Yol kənarlarında təhlükə; təpəmizi deşən təpələr

Yazarlar 31 Oktyabr 2014 19:21 Oxunub 2085
Yol kənarlarında təhlükə; təpəmizi deşən təpələr
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəmir-beton və daşdan hörülən divarın arxasındakı süni yaşıl təpəciklər sürücülər üçün ciddi təhlükədir

Təxminən 2 il əvvəl Bakı-Sumqayıt yolunun hər iki tərəfində hərəkət hissəsinin bilavasitə kənarında dəmir-beton və daşdan divar hörülərək arxasında süni yaşıl təpəciklər yaradıldı. Sonra bu, dəb halını aldı və başqa yolların kənarlarında da təpəciklər peyda olmağa başladı. İlk baxışdan kreativ ideyadır, lakin son dərəcə təhlükəlidir, hətta insanların həyat və sağlamlığını aşkar risk qarşısında qoyur. Niyə?Beynəlxalq standartların və milli qanunvericiliyimizin tələblərinə əsasən, Bakı-Sumqayıt yolu kimi magistral əhəmiyyətli yolların hərəkət hissəsinin kənarında ən azı 3,75 metr enində yol çiyni, yəni ehtiyac olduqda avtomobillərin dayanması və ya hər hansı təhlükədən yayınmaq məqsədilə çıxması üçün ehtiyat zolaq olmalıdır. Bu zolaqdan sonra isə yolun kateqoriyasından asılı olaraq 25-60 metr enində mühafizə zolağı olmalıdır. Yol çiyni hər bir halda hərəkət hissəsi ilə eyni səviyyədə olmalı, orada hər hansı maneə olmamalı, nəqliyyat vasitələrinin tam rahat şəkildə yol çiyninə çıxması və hərəkət hissəsinə qayıtması mümkün olmalıdır. Yolun mühafizə zolağında isə yalnız yola xidmət edən, xüsusi icazə əsasında yolun ən təhlükəsiz yerlərində quraşdırılmış ayrı-ayrı obyektlər (yanacaqdoldurma məntəqəsi, avtotəmir məntəqələri və s.) ola bilər. Nəinki hərəkət hissəsinin bilavasitə kənarında, hətta mühafizə zolağında da avtomobillərin çırpılması zamanı ağır nəticələrə səbəb ola bilən iri kütləli statik maneələrin olması imkan daxilində istisna edilməlidir. Elə bu məqsədlə magistral xarakterli yolların mühafizə zolağındakı təbii maneələr (yarğanlar, təpəciklər, iri qayalar, iri gövdəli ağaclar və s.) imkan daxilində yığışdırılır, bu zolaqda çəmənlikdən, xırda kollardan və ağaclardan ibarət yaşıllıq sahələri (zəruri görünməni təmin etmək şərti ilə) salınır. Yolun kənarında yol çiyninin və mühafizə zolağının göstərilən vəziyyətdə (hər hansı təhlükəli maneə olmadan) saxlanılmasının məqsədi ondan ibarətdir ki, müəyyən səbəbdən (məsələn, qəflətən təkərin partlaması və ya idarəetməni itirməyə səbəb olan başqa texniki nasazlıq yaranması, sürücünün mürgüləməsi və s.) yolun hərəkət hissəsindən kənara çıxan avtomobil bu maneə ilə toqquşaraq ağır nəticəli yol-nəqliyyat hadisəsi baş verməsin. 

Yol çiynində və hərəkət hissəsinə yaxın mühafizə zolağında aradan qaldırılması mümkün olmayan təhlükəli maneə qaldıqda və ya təhlükəli təbii obyekt (məsələn, uçurum sahil, sərt qayalıq, iri gövdəli ağaclar və s.) olduqda həmin yerdə yolun kənarına tutucu sədd – elə həmin Bakı-Sumqayıt yolunun kənarlarında gördüyümüz metal konstruksiya çəkilir. Bu zaman tutucu sədd imkan daxilində hərəkət hissəsindən aralı, yol çiyni varsa, onun xarici kənarı ilə çəkilir ki, avtomobil bu və ya başqa səbəbdən hərəkət hissəsindən çıxdıqda dərhal həmin səddə dəyməsin. Həmin sədlərin texniki göstəriciləri ilə bağlı çox ciddi tələblər var. Sədd tutucu təyinatına malik olduğundan  ona çırpılan nəqliyyat vasitəsinin kinetik enerjisini uda bilməli, zərbədən sonra 1 metrə qədər yerdəyişmə etməklə tutuculuq qabiliyyətini saxlamalıdır (həmin sədd məhz belə yerdəyişmə edə bildiyindən çırpılan nəqliyyat vasitəsinin kinetik enerjisini uda bilir). Sədd ona çırpılan avtomobilin aşmasına, zərbədən sonra istiqamətini hərəkət hissəsinə dəyişərək başqa nəqliyyat vasitələri ilə toqquşmasına imkan verməyən xüsusiyyətə malik olmalıdır və s. Ümumiyyətlə, belə sədlər nəqliyyat vasitəsində olan sürücü və sərnişinlərin aldığı zədəni imkan daxilində minimuma endirməli, bir sözlə, yolun ən təhlükəli yerlərində həyat sığortası kimi çıxış etməlidir.

Məncə, qeyd olunanlar yol hərəkəti barədə ən primitiv təsəvvürə malik insan üçün də aydın olmalıdır. Bəs onda təhlükəsiz, rəvan və fasiləsiz hərəkət təşkil etmək vəzifəsini daşıyan, dövlətin bu məqsədlə ayırdığı külli miqdarda vəsaiti xərcləyən qurumlar nəyə görə yolun hərəkət hissəsinin bilavasitə kənarına dəmir-beton və daşdan divar çəkirlər? Bunu edən şəxslər ya hərəkət təhlükəsizliyi, avtomobil yolları və onlara aid tələblərlə bağlı heç bir məlumata malik deyillər, ya da bilərəkdən insanların həyat və sağlamlığı ilə oyun oynayırlar. Zənnimcə, külli miqdarda dövlət vəsaitini xərcləməklə yolda belə təhlükəli maneə yaratmağın başqa adı yoxdur. Axı istənilən iş zamanı ən önəmli və güzəştə gedilməsinə yol verilməyən məsələ insanların həyat və sağlamlığıdır.

Hərəkət hissəsinin kənarı boyunca çəkilən hasar ona çırpılan avtomobilin içərisindəki sürücü və sərnişinin sağ qalmaq şansını minumuma endirir. Təcrübədən məlumdur ki, idarəetməni itirərək yoldan çıxan avtomobil heç bir ciddi maneəyə çırpılmadan yüz metrə qədər yomalandıqda onun içindəki adam yüngül zədələrlə canını qurtara bilər, lakin ən müasir təhlükəsizlik sistemi olan avtomobil 60 km/saat-dan yuxarı sürətlə ağır kütləli statik maneəyə, o cümlədən yolun kənarındakı dəmir-beton və ya daş hasara dəydikdə onun içindəki adam sağ qalmaq üçün möcüzəyə ümid etməlidir. 

Belə hasarlar həm də başqa mənada təhlükəlidir. Sadə bir misal. Orta statistik insan gedərkən, hətta qaçarkən eni cəmi 50 santimetr olan xəyali bir zolaqla hərəkət edir, lakin bundan iki dəfə enli – 1 metr enində, hər tərəfi divar olan uzun dəhlizlə gedən insan qeyri-iradi olaraq pencəyinin və ya paltosunun ətəyini yığışdıraraq, adi halda olduğu kimi qollarını yellətmədən hərəkət edir, çox vaxt hətta bir çiynini qabağa verərək çəpəki yeriyir. Səbəb çox sadədir: insanın mümkün təhlükədən (divara sürtünməkdən) qorunmaq instinkti ön plana çıxır. Divarın yanı ilə avtomobil sürmək də belədir. Sürücü istər-istəməz divardan aralı keçməyə meyillənir və beləliklə növbəti hərəkət zolaqlarına çıxır. Deməli, hərəkət hissəsinin kənarına hasar çəkənlər faktiki olaraq hərəkət zolaqlarından birini qismən zəbt etmiş olurlar. Bu isə ləngimə və tıxaclar üçün zəmin deməkdir.

Belə təhlükəni başqa bir sadə misalla da göstərmək olar. Bütün dünyada, o cümlədən Vətənimizdə hərəkət qaydaları tunellərdə ötməni, hətta eyni istiqamətli zolaqlarda yerdəyişməni qadağan edir. Bunun yeganə səbəbi tuneldə bilavasitə hərəkət hissəsinin kənarı boyu divar olmasıdır. Deməli, cənab süni yaşıl təpəcik həvəskarları, siz faktiki olaraq Bakı-Sumqayıt yolunu, eləcə də ölkənin bir sıra başqa yollarını öz lazımsız hasarlarınızla tunelə çevirməkdəsiniz.

Təpələrin yaratdığı başqa bir təhlükə onlara qulluq edənlərdir. Yəqin, həmin təpənin yanında yolun hərəkət hissəsisndə dayanıb təpələri sulayan maşınları görmüşsünüz. Həmin avtoçənlər həm tıxac və ləngiməyə səbəb olur, həm də dəfələrlə onlarla toqquşma hadisələri, hətta ölümlə nəticələnən qəzalar olmuşdur

Bakı-Sumqayıt yolu sovetlər dönəmində hər istiqamətdə iki hərəkət zolağı və iki tərəfində də lazımi endə yol çiyni olmaqla standartlara cavab verən şəkildə tikilmişdi. Beş-altı il bundan əvvəl buraxıcılıq qabiliyyətini artırmaq üçün həmin yol yenidən quruldu və bu zaman ciddi qanun pozuntularına yol verilərək yolun hər iki tərəfindəki yol çiyni hərəkət zolaqlarına çevrildi, yeni yol çiyni isə yaradılmadı (bu, «Yol hərəkəti haqqında» Qanunun 8-ci maddəsinin, AR Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli, 16 saylı Qərarının bir sıra normalarının kobud pozulması deməkdir). İndi bu yolun Biləcəri yaxınlığındakı hissəsində genişlənmə aparılır. 2 aya yaxındır ki, orada yeni zolaqlar istifadəyə verilib. Amma Bakiya doğru gələrkən avtovağzal döngəsi yaxınlığındakı, Bakidan gedərkən isə dəmiryolunun üstündən keçəndən sonrakı təpə əməlli-başlı sıxlıq yaradır. Bu təpələri isə sökmək istəyən yoxdur. Belə görünür ki, onların “sahibi” əməlli-başlı dirəşib.

Məni məyus edən həm də DYP-nin mövqeyidir. Bu qurumun əməkdaşları yoldakı bu əllaməliyi, o boyda təhlükəni niyə «görmürlər»? Cənablar, axı sizin icazəniz olmadan və sizinlə razılaşdırılmadan yola tökülən xəzəlin də süpürülməsini qanun qadağan edir. Məncə, bu təhlükəli özbaşınalığın qarşısını almaq üçün çox gecikmisiniz. Unutmayın ki, yolunun bu şəkildə daraldığını, həmin yaşıllığı sulamaq üçün dayanan avtoçənin yolu kəsərək tıxaca səbəb olduğunu görən sürücü ilk olaraq sizləri yada salır. Həmin avtoçənlə toqquşma nəticəsində qəza baş verdikdə ilk əl atılan yaxa da sizinki olacaqdır. 

Sonda demək istəyirəm ki, bu kimi özbaşına və təhlükəli əməllər cinayət-hüquqi baxımdan araşdırılma predmetidir. Əminəm ki, lazımi araşdırma aparan olsa, belə hallara yol verən şəxslər üçün Cinayət Məcəlləsinin maddələrindən yaxşı bir buket düzəltmək olar.

  

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh