Bakıda «stayanşiklər»dən pulu kimlər yığır? – ŞOK RƏQƏMLƏR

Avtobazar 18 Aprel 2014 00:00 Oxunub 3109
Bakıda «stayanşiklər»dən pulu kimlər yığır? – ŞOK RƏQƏMLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkcə Neftçilər prospektindəki dayanacaq nəzarətçiləri Nəqliyyat Departamentinin işçilərinə hər ay 5 min manat rüşvət verir

 

Tahir Rzayev: «Özbaşınalıq edib istənilən yerdə dayanacaq yaradırlar, özbaşına olaraq da istənilən məbğəl alırlar»

 

Çingiz Qənizadə: «Həmin adamların dayanacaqlarla bağlı hər hansı bir statusu yoxdur»

 

Yəqin ki, sükan arxasında əyləşən hər bir sürücü həftədə bir neçə dəfə qoluna qırmızı lent bağlayıb özünü dayanacaq nəzarətçisi elan edənlərə pul verir. Bəziləri buna əməlli-başlı iş yeri kimi baxsa da, elələri də var ki, günorta bir qarın yeməyin və ya spirtli içkinin pulunu düzəldən kimi qeybə çəkilirlər. Zaman keçdikcə, bu dırnaqarası dayanacaq nəzarətçiləri heç 20 qəpiyə də yiyə durmaq istəmirlər və maşından düşən sürücüdən bir manat tələb edirlər. Amma maşina hər hansı bir ziyan dəysə və ya yol polisi tərəfindən evakuasiya edilsə, həmin bu dayanacaq nəzarətçiləri yaxalarını kənara çəkib məsuliyyətdən yayınırlar. Yol hərəkəti haqqqında qanunda bu məsələ ilə bağlı maraqlı və adamı feyziyyab edən məqamlar var. Məsələn, qanunda göstərilir ki, dayanacaq nəzarətçisi avtomobili necə təhvil alıbsa, o cür də təhvil verməlidir. Eyni zamanda, dayanacaq yerini müvafiq icra hakimiyyəti orqanı müəyyən etməlidir. Ən əsası isə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar.

Amma biz reallıqda tamam başqa mənzərənin şahidi oluruq. Küçə və yollarda müvəqqəti parketmə yerlərinə rəsmi qurumların və bəlli adamların nəzarət etməsinin vacibliyini qeyd edən millət vəkillərinin bu məsələ ilə bağlı maraqlı təklifləri var.

Millət vəkili Tahir Rzayev bildirdi ki, qanunvericiliyə görə, avtomobil dayanacaqlarına əslində bələdiyyələr nəzarət etməli və ödənişləri də onlar  yığmalıdır: «Çünki ərazi bələdiyyənin ərazisidir. Yeri gələndə orada xidmət məsələlərinə, təmizliyə bələdiyyə cavabdehdir. Ancaq indi müəyyən qurumlar var ki, onlar özbaşınalıq edirlər, Özbaşınalıq edib istənilən yerdə dayanacaq yaradırlar, özbaşına olaraq da istənilən məbğəl alırlar».

Tahir Rzayev deyir ki, bəzi yerlərdə avtomobili dayanacaqda saxlamaq üçün 20-50 qəpik tələb olunursa, ayrı-ayrı yerlərdə manat da alanlar var: «Bəzi yerlərdə daha çox alırlar. Bu, mütləq nizamlanmalıdır. Bu, qanunsuzluqdur. Hansısa təşkilat buna rəhbərlik edirsə, bunu istisna edirəm. Amma təəssüflər olsun ki, biz də şahidiyik ki, bunu istənilən yerdə müəyyən adamlar yaradırlar. Məsələn, bilirlər ki, haradasa xeyir-şər məclisləri olacaq. Gəlib orada durub başlayırlar pul yığmağa. Deyirsən ki, qoluna qırmığı bağlayırlar. Çox vaxt heç onu da bağlamırlar. Təəssüf ki, bizim vətəndaşlar da çox vaxt həmin adamlardan kim olduqlarını, hansı təşkilata mənsub olduğunu, nəyə xidmət etdiyini öyrənmirlər. Elə pul istəyən kimi çıxarıb ödəyirlər».

Millət vəkilinin dediyinə görə, bu işlə məşğul olan şəxslərə və hansısa təşkilatlara qarşı məsuliyyət tətbiq etmək olar. Çünki hər bir dayanacaqda müəyyən gəlir əldə olunur: «Orada bir maşın dayanmır. Onlarla, yüzlərlə maşın dayanır və müəyyən miqdarda pul toplanırsa, deməli, qanunsuzluq edilir».

«Bu işə kim nəzarət etməlidir» sualına isə Tahir Rzayev belə cavab verdi: «Bunun üçün müvafiq orqanlar olmalıdır. Bəzən dayanacaqda yazırlar ki, hansısa bələdiyyənin, icra orqanının ərazisi. Mən belə paveskalar görmüşəm. Əgər buna nəzarət edirlərsə, o yerin təmizliyinə də nəzarət etməlidirlər. Xidmətin səmərəli təşkilinə də onlar nəzarət etməlidir. Əfsuslar olsun ki, onlar orada ancaq pul yığmaqla məşğul olurlar. Zibillik, çökək olur. Baxmırlar. Xidmət yaddan çıxır, pul yığmaqla məşğul olurlar. Bu, düz deyil».

Bu məsələyə qarşı sərt mövqe göstərən millət vəkili Çingiz Qənizadə isə dedi ki, problemi hətta parlament tribunasında da səsləndirmək istəyir: «Tamamilə qanunsuzluqdur, özbaşınalıqdır. Həmin adamların dayanacaqlarla bağlı hər hansı bir statusu yoxdur. Eyni zamanda, dayanacaq dediyimiz həmin yerlərdə vətəndaşların şəxsi əmlakı olan avtomobilə zədə dəysə, onlar yenə də məsuliyyət daşımırlar. Sadəcə olaraq, dilənçiliyin başqa bir formasıdır. Amma təəccüblü və maraqlıdır ki, bəzən bələdiyyələr həmin adamları orada oturdur, o adamlar da pul yığır. Həmin adamlardan haqq alırlar. Bu da qanunsuz hərəkətdir».

Millət vəkili bu işi «bələdiyyələr və bəzi digər qurumlar tərəfindən təşkil edilmiş qanunsuz oyun» adlandıraraq əlavə etdi ki, dayanacaqda avtomaşınlara nəzarətçi adıyla orada dayanan şəxs heç bir məsuliyyət daşımır və onun hüquqi statusu da yoxdur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, dünyanın bir çox ölkələrində iki cür dayanacaq var: "Birincisi pullu, ikincisi isə, küçələrdə dayanmanın qadağan edilməyən yerlər olur. Dayanmanın qadağan edilməyən yerlərdən istifadə etmək olur. Amma əslində, bunlar parklama yeri deyil. Orada hansısa nəzarətçiyə ehtiyac yoxdur. Çünki xidmət pullu deyil və dayanmanı qadağan edən məhdudiyyət yoxdur. Bundan başqa, xüsusi ayrılmış parklanma yerləri də var. Həmin yerlər pullu və pulsuz olur. Əgər o yer hansısa özəl şirkətin mülkiyyətindədirsə, orada nəzarətçi olmalıdır. Onların bəzilərində ödəniş konkret qiymətədirsə, bəzilərində ödəniş vaxtdan asılıdır. Elə dayanacaqlar da var ki, nəzarətçinin özündə qəbz olur. Qəbzilə pul yığır. Lazım gələndə də sürücülərə bələdçilik edir. İndi bizdəki o adamları yığışdırmaq üçün dayanmaya məhdudiyyət olmayan yerləri müəyyən etmək lazımdır. Hansı küçədə dayanma-durma qadağan deyilsə, orada pullu dayanacağa ehtiyac yoxdur. Həm də bilirik ki, həmin insanları ora təyin edən kimlərsə olur və o şəxslərə pul verirlər. Həmin insanları vergiyə cəlb etmək olar”.

Yeri gəlmişkən, Bakı şəhər İcra Hakimiyfətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncamda qeyd olunur ki, yolun hərəkət hissəsini müvafiq icazə olmadan avtomobil dayanacağına çevirərək qanunsuz gəlir əldə edən fiziki və hüquqi şəxslər müəyyən edilərək barələrində müvafiq tədbir görüləcək.

Xatırlatmaq yerinə düşər ki, Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd etdi ki, inkişaf etmiş ölkələrin küçələrində əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil: "Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.

O ki qaldı həmin dayanacaq işlədən şəxslərə, onların özləri də etiraf edirlər ki, dayanacaq yaradıb yığdıqları pulu təkcə özələri götürmürlər, onlar həm Nəqliyyat Departamentinin işçilərinə, həm sahə müvəkkilərinə, həm də yol polisi əməkdaşlarına onlara yaratdıqları şəraitə görə gündəlik 3-5, hətta 10 manat haqq verirlər. Ötən il apardığım bir müşahidəni nəzərə çatdırmaq istəyirəm ki, təkcə Neftçilər prospektində 35-dən çox bu cür dayanacan nəzarətçisi işləyirdi və onların hər birinin gündəlik minimum 5 manat rüşvət verməsi aylıq 5250 manat pul deməkdir. Bir daha qeyd edirəm ki, bu, təkcə Neftçilər prospektindəki mənzərədir. Bakının istənilən nöqtəsində bu cür dayanacaqların və dayanacaq nəzarətçilərinin olduğunu düşünsək, hər ay bu işdən əldə olunan vəsaitin departament işçiləri tərəfindən mənimsənilməsini anlamaq çətin deyil.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh