Ara məsafəsi düzgün seçilmədikdə belə olur - İZAH

Yazarlar 23 Sentyabr 2014 08:55 Oxunub 9725
Ara məsafəsi düzgün seçilmədikdə belə olur - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minimal ara məsafəsi hərəkət sürətinin kəmiyyətinin yarısına və ya avtomobilin 2 saniyə ərzində qət edəcəyi məsafəyə bərabər olmalıdır

Bu gün məlumat yayılıb ki, “Yol hərəkəti haqqında” Qanuna ara məsafəsi ilə bağlı dəyişiklik edilməsi planlaşdırılır. Bəri başdan qeyd edim ki, bu dəyişiklik sırf texniki xarakter daşıyır. Həmin dəyişiklik sadəcə olaraq ara məsafəsinin eyni zolaqda bir-birinin ardınca gedən nəqliyyat vasitələrinə aid olduğunu dəqiqləşdirəcək. Başqa bir yenilik yoxdur.

Bu məlumatı gördükdən sonra ara məsafəsi ilə bağlı fikirlərimi bölüşmək istədim, çünki yollarımızda ara məsafəsi ilə bağlı məsələ biabırçı durumdadır. Ara məsafəsinin nə olduğunu və buna riayət edilməsinin qaydasını yol hərəkəti qaydalarının şərhinə dair kitabımda geniş izah etmişəm. Oradan bəzi məqamları diqqətinizə çatdırmaq istərdim.

Ümumiyyətlə, yol hərəkəti qaydaları ara məsafəsinin sabit kəmiyyətini müəyyən etmir, bunu etmək də mümkün deyil. Hər bir sürücü ara məsafəsini hərəkət sürətinə düz mütənasib olaraq seçməlidir, yəni sürət artdıqca ara məsafəsini də artırmaq lazımdır. Mütəxəssislər hesab edirlər ki, eyni sürətlə hərəkət edən, texniki göstəriciləri (kateqoriyası, tormoz sisteminin növü və s.) yaxın olan nəqliyyat vasitələri arasındakı minimal ara məsafəsi HƏRƏKƏT SÜRƏTININ KƏMIYYƏTININ YARISINA və YA AVTOMOBILIN 2 SANIYƏ ƏRZINDƏ QƏT EDƏCƏYI MƏSAFƏYƏ bərabər olmalıdır. Məsələn, hər ikisinin tormoz sistemi eyni olmaqla bir-birinin ardınca gedən iki minik avtomobili arasındakı minimal məsafə onların sürəti 60 km/saat olduqda 30 m, 90 km/saat olduqda isə 45 m olmalıdır və s. Amma məsələn, yüklənmiş vəziyyətdə yük avtomobili ilə minik avtomobilinin arxasınca gedərkən bundan də artıq ara məsafəsi saxlamaq zəruridir, çünki maneə olduqda minik avtomobili daha qısa məsafədə tormozlanacaq və yük avtomobili onu vuracaq. 

Bəzi mənbələrdə bu kəmiyyət əvəzinə optimal ara məsafəsi kimi mövcüd sürətlə avtomobilin 2 saniyə ərzində qət edəcəyi məsafə məsləhət görülür. Əslində bunlar təxminən eyni məsafədir. Məsələn, sürəti 60 km/saat olan avtomobil 2 saniyəyə təqribən 33 metr məsafə qət edir ki, bu da yuvarlaq götürüldükdə elə təxminən 60-ın yarısı deməkdir.

Bəzi sürücülər düşünürlər ki, qabaqdakı nəqliyyat vasitəsi də gedir və tormozlandıqda o da dərhal yox, dayanma məsafəsini keçdikdən sonra dayanır ki, bu da lazımi tədbirlər görmək üçün yetərlidir. Belə düşünənlər üçün iki məqamı xüsusi vurğulamaq istəyirəm: 1) hər kəs bilir ki, qabaqdakı nəqliyyat vasitəsinin tormozlanmağa başlaması yalnız stop-siqnal yandıqda bilinir və yalnız bundan sonra arxadakı sürücü zəruri tədbirlər görməyə başlayır. Bu halda arxadakı sürücünün reaksiya müddəti ərzində, yəni orta hesabla 1 saniyə müddətində onun idarə etdiyi nəqliyyat vasitəsi əvvəlki sürəti ilə getməkdə davam edir. Bu isə məsələn, 90 km/saat sürət olduqda 25 metr deməkdir (yəni arxadakı sürücü əslində ən yaxşı halda qabaqdakı nəqliyyat vasitəsinə tərəf daha 25 metr getdikdən sonra tormozlamaya başlaya biləcək); 2) kiçik ara məsafəsi həvəskarları bilməlidirlər ki, qabaqdakı nəqliyyat vasitəsi, çox nadir hallarda olsa da, bəzən ani olaraq da dayana bilər (məsələn, üzbəüz toqquşduqda, statik maneəyə dəydikdə və s.). Belə halda ara məsafəyə dair tələbin cüzi pozulması onunla toqquşmanı qaçılmaz edəcək. 

Arxadan gələn sürücünün ara məsafəsini pozduğunu gördükdə nə etmək də maraqlıdır. Belə hal təhlükəli olduğundan onu istisna etmək üçün ayağı sadəcə tormoz pedalına qoymaq lazımdır ki, arxadakı sürücü stop-siqnalı görsün. Daha sonra çox xəfif şəkildə sürəti azaltmaq və stop-siqnal verməyi davam etmək lazımdır. Lakin heç bir halda sərt, hətta nisbətən ciddi tormozlama etmək olmaz. Belə etsəniz, arxadakı avtomobil ya sizi vuracaq, ya da qəflətən istiqamətini dəyişməyə məcbur olaraq qonşu zolaqlardakılarla toqquşacaq, yaxud yoldan çıxaraq aşacaq və s.

Xatırladım ki, hazırda çox tez-tez rast gəlinən zəncirvari qəzalar (eyni istiqamətdə gedən 3 və daha çox avtomobilin bir-birinə dəyməsi) məhz ara məsafəsinə dair tələbin pozulmasının nəticəsi olur. 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh