Cəza ağırlaşır, “avtoş”lar yorulmurlar...

Yol polisi 30 Sentyabr 2015 12:42 Oxunub 2427
Cəza ağırlaşır, “avtoş”lar yorulmurlar...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda pozuntu edənlərin sayı niyə durmadan artır? 

Bakıda avtomobili sərxoş halda idarə edən, işıqforun qırmızı işığında yolu keçən, yolayrıcını keçmə qaydalarını pozan sürücülərin sayı artıb. Avtosfer.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, 2015-ci il yanvarın 1-dən sentyabrın 26-dək paytaxtda 598 yol-nəqliyyat hadisəsi baş verib: “Nəticədə 167 nəfər ölüb, 663 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 70, ölüm sayı 68 fakt azalıb, xəsarət alanların sayında isə 4 fakt artım olub. Təkcə ötən həftə ərzində, yəni sentyabrın 19-dan 26-dək Bakıda 12 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Ondan əvvəlki həftə ilə müqayisədə 4 hadisə, 3 ölüm faktı azalsa da, 1 xəsarət faktı artıb”.

V.Əsədov qeyd edib ki, bu il yanvarın 1-dən sentyabrın 26-dək Bakı şəhəri üzrə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 691667 inzibati protokol tərtib edilib: “Bunlardan 139722-si sürücülərə yolayrıcını keçmə qaydalarını pozduğuna, 13408-i avtomobili sərxoş halda idarə etdiyinə, 10026-sı işıqforun qırmızı işığında keçdiyinə, 8487-si sürət həddini aşdığına, 6846-sı ötmə və manevretmə qaydalarını pozduğuna, 3324-ü qəza şəraiti yaratdığına, 2892-si polisin qanuni əmrinə tabe olmadığına, 2667-si avtomobili müvafiq sənədləri, 466-sı dövlət nömrə nişanı olmadan, 2674-ü isə icazə verilməyən pərdə və plyonkalı idarə etdiyinə, 1649-su sərnişindaşıma qaydalarını pozduğuna, 578-i avtoxuliqanlığa görə tərtib edilib. Yol hərəkəti qaydalarını pozduğuna görə, 84515 halda piyadalar cərimə olunub. Digər qayda pozuntuları ilə bağlı 374140 protokol tərtib edilib. Bundan başqa MMX vasitəsilə 243464 elektron protokol tərtib edilib”.

Göründüyü kimi, kifayət qədər böyük rəqəmlər və pozuntulardan söhbət gedir. Heç kimə sirr deyil ki, şəhərdəki gizli kameralar, yol polislərinin çoxluğu sürücüləri belə pozuntulardan ümumən çəkindirir. Hətta bu cərimələrin fonunda belə “avtoş”ların sayı artan xətt üzrə gedirsə, deməli, bunun psixoloji qatlarına enmək lazımdır. 

İlkin ehtimallar budur ki, Azərbaycanda gənclik, xüsusən də gənc sürücülər öz azadlıqlarını bu formada həyata keçirir, özlərini belə ifadə etməyə çalışırlar. Bu, gənclik enerjisinin bu formada təzahürüdür. Bundan başqa, Bakı yollarında daha çox bilərəkdən qanun pozuntusu edənlər varlı təbəqənin nümayəndələri sayılırlar. Bu isə daha çox təlim-tərbiyə, eləcə də pulun çoxluğunun problemidir. İnsanlar çox vaxt azadlıqla pərdələnərək, əslində fərqlənmək arzusu ilə belə addımlar atır. Daha dəqiq desək, özünü heç bir sahədə realizə edə bilməyənlər son çarə olaraq “nəqliyyat canavarı” olmaq eşqinə düşür. Və nəticədə isə... yuxarıda yazılan statistikaya baxıb, gerçək mənzərəni görmək olar.

Təbii ki, bu, təkcə bizim ölkəyə xas durum deyil. Dünya avtoşlar və onların əməllərindən bir əsrdir ki, xəbərdardır. Dünyada bu sahənin adı “street racing” - küçə ötüşmələri adlanır. Sözügedən məşğuliyyət 1930-cu ildə Amerikada yaranıb. Özü də maraqlı səbəbdən. ABŞ-da alkoqola qoyulan qadağaya etiraz olaraq küçələrdə avtoşların yarışı təşkil olunub. Amma zaman keçdikcə bu ötüşmələr qeyri-qanuni küçə idmanına çevrilib. Bir qayda olaraq, bu ötüşmələr ictimai yollarda keçirilir. Bəzi hallarda isə planlaşdırılmış aksiyalar kimi də təşkil olunur. 

“Avtoş”lar müəyyən kateqoriyaya bölünürlər. Birinci kateqoriyaya “streetracer”lər - küçələrdə şütüyənlər - aiddir. Onlar üçün başlıca şərt sürət deyil. Burada əsas məsələ avtomobili maşınların arası ilə (“sağ-sol”) məharətlə şütütməkdir. Onlar 180-360 dərəcə bucaq altında dönmək, səkilərə dəymədən “parkovkalamaq” vərdişinə yiyələnirlər. Bura həmçinin “driffinq” - sərt döngələri kəsmək də daxildir. 

İkinci kateqoriyaya “speedenqlər” - sürətsevərlər daxildir. Yəni onlar mümkün qədər maşın az olan şosse tapıb, orada qazı axıra qədər sıxıb maksimal sürət yığırlar.

Üçüncü kateqoriyaya isə “draggerslər” aiddir. Onların əsas məqsədi 400 metrlik məsafədə sürəti 0-dan 170-180 dərəcə kilometrə çatdırmaqdır...

Əgər əvvəllər avtoxuliqanları “Vaz 21 - 07" markalı avtomobillərlə görürdüksə, son zamanlar bu maşınları ”niva"lar əvəz etməyə başlayıb. Şəhər küçələrində gənclər bu avtomobillərlə müxtəlif manevrlər edərək zövq alsalar da, bu, digər sürücülər üçün böyük təhlükə mənbəyidir.

Yaxşı, bəs qanunlar bu haqda nə deyir? Azərbaycan Respublikasının qanunvericiliyində avtoxuliqanlıqla bağlı cəzalar nəzərdə tutulmuşdur: Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin  sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini  nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq, pozulması  ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ  bir ilədək müddətə məhdudlaşdırılmaqla, işin hallarına görə,  pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on  günədək inzibati həbs tətbiq olunur. Eyni hərəkətlərin il ərzində inzibati  tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ bir  ildən iki  ilədək müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh