Toy karvanlarında biabırçılıq - VİDEO

Avtoxəbər 19 Aprel 2014 00:00 Oxunub 7322
Toy karvanlarında biabırçılıq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son 3 ayda toy karvanlarındakı avtomobillərin iştirakı ilə12 yol qəzası baş verib

Toy karvanlarının bəziləri yol hərəkəti qaydalarına məhəl qoymur. Hətta, bu qayda pozuntusu fonunda avtomobillərin nömrə nişanlarında xüsusi dəyişikliklər etməklə onları gizlətməyə çalışırlar. Yollarda qəza anları yaradır, ya da özləri qəzaya düşsələr belə nə yazıq ki, toy karvanlarının sürücüləri bu əməllərindən əl çəkmir. Nəticədə də ailənin şad günü dönüb olur, kədərli gün. Az qala hər gün bu mənzərəyə şahid oluruq. Toy karvanında iştirak edən avtomobillər yolboyu səs siqnallarından lüzumsuz istifadə edir, yolun hərəkət zolaqlarını tutur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edir, üstəlik yolayrıclarını necə gəldi, keçirlər. Nəticədə isə bədbəxt hadisələr qaçılmaz olur. Elə tək son 3 ayda toy karvanlarındakı avtomobillərin iştirakı ilə 12 yol qəzası baş verib. Məhz bu hadisələrdə 4 nəfər ölüb,10 nəfər xəsarət alıb. Səbəbsə həmişə olduğu kimi yüksək sürətdir. Bəzən də ehtiyac olmadan avtomobillərin həddən artıq asta sürülməsi yollarda süni tıxacların yaranmasına səbəb olur. Bu isə xüsusilə axşam saatlarına, yəni günün pik vaxtına, vətəndaşların işdən çıxdığı vaxta təsadüf edir. Ekspertlər hesab edirlər ki, toy karvanında avtomobillərin sayının azaldılmasına zərurət var. Çünki paytaxt küçələri heç də bu karvandakı nəqliyyat vasitələrinin tələblərini ödəmir. Ekspert Azər Allahverənovun fikrincə, toy karvanı üçün məqbul avtomobil sayı 4-5 olmalıdır. Bu nəqliyyat vasitələrini idarə edən sürücülərsə peşəkarlığı ilə seçilməlidir. Ekspert Azər Allahverənovun sözlərinə görə, xarici ölkədə belədir ki, xüsusi şirkətlər bu avtomobilləri ayırır və onlara sürücülər müəyyən edilir, hansı ki peşəkardılar və bəzi  vəziyyətdən çıxa bilirlər. Amma Azərbaycanda bəyin öz dost tanışlarının maşınlarından istifadə edir ki, bu, sonda əlavə problemlərə səbəb olur.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi isə xüsusi ilə yollara bitişik ərazilərdə yerləşən şadlıq saraylarının qarşısında bir neçə cərgə ilə dayanan avtomobil sürücülərinə qarşı tədbirlər planı hazırlayıb. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov sürücülərə xəbərdarlıq etdi: “Hər gün axşam saatlarında müşahidə kameraları ilə bəy və gəlin cütlüyünün avtomobil karvanı izlənilir. Şadlıq saraylarının qarşısında qaydaları pozan sürücülərin avtomobilləri isə evakuatorla aparılacaq. Avtomobillərin nömrə hissəsində də xüsusi dəyişikliklərin edilməsi yolverilməzdir”.

 

Statistikaya görə, təkcə ötən il paytaxtda toy karvanlarındakı avtomobillərin iştirakı ilə 47 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 32 nəfər xəsarət alıb (ANS press).

ŞƏRH YAZ
Ad

E-mail

Şərh