Bakının yol polisi rəisi məhkəmədə dindirilə bilər

Yol polisi 8 Oktyabr 2015 18:07 Oxunub 2046
Bakının yol polisi rəisi məhkəmədə dindirilə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polkovnik Nüşrəvan Səfərovun jurnalistə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib

Bu gün Xətai Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nüşrəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin növbəti iclası keçirilib. Bu barədə “Report”a “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli məlumat verib. O bildirib ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə N.Səfərovun nümayəndəsi çıxış edib: “Vəkil “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri adlı yazıda Nüşrəvan Səfərovun təhqir olunduğunu, ona böhtan atıldığını dedi. O, bir neçə ifadəni və fikri əsas gətirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi”.

Sayt rəhbəri isə dindirilən zaman sözügedən yazının təhlil xarakterli olduğunu, məqsədinin N.Səfərovun şəxsinə hücuma keçmək, onu təhqir etmək olmadığını deyib: “DYP-yə qarşı rüşvət ittihamına görə özünü təhqir olunmuş sayan Nüşrəvan Səfərovun ötən ilin aprel ayında 2 500 manat rüşvət alarkən saxlanılan və işdən uzaqlaşdırlan bacısı oğlunun məsələsinə aydınlıq gətirilməsini istədim. Bu məsələdə Nüşrəvan Səfərovun bir rəis və dayı kimi məsuliyyət payının aydınlaşdırılmasını məhkəmədən xahiş etdim”.

Hakim Habil Məmmədov E.Məhərrəmlidən məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən şəxsin – Nüşrəvan Səfərovun məhkəmədə iştirak etməsini istəyib-istəmədiyini soruşub. Vəkil E.Sadıqov isə BPİDYPİ rəsinin məhkəmədə iştirak etməsini istədiklərini bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, bu il avqustun 31-də “azpolitika.info” saytında “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri - DYP mafiyası məğlubedilməzdir?!” adlı yazı yayımlanıb. N.Səfərov məhkəməyə müraciət edərək yazıda təhqir olunduğunu iddia edib. O, məhkəmədən E.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh