Avtobus sürücülərinin "dartma" əməliyyatı

Gündəm 9 Oktyabr 2015 15:36 Oxunub 1422
Avtobus sürücülərinin "dartma" əməliyyatı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Onsuz da artıq hamı öyrəncəlidir"

"Marşrut avtobuslarında yalnız söyüşü qulaqardına vuranlar vaxtı "dartırlar". Artıq Bakıda hamı bilir ki, sərnişin avtobuslarının sürücüləri marşrut üçün tərtib edilmiş hərəkət cədvəlinə heç də tam əməl etmirlər. Bəziləri bunu yollarda yaranmış sıxlıq və tıxacların ucbatından edə bilmirlərsə, digərləri qəsdən yerinə yetirmirlər. Buna sürücülər öz aralarında "vaxtı dartmaq" deyirlər.  Yəni avtobus sürücüsü qəsdən aşağı sürətlə hərəkət edir ki, öndə gedən avtobusla arasındakı vaxt çoxalsın və yol kənarında avtobusu gözləyən daha çox insan olsun. Lakin bu "sərnişin ovu"nda uduzanlar, təbii ki, onun ardınca gələn avtobusun sürücüsü və sərnişinlər olurlar. Belə ki, mənzil başına filan vaxtı çatmalı olan sərnişin gecikir, bəzən isə bu səbəbdən onun adına, karyerasına xələl gəlir, maddi zərər görür və ya hətta daha acınacaqlı vəziyyətə düşə bilir. Avtosfer.az xəbər verir ki, səhər, günün pik saatlarında "dartma əməliyyatı" edən, lakin adının çəkilməsini istəməyən orta yaşlı avtobus sürücülərindən biri milli.az-ın əməkdaşının bununla bağlı sualına maraqlı cavab verib: "Bilirsiz, niyə belə edirik? Bizə plan qoyurlar. Biz də o planı yerinə yetirməliyik. Ona görə də vaxtı uzadıram ki, yolda bir az çox müştəri yığam. Həm də plandan əlavə də bizə bir şey qalmalıdır ki, evə nəsə çörəkpulu aparaq".

Ona çörəkpulu qazandıran bu "dartma"nın sürücü həmkarının cibinə və sərnişinlərin işinə mənfi təsir göstərməsinə gəlincə, belə deyib: "Onsuz da artıq hamı öyrəncəlidir və bütün sürücülər vaxtı "dartırlar". 

Lakin əslində heç də bütün sürücülər vaxtı "dartmırlar". Yenə də adının çəkilməsini istəməyən və paytaxtın mərkəzi yolları ilə hərəkət edən marşrut avtobusunun cavan sürücüsü milli.az-a dedi ki, "dartma" edənlərin hamısı söyüşü qulaqardına vuranlardır. Çünki hamı bilir ki, vaxtı "dartan" sürücünün arxasında gələn avtobusun sürücüsü onu və ailəsini söyür. Belə söyüşü bilə-bilə əməlindən qalmayanlara sözüm yoxdur. Ona görə də mən çalışıram ki, heç zaman nə vaxtı uzadım, nə də ailəmə söyüş qazandırım. Onsuz da belələrini biz özümüz aramızda yaxşı tanıyırıq. Onsuz da onlara söz deməyin mənası yoxdur".

Məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, belə sürücülərə qarşı tədbirlər görülür: "Buna görə ilk növbədə həmin marşrut avtobuslarının sahibləri məsuliyyət daşıyırlar. Sürücülərin işinə dispetçerlər nəzarət edirlər, eyni zamanda, bu barədə "Bakısərnişinnəqliyyat" MMC-yə məlumat verilir. Yəni əslində onlara gündəlik nəzarət olunur və buna görə cəzalanan sürücülər var. Bununla bağlı şikayət daxil olursa, problem yaşanırsa, sürücülərə qarşı töhmət, cərimə, hətta işdən azad edilmə kimi cəzalar tətbiq olunur. Çünki bir-birinin vaxtına girmək, artıq sərnişin götürmək üçün bir-biri ilə yarışa çıxmaq yolverilməzdir. Amma təəssüf ki, bunu edənlər var. Bununla bağlı vətəndaşlar da, həmin sürücülərin iş yoldaşları da istənilən vaxt şikayət edə bilərlər. Vətəndaşlar istər avtobusların sürücüsü, istər hərəkət cədvəli ilə bağlı ölçü götürülməsi üçün NİİM-ə də şikayət edə, yaxud da 561-76-28 və ya 561-76-29 nömrəli telefonlara məlumat verə, eləcə də birbaşa "Bakısərnişinnəqliyyat"ın rəhbərliyinə yazılı şəkildə məktub ünvanlaya bilərlər. Hər üç halda şikayət lazımi ünvana çatır və baxılır". Biz də belə sürücülərə qarşı hansısa inzibati tədbirlərin görüldüyünü istisna etmirik. Lakin görülən odur ki, bu tədbirlər hələ ki, kifayət qədər səmərə vermir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh