiq etmək kimi səlahiyyəti var. Amma bəzi vətəndaşlar var ki, polisə tabe olmur və güc tətbiq olunanda bunu işgəncə və ya qəddar münasibət kimi qələmə verirlər. Lakin biz Avtosfer.az saytı olaraq daim yol polisləri ilə işlədiyimiz üçün görürük ki, bəzi sürücülər özlərini polisdən üstün tutur, polisə tabe olmamağı qəhrəmanlıq sayırlar. Və belə hallarda polisin əliyalın şəkildə sərxoş, narkoman, cinayətə meyilli insanlarla mübarizə aparması da acınacaqlıdır.

Düzdür, bir neçə ay əvvəl Milli Məclisdə qəbul olunan qanuna görə, polis əməkdaşlarının rəis heyətinə, komandirlərə elektroşokdan istifadəyə icazə veriləcək. Lakin polislər hələ elektroşokün üzünü də görməyiblər.

Qanuna görə, yol polisləri xidmətə çıxarkən tabel silahı üzərində olmalıdır. Lakin biz görürük ki, əksər hallarda silahsız olurlar. Bir müddət əvvəl bu məsələ geniş müzakirələrə səbəb oldu və bəziləri yol polisinin silahla xidmətə çıxmasını az qala faciə kimi dəyərləndirməyə çalışdılar. Lakin unutmaq olmaz ki, polis polisdir, yol polisi, mühafizə polisi, çevik polis fərq etməz. Polis haqqında qanunda, təlimatlarda da silahın olması birmənalı şəkildə əksini tapıb. O zaman yaxşı olardı ki, polislərimiz, xüsusən də gecə vaxtı xidmətdə olan əməkdaşlar silahla və xüsusi vasitələrlə mütləq təmin olunsunlar. Kimsə bunu antidemokratik addım, insan haqlarına zidd əməl kimi qəbul etməsin. Çünki bütün inkişaf etmiş  dövlətlərdə, hətta «demokratiyanın beşiyi» saydıqları Amerikada da bu qaydalar mövcuddur. Azərbaycanda da bundan istifadənin vaxtı çatıb və bəlkə də gecikmişik.

İnanın ki, bizim hoqqabaz sürücülərimiz polisin üzərində silah, qandal, dəyənək görəndə elə sakit təslim olacaqlar ki, nə hay-küy olacaq, nə də bir-birinə əl-qol atacaqlar. 

Bütün bunları sadalamaqda məqsəd odur ki, biz polisimizi daha yüksək səviyyədə, məğrur, əyilməz, döyülməz bir qüvvə kimi qəbul edək və sevək. «Filan yerdə polisi döydülər, maşınla vurub əzdilər, ayağının üstündən keçdilər, boğazını kəsdilər, üstünə benzin töküb yandırdılar» kimi hadisələr və ya xəbərlər polisi sanki acizləşdirir və başqaları da bundan nümunə götürür. Ümumiyyətlə, belə hallar niyə baş verir? Polis niyə bu qədər hazırlıqsızdır ki, sürücü onu döyə bilir, yaralaya bilir, üstünə maşın sürüb ayağının üstündən keçə bilir? Bəs fiziki hazırlıq, peşəkarlıq harda qaldı?

Hamımız yaxşı bilirik ki, avtoxuliqanlıq edən, sərxoş halda maşın sürən, polisə tabe olmayan sürücü görsə ki, onu saxlayan polisin üzərində silah var, dəyənək var, bir az o yan-bu yan olsa qandalı vurub qoluna, aparacaq, o zaman o sürücü dərhal tabe olmaq bir yana, nə içib maşın sürəcək, nə də «avtoş»luq edəcək.

Biz istəyirik ki, 5 polis birləşib bir sürücünü maşına mindirmək üçün əzab-əziyyət çəkməsin. Biz istəyirik ki, 1 polis 5 cinayətkarı zərərsizləşdirə bilsin - istər fiziki, istər psixoloji, istərsə də danışıqla, sözlə…

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh