Bakı-Sumqayıt yolunda təhlükə - FOTO

Gündəm 15 Yanvar 2016 13:12 Oxunub 1484
Bakı-Sumqayıt yolunda təhlükə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Torpağın üzərinə sementin tökülməsi çatları daha da genişləndirir"

Bakı Beynəlxalq Avtovağzalının ərazisindən keçən hissəsində yaranan çatlar daha da genişlənib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu böyümə daha çox istinad divarları qurulmuş ərazinin arxa hissəsində, daha dəqiq Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində qeydə alınıb. Lakin bütün bu genişlənməyə baxmayaraq ərazidə bərkitmə işləri aparılır. Bununla bağlı avtovağzalın üçüncü mərtəbəsindən dayanacağa giriş və çıxış da bağlıdır və ərazidə ağır texnikalar iş aparır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev çatların genişlənməsinə səbəb kimi ərazidə texniki işlərin aparılmasını görür: "Hazırda ərazidə geoloji proseslər getmir. Ola bilər ki, 6-7 metr qalınlıqda tökmə torpağın üzərinə sement məhlulu vurulduğu üçün orada bərkimə prosesi gedir. Buna görə də ərazidə çökmə yaranır və çatlar da genişlənir. Bu oturma və bərkimə prosesi getdiyi üçün Bakıdan Sumqayıta gedən yolda da çökmə prosesi baş verir. Asfalt qatında genişlənən çatlar da tezliklə aradan qaldırılacaq". 

Ələmdar Piriyev ərazidə geoloji araşdırma işlərinin dayandırıldığını da əlavə etdi: "Əvvəllər mütəmadi olaraq monitorinqlər aparsaq da, hazırda ərazidə bunun üçün müəyyən şərait yoxdur. Çünki hazırda həmin yerdə ağır texnika işlədiyi üçün biz monitornqləri həyata keçirə bilmirik. Bizim yenidən yoxlamaları bərpa etməyimiz üçün işin dayandırılması lazımdır. İşin dayandırılması isə doğru hal deyil".

Xidmət rəisi bundan sonra havaların yağmurlu keçməsi halında belə sürüşmənin olmayacağını bildirdi: "Hazırda ərazidə bərkitmə işləri aparılır və quraşdırılan 16-17 metr hündürlüyündəki istinad divarı sürüşmə prosesini dayandırıb. Buna görə də, vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur".

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb. Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən "Azəryolservis" ASC-nin əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar.

Lakin ən diqqət çəkən məqam o idi ki, yolda yaranan çatların səbəbini araşdırmaq əvəzinə bəzi qurumlar həmin çatların üzərinə asfalt tökməklə kifayətlənirdilər. 

Mütəxəssislər isə həmin çatların üzərinin örtülməsini səhv addım kimi qiymətləndirirdilər. 

Ələmdar Piriyev sürüşməyə səbəb kimi, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının ərazidəki yaşıllıqları həddindən artıq çox suvarmasını göstərmişdi.

Hazırda sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış iki tərəfdən də məhdudlaşdırılıb. 


ŞƏRH YAZ
Ad

E-mail

Şərh