Azərbaycanda avtomobillərlə bağlı mühüm Beynəlxalq Müqavilə icra olunmur

Yazarlar 24 Oktyabr 2014 19:37 Oxunub 3453
Azərbaycanda avtomobillərlə bağlı mühüm Beynəlxalq Müqavilə icra olunmur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitələrinin ən geniş qrupunu təşkil edən avtomobillərlə bağlı standartlar yoxdur

Nəqliyyat vasitələrinin texniki təchizatı ilə bağlı ölkəmizin qanunvericiliyində ciddi problemlər var. Belə problemlərdən birincisi «Yol hərəkəti haqqında» Qanunda və başqa qanunvericilik aktlarında nəqliyyat vasitələrinin texniki təchizatına dair tələblərin olmamasıdır.

Xatırladaq ki, «Yol hərəkəti haqqında» Konvensiyaya 5 saylı Əlavədə avtomobillərə və qoşqulara aid texniki şərtlər nəzərdə tutulub. Bu problemin ikinci tərəfi nəqliyyat vasitələrinin ən geniş qrupunu təşkil edən avtomobillərlə bağlı ölkəmizdə standartların olmamasıdır. Belə standartlarda müxtəlif növ avtomobillərə dair minimal texniki tələblər, onların əsas konstruksiya elementləri, aqreqatları və mexanizmləri ilə bağlı ümumi texniki göstəricilər öz əksini tapmalıdır. Düzdür, bu sahədə müəyyən standartlar qəbul edilib (məsələn, ban şüşələri ilə bağlı AZS-122-2004 standartı), bəzi sovet dövründən qalma standartlar indi də tətbiq olunur, lakin həmin standartlar nəqliyyat vasitələri ilə bağlı bütün məsələləri əhatə etmir.

«Yol hərəkəti haqqında» Qanunun 1 saylı Əlavəsində yalnız nəqliyyat vasitələrinin istismarına yol verilməyən texniki nasazlıqlar sadalanır. Amma həmin texniki nasazlıqların olub-olmaması faktı nəqliyyat vasitələrinə dair texniki tələblər və standartlar üzrə müəyyən edilə bilər. 

Bu problemin həlli isə çox sadədir. Ölkəmiz 12 fevral 2002-ci il tarixli Qanunla "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında" beynəlxalq Müqaviləyə qoşulmuşdur. 1958-ci il martın 20-də Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində hazırlanmış və imzalanmış bu Müqavilənin 1-ci maddəsində deyilir ki, Müqavilə Tərəfləri bütün Müqavilə Tərəflərindən təşkil olunmuş İnzibati Komitə vasitəsi ilə təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün Qaydalar müəyyənləşdirəcəklər.

Bu Beynəlxalq Müqavilənin istinad olunan maddəsini və başqa normalarını nəzərdən keçirəndə aydın olur ki, həmin Müqaviləyə qoşulan dövlətlər BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq etməlidirlər. Bu yolla BMT-nin Avropa İqtisadi Komissiyasının hazırladığı həmin qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır.     

Məlumat üçün bildirirəm ki, BMT-nin Avropa İqtisadi Komissiyası yaradıldığı vaxtdan indiyədək nəqliyyat vasitələrinin müxtəlif avadanlıqlarına, hissələrinə, detallarına aid çoxlu sayda kifayət qədər müfəssəl qaydalar işləyib hazırlamışdır. Texnologiyaların inkişafı nəzərə alınmaqla həmin qaydalara zəruri dəyişikliklər edilir. Dünyanın əksər dövlətləri bu qaydalara sadəcə milli standart statusu verməklə onları öz ərazilərində tətbiq edirlər. 

Bizim ölkəmizdə isə çox qəribə təcrübə formalaşmışdır. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində avtomobillərlə bağlı bir neçə standart işlənib hazırlanmışdır. Qəribəsi isə budur ki, həmin Komitə Azərbaycan Konstitusiyasını kobud şəkildə pozaraq bu standartları dərc etmir. Hətta həmin standartlarla tanış olmaq istəyənlər üçün onların kifayət qədər sanballı qiymətə sadıldığını deyirlər. 

Beləliklə, hazırda ölkəmizdə bu sahəyə məsul olan qurumlar Azərbaycanın 12 fevral 2002-ci il tarixdə qoşulduğu Beynəlxalq Müqaviləni icra etmirlər. Onsuz da avtomobillərlə bağlı standart adı ilə velosipedi təkrar kəşf etməyə ehtiyac yoxdur. Əslində bu, heç mümkün də deyil. Çünki dünyanın bütün avtomobil şirkətləri, habelə avtomobillər üçün ehtiyat hissələri, avadanlıq və detallar istehsal edən şirkətlər öz məhsullarını Avropa İqtisadi Komissiyasının qaydalarına uyğun istehsal edirlər. Ona görə də həmin qaydaları sadəcə ana dilimizə tərcümə edərək milli standart statusu vermək lazımdır. Özü də bundan sonra həmin qaydaları seyfdə gizlədərək pulla satmaq yox, Konstitusiya və qanunlarımıza uyğun şəkildə dərc etmək lazımdır ki, hamı onlarla tanış ola bilsin. 

Məlumat üçün bildirirəm ki, hazırda ölkəmizdə avtomobil həvəskarlarının geniş müzakirə etdiyi pərdə-plyonka söhbəti adını çəkdiyim beynəlxalq Müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinin nəticələrindən biridir. Belə ki, əvvəllər də toxunduğumuz kimi, Avropa İqtisadi Komissiyasının 43 saylı Qaydalarında avtomobillərin ban şüşələrinə dair texniki standartlar və şərtlər müəyyən olunur. Həmin Qaydalarda sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələr üçün şəffaflıq normalaşdırılmır. Ölkəmizin səlahiyyətli qurumu bu Qaydaları milli standart kimi tətbiq etmədən, məzmunca bir qədər fərqli, özü də sovet dövründə hazırlanan standarta yaxın milli standart hazırlamışdır.  Bizim milli standart isə həmin məsələyə başqa cür yanaşır. Nəticədə son 10 ildə Azərbaycanda avtomobil həvəskarlarının ən aktual mövzularından biri olan pərdə-plyonka söhbəti bu gün də davam edir. 

Beləliklə, yubanmadan qoşulduğumuz Beynəlxalq Müqavilənin şərtlərinə riayət edərək Avropa İqtisadi Komissiyasının hazırladığı qaydaların ölkəmizdə tətbiqinə keçmək lazımdır. Bununla da ölkəmizdə avtomobillərə dair standart və texniki şərtlərlə bağlı problemlər birdəfəlik həll edilmiş olacaqdır. 

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh