Bakıda keçirilən yürüşlərlə bağlı - Yol polisindən xəbərdarlıq - VİDEO

Yol polisi 8 Aprel 2016 18:05 Oxunub 6512
Bakıda keçirilən yürüşlərlə bağlı - Yol polisindən xəbərdarlıq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Bu cür avtoyürüşlər öncədən Daxili İşlər Nazirliyi ilə razılaşdırılmalıdır"

Dünən Bakıda cəbhə hadisələri ilə bağlı dəstək məqsədi ilə avtoyürüş keçirilib. Onlarla gənc maşınlarına Azərbaycan bayrağı taxıb küçələrdə siqnallar verərək hərəkət ediblər. Bu da bir neçə yerdə sıxlığa və qəza təhlükəsinə səbəb olub. Yürüşü təşkil edən gənclərdən biri Fərzəliyev Elvin məsələ ilə bağlı polisə dəvət olunub. E.Fərzəliyevin atası Malik Fərzəliyev “Qafqazinfo”ya müraciət edərək bu barədə məlumat verib. O bildirib ki, 21 yaşlı oğlu Elvin Fərzəliyev “Facebook”da avtoyürüş etmək üçün elan çağırışı yayıb. Bundan sonra Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə dəvət olunub, oradan isə Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. M.Fərzəliyev iddia edib ki, orada oğluna fiziki və psixoloji təzyiq göstərilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Rəhimov məsələ ilə bağlı açıqlama verib. Q.Rəhimov bildirib ki, Elvin Fərzəliyevə qarşı hər hansı təzyiq olunmayıb: “Həmin şəxs idarəyə dəvət olunub, burada da onunla söhbət aparılıb. Sadəcə ona şifahi xəbərdarlıq olunaraq bildirilib ki, belə etmək olmaz və bu qanun pozuntusudur.

Bu gün də onun atası Malik Fərzəliyev İdarəyə dəvət olunub. Ona da oğluna qarşı heç bir təzyiq olmadığı açıqlanıb və oğlu ilə aparılan danışıqlar onun da diqqətinə çatdırılıb. Bundan sonra Malik Fərzəliyev oğlunun təzyiqə məruz qalması ilə bağlı yaydığı məlumatlar barədə ictimaiyyətə təkzib verəcəyini deyib”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu cür avtoyürüşlər öncədən Daxili İşlər Nazirliyi ilə razılaşdırılmalıdır: “Qanunvericiliyin tələbi budur ki, belə yürüşlərin və ya başqa bir tədbirlərin keçirilməsi mütləq razılaşdırılmalıdır. Əks halda, bu yürüşlərin keçirilməsi yolverilməzdir. Yolun hərəkət hissəsində nəqliyyat sıxlığının, süni sıxlığın yaranmasına səbəb olan belə hərəkətlərin edilməsi qanun pozuntusudur. Nəzərə alsaq ki, vətənpərvərlik hissinin yaşadılması məqsədi ilə gənclər tərəfindən belə yürüşlərin keçirilməsi təklifi ilə qismən razılaşsaq da, hər halda bu, yalnız nəzarət altında həyata keçirilməlidir. Nəzarət olmadan gənclərin belə yürüş keçirməsi düzgün deyil və araşdırma aparıldıqdan sonra müvafiq tədbir görülür”.

Qeyd edək ki, həmin yürüşdən çəkilən videogörüntülər sosial şəbəkələrdə yayılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh