Bakının ən sərfəli «biznes taksiləri» – MÜQAYİSƏ

Gündəm 25 Avqust 2015 15:29 Oxunub 12771
Bakının ən sərfəli «biznes taksiləri»  – MÜQAYİSƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaxt puldur! – dəqiqəsi 5-6 qəpik

Azərbaycanda xidmətlərinin ciddi biznesə çevrilməsi ilə yanaşı, xidmətin çeşidi də genişlənib. Avtosfer.az xəbər verir ki, son illərin taksi trendi «biznes taksi»lərdir. Artıq taksi firmalarının əksəriyyəti, ənənəvi taksi xidməti ilə yanaşı, «biznes» taksi xidmətləri də göstərirlər. Adi taksi xidmətlərində olduğu kimi, burada da xidmətin səviyəsi və qiyməti bir-birindən fərqlənir.

 

Ətrafımızdakı rahatlıq

 

Azərbaycan vətəndaşlarının əksəriyyəti «biznes taksi» xidmətinin mövcud olmasını ilk dəfə taksi xidmətlərinin birinə zəng edərkən eşidiblər. Adətən bu xidmətə taksi sifariş edəndə xəttin o tayında maşının «ekonom», yoxsa «biznes» klass olması dəqiqləşdirilir.

Adından da məlum olduğu kimi, «biznes taksi»lər adi taksilərdən daha yüksək səviyyəsinə görə fərqlənir. Bu özünü həm maşının vəziyyətində və sinfində, həm də təbii ki, qiymətlərdə göstərir.

 

Köhnə avtomobillər «biznes»ə yaramır

 

Bütün dünyada olan ənənəvi yanaşmaya görə, «biznes taksi» avtomobilləri ənənəvi  taksilərdən 3 göstəricisinə görə fərqlənirlər. Bunlar avtomobilin sinfi (klassı), avtomobilin istehsal tarixi və elektron cihazlarla təminatıdır. Bir qayda olaraq «biznes taksi»lər üçün «E klass» avtomobillərdən istifadə edilir. Yəni bu avtomobillərin mühərrik həcmi 2 litrdən az olmamalıdır. Köhnəliyinə gəlincə, bu məqsədlə ən çoxu 4 ilin avtomobilləri istifadə oluna bilər.  Hərçənd ölkəmizdə «biznes taksi» kimi, 6 ilin maşınları da istifadə edilir. Nəhayət «biznes taksi»lərdə tam elektronpaket olmalıdır.

 

Özünü «biznesmen» sayanlar

 

Bəlkə də ilk baxışdan qəribə görünər, amma «biznes taksi»lərin əsas istifadəçiləri adi vətəndaşlardır. 189 taksi xidmətinin rəhbəri Ağacan Abbasov burada qəribə bir hal görmür. Onun sözlərinə görə, adi taksi istifadəçiləri bir qayda olaraq adi taksilərdən istifadə edir: «Amma bəzən xüsusi tədbirə getdikdə onlar daha dəbdəbəli görünmək və ya rahat olmaq istəyirlər. Onda «biznes taksi» çağırırlar». «Xüsusi tədbir» toy-nişan, digər tədbirlər, görüşlər və s. ola bilər.

 

«GL», «S Class», «Land Cruiser»

 

«Biznes taksi»lərin vasitəsilə «Mersedes GL», «S Class», «Toyota Land Cruiser», «Hyundai», «KİA» və s. avtomobillərdə gəzmək olar. Hazırda Bakının «biznes taksi»lərində ən dəbdəbəli avtomobil 2014-cü ilin «Mersedes GL» və «Mersedes S class»ları, eləcə də  2015-in «Toyota Land Cruiser»i sayılır. «Biznes» səyahət üçün digər markaların «biznes» versiyalarından da istifadə olunur. Amma bir məsələ var ki, bu maşınları əvvəlcədən sifpriş vermək olmur. Yəni əgər hansısa şirkət «Mersedes GL» təklif edirsə, bu o demək deyil ki. siz həmni gün «Mersedes GL»də gəzə biləcəksiniz. Sifariş qəbul ediləndə müştəriyə həmin əraziyə ən yaxın olan avtomobil yönəldilir. Bu isə «Toyota Camry», «Skoda SuperB», «Hundai Sonata» və s. ola bilər.

 

«Qonağa hörmət borcumuzdur»

 

«Biznes taksi»lərin digər istifadəçiləri korporatik sektor, yəni şirkətlərdir. Bəzi şirkətlər taksi firmaları ilə daimi əməkdaşlıq edirlər. Bu həm yaxşı münasibətlərin olmasına, həm də qiymətdə endirimə imkan verir. Şirkətlər «biznes taksi»lərdən əsasən xarici qonaqlara xidmət üçün istifadə edirlər: «Bizim xalq qonaqpərvərdir, yəni hər şeyin ən yaxşısını qonağa verir, bu xüsusiyyət özünü korporativ ənənələrdə də göstərir».  Nəticədə xarici qonağın aeroportda qarşılanması, səfər ərzində hərəkət etməsi üçün «biznes taksi» tutulması adi hala çevrilib.

 

Qapını kim açmalıdır?

 

«Biznes taksi»lərdə sürücülərlə bağlı elə bir fərqli tələb yoxdur. Taksi sürücülərinə olan tələblər qanunda göstərilib, əlavə tələblər nəzərdə tutulmayıb. Biznes taksilərdə əlavə xidmətlər də yoxdur, məsələn, müştəri qapını özü açmalıdır – nə qədər komfortlu olsa da, bu yenə də taksidir.

 

«Biznes taksi»lərin müştəriləri artacaq

 

«Biznes taksi» xidməti göstərənlərin sayı artsa da, ondan istifadə edənlər elə də çox deyil. Avtosfer.az xəbər verir ki, bu barədə 189 taksi xidmətinin rəhbəri Ağacan Abbasov fins-ə bildirib ki, taksi xidməti üçün müraciət edən hər 10 nəfərdən yalnız 1-2-si «biznes» müştəriləridir. Bununla yanaşı, ekspert belələrinin sayının artacağını gözləyir: «İnkişaf getdikcə insanlar öz rahatlıqları barədə düşünürlər. Deməli daha rahat variant olan «biznes taksi» xidmətindən istifadə də artacaq».

 

Gediş haqqı

 

Deyildiyi kimi, «biznes taksi»lərdə gediş haqqı adi taksilərdən yüksəkdir. Amma şirkətdən və gedilən yoldan asılı olaraq qiymətlər dəyişir. Ümumilikdə «biznes taksi»lərdə hər kilometrə görə gediş haqqı 1 manatdan başlayır, yol uzandıqca, 40 qəpiyədək azalır (gediş haqları ətraflı cədvəldə göstərilib). Gediş haqqına pik saatları da təsir edir. Saat 17-dən 20-dək davam edən bu müddətdə gediş haqqı 10-20% artır.

Bəzi şirkətlərdə adi taksilərlə biznes taksilərinin gediş haqqı arasında az qala ikiqat fərq var. Məsələn, «Taxi Tap»da olduğu kimi. 189 taksi xidmətində isə  adi taksidən düşüb «biznes»ə əyləşmək üçün cəmi 17% artıq ödəmək lazımdır.

 

Vaxt puldur! – dəqiqəsi 5-6 qəpik

 

«Biznes taksi»ləri adi qaydada sifariş vermək olar – telefon, onlayn və ya mobil tətbiqlər vasitəsilə. Şirkətlər iddia edirlər ki, sifarişdən uzağı 15 dəqiqə sonra taksi müştərinin yanında olacaq. Əksər şirkətlərdə bu alınır. Hərçənd tıxaclı saatlarda taksilər ecikə bilər. Gözləmə müddəti də adi taksilərdə olduğu kimidir – dəqiqəsi 5-6 qəpik. Biznesmenlər üçün vaxtın pul oldığını nəzərə alanda qətiyyən pis qiymət deyil.

 

 

Şirkətlər

20km-ə gediş haqqı

Adi taksi

Biznes taksi

Taxi tap

9,7 azn

17,2 azn

Taxi 24

9,74 azn

13,35 azn

189

12 azn

14 azn

Uber

15 azn

21 azn

Dost taxi

11,8 azn

14 azn

 

 

 

 

Fins.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh