İçib maşın sürdü, qəza törədib adam öldürdü – MƏHKƏMƏ BAŞLADI

Qaydalar 14 Noyabr 2014 15:40 Oxunub 2354
İçib maşın sürdü, qəza törədib adam öldürdü – MƏHKƏMƏ BAŞLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Mercedes» idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpıb, sərnişin ölüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol qəzası trətməkdə təqsirli bilinən Maştağa sakini, 1969-cu il təvəllüdlü Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Y. Həsənovun anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin mayın 31-də Maştağa-Buzovna yolunda, “Albalılıq” adlanan ərazidə qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə avtomobildəki sərnişin hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışmağa başlayıb. Ərazidə olan sakinlərin köməkliyi ilə avtomobil söndürülüb, yaralı sürücü və ölən sərnişinin meyiti avtomobildən çıxarılıb.

Daha sonra VAZ-21011 markalı naməlum avtomobil hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözləmədən meyiti və yaralı şəxsi hadisə yerindən uzaqlaşdırıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları meyitin və yaralı sürücünün axtarışlarına başlayıblar. Aparılan araşdırmalardan sonra sürücü və sərnişinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Avtomobili 45 yaşlı Yaqub Həsənov idarə edib. Qəza nəticəsində dünyasını dəyişən sərnişin isə 44 yaşlı Etibar Quliyevdir. Hər iki şəxs Maştağa sakinidir.

İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasına sərxoş vəziyyətdə əyləşməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh