Texniki baxışla bağlı bunları bilmək lazımdır

Yazarlar 30 İyul 2014 02:05 Oxunub 7325
Texniki baxışla bağlı bunları bilmək lazımdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Dəlik açılmış sırada yerləşən sonuncu ayın axırıncı günü texniki baxışa cəlbetmə müddəti başa çatır»

Son günlər sürücü dostların tez-tez soruşduqları məsələlərdən biri texniki baxış talonunda yazılan ilin nə demək olduğu ilə bağlıdır. Bu suala cavab olaraq yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitələrinin texniki baxışının qaydalarına dair Daxili İşlər Nazirliyinin təsdiq etdiyi Təlimata ötən il edilmiş dəyişikliklər həm nəqliyyat vasitələrinin markalarına uyğun dövri texniki baxış qrafikini, həm də texniki baxış talonunun formasını və məzmununu yeniləib: «Hamımız bilirik ki, indiyə qədər verilən texniki baxış talonlarının üzərində həmin texniki baxışın keçirildiyi il yazılırdı. Məsələn, 2011-ci ildə texniki baxışdan keçənlərə verilən talonlarda «2011», 2012-ci ildə texniki baxışdan keçənlərə verilən talonlarda «2012» yazılırdı və s. Amma yeni dəyişiklikdən sonra Daxili İşlər Nazirliyinin təsdiq etdiyi Təlimatın 6.3.15-ci bəndində deyilir: 6.3.15. Talonlarda nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, sahibinin adı, soyadı, texniki baxışdan keçmə vaxtı, növbəti texniki baxışa təqdim olunma ili və ayları (müvafiq dəlik açılmaqla) göstərilir. Talon səlahiyyətli vəzifəli şəxsin imzası və orqanın möhürü ilə təsdiqlənir. Dəlik açılmış sırada yerləşən sonuncu ayın axırıncı günü texniki baxışa cəlbetmə müddəti başa çatır. Talon içəridən avtomobilin qabaq şüşəsinin aşağı sağ küncünə hər iki tərəfdən 15 sm məsafədə yapışdırılır. Deməli, bu ildən etibarən siz öz avtomobilinizi texniki baxışdan keçirərkən sizə verilən texniki baxış talonunun üzərində yazılan rəqəm maşınınızın növbəti dəfə texniki baxışdan keçməli olduğu ili, talonun üzərində dəlik açılmış sətirdə adı çəkilən aylar isə həmin texniki baxışdan keçməli olduğunuz ayları bildirir. Məsələn, sizə verilən texniki baxış talonunun üzərində «2015» yazılıb və «may, iyun, iyul» yazısı olan sətirdə dəlik açılıbsa, bu, o deməkdir ki, sizin avtomobiliniz 2015-ci il mayın 1-dən iyulun 31-dək olan müddətdə növbəti dəfə texniki baxışdan keçirilməlidir». 

Ərşad Hüseynov sürücülərin diqqətinə çatdırıb ki, bunu nəzərə alaraq avtomobilinizi texniki baxışdan keçirərkən onun markasını və buraxılış ilini nəzərə almaqla sizə verilən texniki baxış talonunun üzərində ilin və ayların düz göstərildiyini yoxlayın: «Nəzərə alın ki, bu ildən başlayaraq DYP əməkdaşları (xüsusən YPX postlarında xidmət edən əməkdaşlar) avtomobillərin texniki baxışdan keçib-keçməməsini həmin talonlardakı ilə uyğun müəyyən edərək buna nəzarət edəcəklər. Məsələn, avtomobilinizin alın şüşəsindəki talonda «2015» yazılmışdırsa, həmin avtomobili belə vəziyyətdə 2016-cı ildə yolda görən DYP əməkdaşı sizi mütləq saxlayacaq və texniki baxışdan keçməməyə görə məsuliyyətə cəlb edəcək».

Xatırladaqki, ötən il «Yol hərəkəti haqqında» Qanuna və digər qanunvericilik aktlarına edilən dəyişikliklə nəqliyyat vasitələrinin texniki baxışdan keçmə dövriliyi aşağıdakı kimi müəyyən edilib:

- minik avtomobilləri, motosikletlər və icazə verilən maksimum kütləsi 3,5 tonadək olan yük avtomobilləri istehsal olunduqları ildən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir;

- avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri, təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan avtomobillər, habelə digər mexaniki nəqliyyat vasitələri (tratorlar, buldozerlər, qreyderlər və s.) istehsal olunduqları ildən sonrakı 2-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir.

Avtomobilinizi texniki baxışdan keçirərkən sizə verilən texniki baxış talonunun bu qrafikə uyğun olduğunu yoxlayın. Növbəti texniki baxış ili talonda düzgün göstərilməmiş olduqda, bunu həmin məntəqənin səlahiyyətli əməkdaşlarına bildirin və uyğun talon verilməsini tələb edin. 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

qudret 10 Noyabr 2014 22:55
2 matneciya amala galir
Elshan 10 Noyabr 2014 22:55
Salam. 1998 cil ilin mercedesi 2013-cü ilin 30 oktyabrında texniki baxışdan keçirilib və talondada oktyabr ayı olan xanada dəlik açılıb. Belə olan halda təkrar texniki baxış oktyabrda olmalıdırmı təşəkkürlər
firuz 10 Noyabr 2014 22:55
salam,texniki baxışdan keçərkən nələr təltb olunuryəni avtomobildə nələr olmalıdıəvvəlcədən təşəkküredirəm