Döyülmüş avtobus sürücüsünün müdiri: "Belə hadisələr gündə 10-15 dəfə olur"

Gündəm 12 Oktyabr 2015 13:21 Oxunub 1198
Döyülmüş avtobus sürücüsünün müdiri:  "Belə hadisələr gündə 10-15 dəfə olur"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BakuBus" şirkəti və sürücü avtobusda dələduzluq edən həmin şəxs barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib

Bakıda ödənişi gediş kartı ilə etməyi tələb edən avtobus sürücüsünü döymüş şəxs hələ də tapılmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında "BakuBus" MMC-nin müdir muavini Vüsal Kərimli deyib. Onun sözlərinə görə, sürücünü döyən şəxsin axtarışları polis tərəfindən hələ də davam etdirilir. "BakuBus" rəsmisinin sözlərinə görə, buna bənzər hadisələr yenə də təkrarlanır: "Belə hallar yenə də olur. Elə olur ki, sərnişinlər ödəniş etmək istəmir, sürücülərlə kobud davranır və s. Belə hadisələr hər gün 10-15 dəfə olur. Bizim sürücülər isə davranış qaydaları ilə bağlı xüsusi təlim keçirlər ki, belə hallar baş verdikdə özlərini ələ ala bilsinlər. Sürücülər bizi xalqın qarşısında təmsil edirlər və onların özünü necə aparması bizim üçün çox vacibdir. Sentyabrın 16-da baş vermiş həmin hadisə isə sürücümüzə çox pis təsir etmişdi. Deyirdi ki, əgər ödəmək istəmirdisə, daha məni niyə təhqir edirdi? Yaranmış insidentə baxmayaraq, həmin sürücü yenə də işləyir və xəttə çıxmaqda davam edir. Hazırda onun psixoloji durumu da normal vəziyyətdədir". 

V.Kərimli qeyd edib ki, onlar belə hallara yol verən sərnişinlərə qarşı inzibati metodlardan istifadə etməyə yox, onlara qarşı ictimai qınağın yaranmasına üstünlük verirlər: "Axı sürücülər də bu cəmiyyətin nümayəndələridir. Biz ictimai qınağı oyandırmaq və insanların özünün qayda-qanunlara riayət etməsinə nail olmaq istəyirik. Bunu məcburi qaydada, polis gücü ilə və ya cəzalandırma yolu ilə etmək istəmirik. İstəyirik ki, insanların özündə bir-birinə qarşı hörmət yaransın, digərinin haqqına girənlərə qarşı ictimai qınaq olsun". 

Qeyd edək ki, bu il sentyabrın 16-da "BakuBus" avtobusunda sərnişinin avtobus sürücüsünü döyməsi faktı baş verib. Baku.ws saytının yaydığı videodan görünür ki, orta yaşlı bir kişi avtobusa minir. Sərnişin "BakıKartı"nın olmadığını bildirir, sürücü isə kartsız getməyin qadağan olduğunu deyir. Kişi isə sürücüyə əvvəlcə nağd pul vermək istəyib. Sürücü pulu almayıb və kart tələb edib. Nəticədə sərnişin sürücünü təhqir edib, daha sonra vurub.

Digər sərnişinlər onu sakitləşdirməyə çalışsalar da, həmin şəxs onlara da əl-qol atıb. Sürücü onu avtobusdan düşürə bilməyib. Sərnişin avtobusda pulsuz olaraq gedib. 

"BakuBus" şirkəti və sürücü avtobusda dələduzluq edən həmin şəxs barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh