Yol polisi qayda pozan deputatları da cərimələyə bilər - QANUN BELƏ DEYİR

Yol polisi 10 Sentyabr 2014 01:44 Oxunub 2534
Yol polisi qayda pozan deputatları da cərimələyə bilər - QANUN BELƏ DEYİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda DYP əməkdaşlarının deputatları və hakimləri sürücülük hüququndan məhrum etmək və cərimələmək hüququ var, amma…

Cəmiyyətdə, xüsusən də DYP əməkdaşları arasında belə bir fikir var ki, Milli Məclisin deputatları, Baş nazir, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Məhkəmə-Hüquq Şurasının üzvləri və hakimlər toxunulmazlıq hüququna malikdirlər və onlar yol hərəkəti qaydalarını pozmaya görə məsuliyyətə cəlb edilə bilməzlər. Belə fikirlərin yayılmasının səbəbləri müvafiq qanunvericilik barədə məlumatsızlıq, habelə “Yol hərəkəti haqqında” Qanunda təsbit olunan bir yanlış müddəadır. Bu Qanunun 85-ci maddəsinin 3-cü bəndinin qeydində deyilir ki, yuxarıda sadaladığımız şəxslərin şəxsiyyəti, onların xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.

Lakin bu məsələ “Yol hərəkəti haqqında” Qanunun tənzimləmə predmeti olmadığından həmin Qanunda bu barədə nə deyilməyi önəmli deyil. Sözügedən məsələ Azərbaycan Konstitusiyasının və həmin şəxslərin statusuna dair xüsusi qanunların tənzimləmə predmetidir.

Ümumiyyətlə, müəyyən vəzifəli şəxslərin toxunulmazlıq hüququ ona görə mövcuddur ki, müxtəlif məhdudlaşdırıcı tədbirlər vasitəsilə həmin şəxslərin normal fəaliyyətinə əsassız maneə istisna edilsin. Lakin cərimə heç bir halda hər hansı bir vəzifəli şəxsin fəaliyyətinə mane ola bilmədiyindən cərimə tənbehindən toxunulmazlıq hüququ məntiqsizdir. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə vəzifəli şəxslərin toxunulmazlıq hüququ artıq yox dərəcəsindədir. Məsələn, Qərbi Avropa ölkələrinin çoxunda parlament deputatı yalnız parlamentin iclas vaxtı toxunulmazlığa malikdir. Yəni onu iclasın gedişində həbs etmək olmaz. İclasdan sonra isə o, törətdiyi hüquq pozuntularına görə qanunla müəyyən olunan qaydada adi vətəndaş kimi məsuliyyətə cəlb oluna bilər. Həm də nəzərə almaq lazımdır ki, toxunulmazlıq hüququ mütləq mənada məsuliyyətdən azad olmaq demək deyil: belə hüququ olan şəxs xüsusi qaydada – müvafiq orqanın icazəsindən (toxunulmazlıqdan məhrum edildikdən) sonra məsuliyyətə cəlb edilə bilir. 

Xülasə, qayıdaq özümüzə. Konstitusiyanın 90-cı maddəsinin I hissəsi və 123-cü maddəsinin II his-səsi müvafiq olaraq Milli Məclis deputatlarına və Baş nazirə məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini istisna edir. Eyni məzmunlu müddəa «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» 28 dekabr 2001-ci il tarixli, 246-IIKQ saylı Konstitusiya Qanununun 6.2-ci maddəsində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) barəsində nəzərdə tutulub. Həmin normaların təhlilindən belə çıxır ki, göstərilən şəxslər (Milli Məclis deputatları, Baş nazir və İnsan hüquqları üzrə müvəkkil) yalnız məhkəmə qaydasında tətbiq edilən inzibati tənbehlərdən toxunulmazlıq hüququna malikdirlər. Deməli, onların barəsində vəzifəli şəxslər tərəfindən inzibati tənbeh tədbirlərinin tətbiqinə hər hansı məhdudiyyət qoyulmur (bunun təfərruatları barədə baxa bilərsiniz: Aliev Ş. M. Nauçno-praktiçeskiy kommentariy k Konstitusiyi Azerbaydjanskoy Respubliki. Bakı, 2000. s. 549.). Lakin qanunvericilikdə birbaşa olaraq vurğulandığı kimi, bu şəxslər inzibati tutmaya və ya həbsə, şəxsi axtarışa, məcburi gətirilməyə məruz qala bilməzlər, onların nəqliyyat vasitələrinə baxış keçirilməsinə və ya həmin nəqliyyat vasitələrinin saxlanılmasına (mühafizə olunan duracağa qoyulmasına) yol verilə bilməz.

Konstitusiyanın 128-ci maddəsinin I hissəsinə və «Məhkəmələr və hakimlər haqqında» 10 iyun 1997-ci il tarixli, 310-IQ saylı Qanunun 101-ci maddəsinə müvafiq olaraq, hakimlər toxunulmazdırlar. «Məhkəmə-Hüquq Şurası haqqında» 28 dekabr 2004-cü il tarixli, 818-IIQ saylı Qanunun 9.2-ci maddəsinə müvafiq olaraq, Məhkəmə-Hüquq Şurasının hakim olmayan üzvləri hakim statusundan irəli gələn toxunulmazlığa malikdirlər. Deməli, hakimlər və Məhkəmə-Hüquq Şurasının üzvləri eyni məzmunlu toxunulmazlığa malikdirlər. Lakin istinad olunan qanunların heç birində bu şəxslərin hər hansı növ inzibati məsuliyyətdən və ya hər hansı qaydada tətbiq olunan inzibati tənbehdən azad olmaları barədə heç nə deyilmir. Bu isə o deməkdir ki, həmin şəxslər adi qaydada inzibati məsuliyyət daşıyırlar, bir şərtlə ki, onların da barəsində inzibati qaydada tutma və ya həbs, şəxsi axtarış, məcburi gətirilmə tətbiq oluna bilməz, onların nəqliyyat vasitələrinə baxış keçirilməsinə və ya həmin nəqliyyat vasitələrinin saxlanılmasına (mühafizə olunan duracağa qoyulmasına) yol verilə bilməz.

Beləliklə, yuxarıda göstərilən toxunulmazlıq hüququna malik şəxslərdən hər hansı birinin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğu DYP inspektoru tərəfindən aşkar edilərsə, həmin nəqliyyat vasitəsi adi qaydada dayandırılmalı, yuxarıda göstərdiyimiz xüsusi tədbirlərin tətbiqinə yol vermədən inzibati xəta adi qaydada sənədləşdirilməlidir. Onların nəqliyyat vasitəsini idarə edərkən qayda pozuntuları törətmələri foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə isə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 429-3-cü maddəsində nəzərdə tutulan qaydada elektron protokol tərtib olunmalı və həmin xəta üzrə icraat həyata keçirilməlidir. Belə şəxslərin törətdiyi inzibati xətaya görə sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulduqda, inzibati xəta haqqında protokol tərtib edilərkən istisnasız olaraq onların sürücülük vəsiqəsi alınaraq (əvəzində müvəqqəti icazə vərəqəsi verilməklə) protokola əlavə edilməlidir.

Bir sıra hallarda toxunulmazlıq hüququ olan şəxsə xidmət edən nəqliyyat vasitəsi bu şəxsin özü deyil, sürücüsü tərəfindən idarə olunmaqla yol hərəkəti qaydalarının pozulmasına yol verilir. Belə hallarda nəqliyyat vasitəsinin saxlanılması, ona baxış keçirilməsi istisna olmaqla, sürücü barəsində törətdiyi əmələ uyğun istənilən tədbirlər görülməsi (onun tutulması, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması, şəxsi axtarışı) və inzibati xətanın sənədləşdirilməsi adi qaydada, qanuna uyğun həyata keçirilməlidir.

Maraqlı məsələlərdən biri toxunulmazlıq hüququ olan şəxslərin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi halda hansı tədbirin görülməsidir. Bununla bağlı qanunvericiliyimizdə boşluq var. Lakin kimliyindən asılı olmayaraq hər hansı şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi son dərəcə təhlükəlidir və bunun qarşısı alınmalıdır. Ona görə də toxunulmazlıq hüququ olan şəxslər sərxoş vəziyyətdə olmasını güman etməyə aşkar əlamətlər olduqda nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılmalı, daha sonra onlara sərxoşluq vəziyyətinin müəyyən olunması üçün müayinədən keçmə təklif olunmalıdır. Bu şəxslər DYP inspektorun həmin təklifindən boyun qaçırdıqda onların barəsində İnzibati Xətalar Məcəlləsinin 156-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta (sərxoşluğun müayinəsindən boyun qaçırmağa görə) haqqında protokol tərtib edilməlidir. Belə şəxsləri məcburi tibbi müayinəyə göndərmək, habelə onların idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq (mühafizə olunan duracağa göndərmək) olmaz, lakin onların sərxoşluq əlamətləri aşkar mövcud olduqda nəqliyyat vasitəsini idarə etmələrinə də yol vermək olmaz. Ona görə də inzibati xəta haqqında protokol tərtib edildikdən sonra həmin şəxsin nəqliyyat vasitəsi onun dəvət etdiyi müvafiq nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsə verilməlidir. Qeyd etdiyimiz hərəkətlər heç kəsin toxunulmazlıq hüququnu pozmur. Bununla belə, bu kimi halların qanunvericilikdə müfəssəl tənzimlənməsi zəruridir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh